VƏTƏNİNƏ ŞÖHRƏT GƏTİRƏN SƏNƏTKAR
Digər xəbərlər

VƏTƏNİNƏ ŞÖHRƏT GƏTİRƏN SƏNƏTKAR

"İstedad bir aləmdir, zəhmət bir aləm. Bu iki aləm bir-biri ilə qovuşanda milli sənət, ümumbəşəri sənət səviyyəsinə yüksəlir".

Görkəmli bəstəkarımız Fikrət Əmirovun bu fikri hörmətli bəstəkarımız Firəngiz Əlizadənin yaradıcılığında da öz təsdiqini tapır.

Təbii ki, bir çox sənətkarlarımız ölkəmizdə ən yüksək fəxri adlara, orden və medallara, fəxri fərmanlara layiq görülüblər. Bu da onların yüksək səviyyədə olan sənət göstəricilərinə verilən layiqli qiymət, mədəniyyətimiz üçün də ən gözəl uğurdur. Amma Firəngiz Əlizadə yeganə Azərbaycan bəstəkarıdır ki, o, dünyanın "Sülh" artistidir və dünya əhəmiyyətli ən yüksək mükafatlara layiq görülüb. Məsələn, "Aga Khan Music Award - 2019" (creation) Beynəlxalq Musiqi mükafatı yeganə Azərbaycan bəstəkarıdır ki, Firəngiz Əlizadəyə verilib. Təbii ki, bəstəkar, eyni zamanda ölkəmizin də ən nüfuzlu mükafatlarına, Əməkdar incəsənət xadimi, Xalq artisti, "Uğur", "Zirvə", AMEA-nın "Üzeyir Hacıbəyli" mükafatına, "Şöhrət" və "Şərəf" ordenlərinə və s. layiq görülüb.

Adıçəkilən bu və ya digər mükafatlar bəstəkarın istedad və zəhmətinin ifadəsidir. Bu iki amilin vəhdətində Firəngiz xanımın elmi bilikləri, humanist keyfiyyətləri, ictimai fəaliyyəti, bir neçə dildə sərbəst danışmaq bacarığı və bu kimi cəhətləri də mühüm yer tutur, bunlar da ümumbəşəri sənətin əsas məziyyətləridir. Bəs Firəngiz Əlizadəni ümumbəşəri sənətkar səviyyəsinə yüksəldən əsas göstəricilər hansılardır? Bu sualın cavabı onun Şərq modal təfəkkürünün Qərb konstruktivizmi ilə qovuşması nəticəsində ərsəyə gətirdiyi əsərlərinin uğurlu nəticələridir. Belə ki, bu əsərlər dünyanın məşhur musiqiçilərinin repertuarına daxildir. Bəstəkarın musiqisi Amerikadan Avstraliyaya kimi bütün qitələrdə məşhur orkestrlər, ansambllar, görkəmli musiqiçilər - Berliner Filarmonik, Kronos-Kvartet, Yo-Yo-Ma, Evelin Qlenni, Hilari Han və bir çox başqaları tərəfindən ifa olunur.

Planetimizdə çəkişmələrin və münaqişələrin olduğu bir vaxtda dünyanın bir çox ölkələrində Firəngiz Əlizadənin musiqisi böyük maraqla qarşılanır. Xarici mətbuatda da qeyd olunur ki, "O, Şərqlə Qərbin xüsusiyyətlərini birləşdirmək və sintez etmək kimi heyrətamiz istedada malikdir".

Ümumiyyətlə, Firəngiz Əlizadə bir bəstəkar kimi stereotipləri sevmir və onları yüksək peşəkarlıqla öz üslubu ilə əvəz edir. Bu cəhət hələ onun yaradıcılığa qədəm qoyduğu ilk dövrlərdən özünü göstərib. Hələ tələbəlik dövrlərindən o, mahir pianoçu kimi müasir musiqinin qabaqcıl bəstəkarların əsərlərinin notlarını əldə edərək, onların Bakıda ilk səslənməsinə nail olub. Con Keyc, Corc Kramb, Olivye Messian, Paul Hindemit, Arnold Şönberq, Alban Berq kimi bəstəkarların əsərlərini ilk dəfə Bakıda məhz Firəngiz Əlizadə ifa edib. Onu da qeyd etməliyik ki, həmin dövrdə adıçəkilən bəstəkarların əsərlərinin notlarını və lent yazılarını tapmaq, dinləmək və ifa etmək çox çətin idi. Gənclik dövründən müasir musiqinin ənənələrini mənimsəyən Firəngiz Əlizadənin pedaqoji fəaliyyətində də bu istiqamətdə tədris metodikası mühüm yer tutur. Onun vaxtilə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) müasir musiqidən dərs deyərkən etdiyi mühazirələr, indi də tələbələrin yaddaşından silinməyib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə vaxtilə Firəngiz xanımdan aldığı müasir musiqi dərsləri barədə danışarkən qeyd edir ki, məhz Firəngiz xanımın mühazirələri sayəsində biz tələbələr müasir musiqi barədə məlumatlanır və onun maraqlı dərs prosesi bizi bu istiqamətə çox həvəsləndirirdi. Hətta o, əsərlər barədə danışmaqla bərabər, onları çox məharətlə ifa edirdi.

Firəngiz Əlizadənin açıq dərslərinə tələbələrlə yanaşı, müəllimlər də maraq göstərirdilər. Bu, bir daha onun təsdiqidir ki, Firəngiz Əlizadənin yaradıcılığında müasir musiqinin təbliği və tədrisi mühüm yer tutur. Beləliklə, mahir pianoçu və gənc bəstəkar Firəngiz Əlizadənin müasir musiqiyə belə yüksək marağını görən müəllimi ölməz Qara Qarayev də tələbələri arasında avanqard üslubda əsər yazmaq üçün məhz ona izin verir.

Firəngiz Əlizadənin hələ tələbə ikən müasir üslubda yazdığı əsərlər onun yaradıcılığının kamillik dövründə də dünyanın məşhur ifaçılarının repertuarına daxil edilib. Hələ III kursda oxuyarkən XX əsr müasir musiqisinin banilərindən olan Alban Berqə həsr etdiyi fortepiano sonatasının 2010-cu ildə CD yazısı Fransada yenidən nəşr olunmuş və Alban Berqin 125 illiyi ilə əlaqədar nəşr olunan diskdə məşhur fransız pianoçusu İeva Yokubavicutenin ifasında lentə alınmışdır.

Firəngiz Əlizadənin yaradıcılığında belə uğurlu hadisələr çoxdur. Odur ki, dünyanın məşhur musiqiçiləri və musiqi alimləri bəstəkarın yaradıcılığına xüsusi maraq göstərir və onun barəsində çox dəyərli fikirlər söyləyirlər. Məsələn, 1980-ci illərdə alman mətbuatında belə bir yazıya rast gəlirik: "Çingiz Aytmatovun kitabları kimi Firəngiz Əlizadənin musiqisi Qərb üçün Şərqi kəşf edən bir xəzinədir".

Bu minvalla Şərqlə Qərbi qovuşdurmağa nail olan Firəngiz Əlizadə öz musiqisi ilə həm özünə, həm də Vətəninə daim şöhrət gətirib.

Azərbaycan bəstəkarının yaradıcılığı ilk dəfə olaraq Almaniyanın ali musiqi məktəblərinin tədris proqramına daxil edilib. Almaniya dünya musiqisində görkəmli yeri olan dahi bəstəkarların vətənidir. İ.S.Bax, L.V.Bethoven, İ.Brams və bu kimi dünya səviyyəli alman bəstəkarlarının yaradıcılığı yüksək professionallığın parlaq nümunəsidir. Bu adlarla yanaşı, Almaniyanın ali musiqi ocaqlarının tədris proqramına görkəmli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin "Muğam Sayağı" əsərinin öyrənilməsinin daxil edilməsi böyük əlamətdar hadisədir.

Belə bir tarixi hadisə Firəngiz xanımın fitri istedadının və zəhmətinin bəhrəsidir. Bu istedadı duyan dünya musiqiçiləri vaxtaşırı olaraq bəstəkara yeni-yeni əsərlər sifariş edirlər. Dünyada yeganə müsəlman bəstəkarı olaraq Firəngiz xanıma Passion janrında əsər yazılmasının "Amsterdam Royal Concertgedow" mədəniyyət təşkilatı tərəfindən sifariş olunması və "NƏSİMİ passionu" əsərinin yaranması məhz bu fikrin əyani ifadəsidir. Daha bir nümunə bu ilin iyununda keçirilən 74-cü "Aldeburgh Festivalı"nda macar bəstəkarı Dyerd Ligetinin (György Liget, 1923-2006) anadan olmasının 100 illiyinin qeyd edilməsi ilə bağlıdır. Bu əlamətdar tarix münasibətilə festivalın təşkilat komitəsi ən məşhur müasir bəstəkarlara yeni əsərlər sifariş etmişdir. Əsərlərin premyerası "The Red Hause"da LİGETİ Quartetin ifasında səslənmişdir. Benoit Delberq (Fransa), Xiaoyoung Chen (Çin), Manfred Stahnke (Almaniya), Rolf Hind (İngiltərə) kimi bəstəkarların adları sırasında Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin (Franghiz Ali-Zadeh) adının olması çox əlamətdardır. O, D.Ligetinin yubileyinə "Fanfares for Ligeti"ni həsr etmişdir. Yubiley münasibətilə yazılan bütün əsərlər böyük dinləyici publikasına ingilis musiqiçiləri tərəfindən yüksək səviyyədə təqdim edilmişdir.

Ümumiyyətlə, Firəngiz Əlizadə musiqisi daim dünya səhnələrində geniş yer alıb. "Sikorski Musicverlage" - Almaniya musiqi nəşriyyatının əsasını qoyan və uzun illər rəhbəri olan professor Qans Sikorskinin qeyd etdiyi kimi, "Firəngiz Əlizadə müsəlman dünyasının yeganə nümayəndəsidir ki, Avropa və Amerikanın Konsert səhnələrində və musiqi həyatında yüksək nüfuza malik olan bəstəkardır". Qans Sikorskinin bu fikirləri Almaniyada təşkil olunmuş konsertlərdə bir daha öz təsdiqini tapır. Belə ki, bu yaxınlarda Bamberq, Münhen və Dortmund şəhərlərində Firəngiz Əlizadənin yeni əsəri - "Overcoming" ("Müqavimət") Laxav Şaninin (Lahav Shani) rəhbərliyi ilə böyük simfonik orkestrin ifasında səslənib.

Firəngiz Əlizadənin Bamberq Symphoniker - kollektivinin konsertlərində səslənən əsəri musiqi hadisəsi olmaqla yanaşı, həm də siyasi amilləri özündə ehtiva edir. Konsertlərdə Azərbaycan bəstəkarının əsəri ilə yanaşı, yəhudi bəstəkarı - Paul Ben-Haimin (Paul Ben-Haim), həmçinin alman klassiki Anton Bruknerin möhtəşəm 7-ci simfoniyası da səslənib. Əsərlərin müxtəlif dövrlərdə və müxtəlif məkanlarda yazılmasına baxmayaraq, bu bəstəkarların hər biri öz musiqisi ilə dünyada sülhün, əmin-amanlığın əbədi olmasını arzulayır və ifadə edir.

30 noyabr və 1 dekabr tarixlərində Bamberq və Dortmund şəhərlərinin başçıları çıxış edərək, "Şərqin güclü təfəkkürünə malik olan" görkəmli bəstəkarı - Firəngiz Əlizadənin dünya musiqi mədəniyyətinin inkişafındakı mühüm əhəmiyyəti - haqqında giriş sözü söylədilər.

Həmçinin 30 noyabr tarixində Azərbaycan bəstəkarının "Oasis" və "Dance" əsərlərini Monreal şəhərində Kanadanın məşhur "Molinari" kvarteti ifa edib. Gecədə kvartet musiqisinin məşhur bəstəkarları - Bela Batok və Klod Debüssinin əsərləri ilə yanaşı, görkəmli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin də əsərləri səsləndirib.

Beləcə, bütün yaradıcılığı boyu milli təfəkkürü, milli düşüncəsi ilə dünyada müasir musiqinin təmsilçisi olan Firəngiz Əlizadə yola saldığımız 2023-cü ildə də özünə və ölkəmizə yeni uğurlar gətirdi. Bütün bunlar bir tarixdir. Bu tarixi əks etdirən faktlar isə Azərbaycan musiqi mədəniyyətinin silinməz səhifələridir.

Səadət TƏHMİRAZQIZI, 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi.