Azərbaycanın qardaş ölkəyə yardımları Türkiyə mediasının diqqət mərkəzindədir
Digər xəbərlər

Azərbaycanın qardaş ölkəyə yardımları Türkiyə mediasının diqqət mərkəzindədir

Türkiyə mediası Azərbaycan Prezidentinin və xalqının qardaş ölkədə təbii fəlakət baş verən bölgələrə yardımlarına, göstərdiyi maddi-mənəvi dəstəyə dair informasiyalara geniş yer ayırmağa davam edir.

AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyində dərc olunan "Əminə Ərdoğandan Azərbaycana, BƏƏ və Qətərə təşəkkürlər" sərlövhəli məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın zəlzələdən əziyyət çəkən bölgələrə göstərdikləri dəstəyə görə birinci xanım Mehriban Əliyevaya, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin anası Şeyxə Fatimə bint Mübarəkə və Qətər əmirinin anası Şeyxə Moza bint Naserə təşəkkür etdiyi bildirilib. Qeyd edilib ki, digər paylaşımında Əminə Ərdoğan göstərdiyi dəstəyə görə Azərbaycana və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirərək yazıb: "Dərdiniz dərdimizdir" deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. İlk gündən humanitar yardım təyyarələri, xüsusilə də axtarış-xilasetmə qrupları ilə bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban xanım Əliyevaya dəstəyə görə təşəkkürümü bildirirəm".

Agentliyin yayımladığı "Türkiyənin xarici nümayəndəliklərində zəlzələdən zərər çəkənlərə yardım səfərbərliyi" sərlövhəli materialda Azərbaycanda intensiv yardım kampaniyasının həyata keçirildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, azərbaycanlılar yardım işlərində fəal iştirak edirlər.

 "cnnturk.com" saytında dərc olunan "Heydər Əliyev Fondundan Türkiyədə zəlzələdən zərərçəkənlərə 105 ton humanitar yardım" sərlövhəli xəbərdə Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə qardaş ölkəyə göndərilən yardımlardan bəhs edilir. Bildirilir ki, zəlzələ bölgəsinə gedən yük təyyarəsində çadırlar və qızdırıcılar daşınır. O cümlədən Heydər Əliyev Fondu tərəfindən fevralın 9-dan etibarən zəlzələdən zərər çəkmiş insanlar üçün müxtəlif dərman vasitələri, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qış çadırları, generatorlar, istilik radiatorları, açıq hava qızdırıcıları, dizel yanacağı qızdırıcıları, müxtəlif material və avadanlıqlar göndərilir.

"haber7.com" saytında yerləşdirilən "Azərbaycan əsgərlərindən "Ürəyimiz Türkiyədə" mesajı" başlıqlı materialda Pakistanda təlimdə olan azərbaycanlı hərbçi Balakişiyevin "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraşdakı zəlzələlərlə bağlı təəssüratları oxuculara çatdırılıb. Hərbçimiz qeyd edib: "Türkiyənin dərdini öz dərdimiz kimi görürük. Təlim üçün komanda olaraq buradayıq, amma ürəyimiz Türkiyədədir. Zəlzələ səbəbindən türk əsgərləri təlimə gələ bilmədilər, lakin onların gözləri arxada qalmasın. Biz burada təkcə Azərbaycanı deyil, qardaş ölkə Türkiyəni də təmsil edirik".

"trthaber.com" saytında dərc olunan məqalədə "yardım dolu avtomobili ilə tanınan azərbaycanlı" Sərvər Bəşirlinin Türkiyəyə gedərək orada zərərçəkənlərə yardım göstərməsindən bəhs edilir. Bildirilir ki, Sərvər Bəşirli artıq Adıyamandadır və zəlzələdən zərər görənlərə könüllü olaraq yardım göstərir.