Xalqın sevimli bəstəkarı
Tarixi şəxsiyyətlər

Xalqın sevimli bəstəkarı

Tanınmış bəstəkar, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti, "Şöhrət" və "İstiqlal" ordenli Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb, 1953-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

O, bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə isə Simuzər Quliyevanın sinfində təhsilini başa vurub. Həmin təhsil ocağını iki ixtisas üzrə bitirən bəstəkar əmək fəaliyyətinə 1958-ci ildə Radio və Televiziya Verilişləri Komitəsində musiqi redaktoru kimi başlayıb. Onun sənət fəaliyyəti bundan sonrakı dövrdə də irəliləyən xətlə inkişaf edib. Bəstəkar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru vəzifələrində çalışıb. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib.

Ömrünü sənətə bəxş edən bəstəkarın mahnılardan tutmuş irihəcmli simfonik əsərlərədək müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılığı öz yüksək peşəkarlıq səviyyəsi və musiqi dilinin orijinallığı ilə diqqəti cəlb edərək geniş dinləyici kütlələrinin rəğbətini qazanıb. Vasif Adıgözəlovun əsərləri bu gün də dillər əzbəridir. Qoyub getdiyi irs bu gün gənc sənətkarlar tərəfindən həvəslə öyrənilir. Onun musiqi yaradıcılığı sanki dərin bir dəryadır. Əsərlər Azərbaycan sərhədlərini aşaraq Almaniya, Bolqarıstan, Meksika, Kosto-Riko, Venesuela, Kuba, Türkiyə, İran və dünyanın bir çox ölkələrinə yayılıb. Bunun nəticəsidir ki, hələ də bəstəkarın əsərləri müxtəlif beynəlxalq musiqi festivallarında məşhur dirijorların təfsirində səslənir, tanınmış görkəmli kollektivlərin və ifaçıların repertuarına daxil edilir, respublikamızın musiqi təhsili ocaqlarında tədris olunur.

Şübhəsiz ki, onun yaradıcılıq qabiliyyəti Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatması ilə birbaşa əlaqədardır. Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərib.

Bəstəkar "Ölülər" və "Natəvan" operalarının, o cümlədən "Nənəmin şahlıq quşu", "Hacı Qara" (həmmüəllif R.Mustafayev), "Boşanaq, evlənərik", "Aldın payını, çağır dayını" musiqili komediyalarının, həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir", simfonik poemaların, 6 instrumental konsertin bir çox kamera-instrumental əsərlərin, mahnı və romansların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

Bəstəkar simfonik musiqi sahəsində də tarixdə iz buraxan bir sıra əsərlər yaradıb. Dörd simfonik poeması var:  "Qəhrəmani" (1957), "Afrika mübarizə edir" (1970), "Mərhələlər" (1970), "Bayram uvertürası" (1978). Bütün bu sadaladığımız əsərlərdə bəstəkarın parlaq simfonizm nümayiş etdirməsi, dinamik inkişaf xətti, rəngarəng orkestr üslubu diqqəti cəlb edir. Bəstəkarın xüsusilə piano konsertləri onun bilavasitə pianoçu kimi yüksək ifaçılıq keyfiyyətlərinə malik olmasını bir daha sübut edir. O, hələ tələbəlik illərindən başlayaraq piano üçün prelüdlər, irihəcmli müxtəlif əsərlər yazıb. Bu gün bəstəkarın həm "24 prelüd" piano silsiləsi, həm də konsertləri respublika pianoçularının repertuarında özünə möhkəm yer tutur və musiqi tədrisi sistemində geniş istifadə edilir.

Vasif Adıgözəlov həm milli musiqimizi sevən, həm də doğma torpağımızın gözəlliklərini vəsf edən sənətkar olub. Belə ki, "Odlar yurdu" (1987), "Qarabağ şikəstəsi" (1989), Çanaqqala-1915" (1998) və "Qəm karvanı" (1999) oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə Çanaqqala qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət edib və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.

Görkəmli bəstəkarımız Vasif Adıgözəlovun irsi daim yaşadılacaq və Azərbaycan xalqı tərəfindən əsla unudulmayacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".