Xankəndi-Laçın yolundakı aksiya Azərbaycan gəncliyinin əzm və iradəsinin göstəricisidir
Digər xəbərlər

Xankəndi-Laçın yolundakı aksiya Azərbaycan gəncliyinin əzm və iradəsinin göstəricisidir

"İlk növbədə o gənclərə eşq olsun demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər". Bu fikirləri ölkə başçısı İlham Əliyev yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibə verərkən azərbaycanlı ekofəalların keçirdiyi dinc aksiyadan danışarkən deyib. Bu, Azərbaycan gəncliyinə, gələcəyinə olan diqqətin və qayğının təzahürüdür. Əlbəttə ki, yetişməkdə olan nəsil də bu diqqətdən stimul, güc alaraq apardığı haqq mübarizəsində öz əzmini, iradəsini nümayiş etdirir.

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq" qızıl, "Dəmirli" mis-molibden yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası davam edir. Aksiya iştirakçıları tələbləri təmin olunmayana kimi ərazini tərk etməyəcəklərini bildirirlər. Qışın sərt soyuqları, qarlı-şaxtalı hava belə gənc ekofəalları məqsədlərindən çəkindirmir. Bu, Azərbaycan gəncliyinin vətənpərvərliyi ilə bərabər, həm də əzmini, iradəsini təcəssüm etdirir.

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır", "Ekoloji cinayətə son!" və başqa şüarlar səsləndirilir.

Ötən il dekabr ayının 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycan İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmamışdır. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Təəssüf ki, Ermənistan sözügedən aksiyaya başqa don geyindirməyə çalışır. Dünya ictimaiyyətinə Xankəndidəki ermənilərin blokadaya alınmasını car çəksə də, ekofəalların etirazlara başladıqları ilk gündən aksiyanın dinc, humanitar mövqe daşıdığı dəfələrlə qeyd edilib. Yəni heç bir blokadadan söz gedə bilməz. Bu günə kimi hələ dinc ermənilərin Xankəndiyə gediş-gəlişinə mane olacaq hər hansı hadisə baş verməyib. Əksinə, erməni vətəndaşların ehtiyacları anında ödənilir, humanitar yardımlar təmin edilir. Nümunə kimi onu da qeyd edə bilərik ki, ötən ilin dekabr ayının 24-də səhər saatlarında səhhətində problem yaranan erməni körpənin Xankəndidən Ermənistana aparılmasına dərhal şərait yaradılmışdır. Ermənistandan Xankəndiyə dərman preparatları, tibbi ləvazimat, ərzaq məhsulları daşıyan avtomobillərin hərəkətinə aksiya iştirakçıları tərəfindən heç bir maneə törədilməyib. Xankəndidə yaşayan sadə erməni əhalisi bu gün də heç bir məhdudiyyət olmadan Laçın yolundan sərbəst istifadə edirlər. Azərbaycan humanist dövlət kimi hər zaman zorakılığın və şiddətin əleyhinədir. Hətta, Vətən müharibəsinin ən qızğın vaxtlarında belə ölkə başçısı İlham Əliyev orduya, Azərbaycan əsgərinə yalnız silahlı düşmən əsgəri ilə döyüşmək tapşırığı verirdi. Öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, dinc erməni vətəndaşları ilə işimiz yoxdur. Biz, döyüş meydanında vuruşuruq. Elə bunun sübutu olaraq da əsgərlərimiz həmişə öz humanistliklərini, sülhsevərliklərini döyüş mövqelərində nümayiş etdirmişlər. Azərbaycanlı ekofəalların keçirdikləri aksiyalar da dinc xarakterlidir. Burada heç bir blokadadan söhbət gedə bilməz.

Azərbaycan gəncliyi, ictimaiyyəti öz haqqını tələb edir. Ərazilərimizdə olan təbii sərvətlərimizin Ermənistan tərəfindən istismarına, talan edilməsinə son qoyulmasını istəyirlər. 

Xankəndinin aksiya iştirakçıları tərəfindən blokadada olmadığını sübut edən faktlardan biri də beynəlxalq müşahidəçilərin, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin şəhərə maneəsiz gediş-gəlişinin təmin edilməsidir. Əslində, beynəlxalq təşkilat və komitələrin əraziyə gəlməsi aksiya iştirakçılarının maraq dairəsindədir. Onların fikrincə, beynəlxalq təşkilatların da münasibətini bu problemin həllinə yönləndirmək separatizmin və ekoloji terrorun qarşısının alınması baxımından faydalı olardı. Bu baxımdan, ekofəallar beynəlxalq təşkilatların əraziyə cəlb olunmasına özləri şərait yaradırlar. Hətta, bütün beynəlxalq təşkilatları əraziyə dəvət edərək vəziyyətlə yerində tanış olmağa çağırırlar.

Azərbaycanlı ekofəalların dinc aksiyasını artıq dünyada da qəbul edir, dəstəkləyirlər. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Xankəndi-Laçın yolunda dinc etiraz aksiyasını dəstəkləyir və Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarını kəskin şəkildə pisləyir. Bildirilir ki, Ermənistan bu addımları ilə bütün üçtərəfli razılaşmaları pozur. Hətta, dinc aksiya keçirən azərbaycanlı ekofəallara dəstək olaraq İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumu zamanı orada yaşayan azərbaycanlılar tərəfindən dəstək nümayiş olunmuşdur. Azərbaycanlı fəallar Green Up təşkilatının Davosun mərkəzindəki Promenade küçəsində keçirilən dinc aksiyada həmrəylik nümayiş etdiriblər. Soydaşlarımız Xankəndi-Laçın yolunda aksiya keçirən azərbaycanlı ekofəallar və vətəndaş cəmiyyəti nümayəndələrinin irəli sürdükləri tələbləri əks etdirən plakatlar qaldırıblar. Küçə boyu yerləşdirilən şüarlar arasında "Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarını dayandırın", "Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun" tələbləri də yer alıb. Aksiya ilə maraqlanan insanlara Azərbaycan ərazilərində olan təbii sərvətlərin Ermənistan tərəfindən qanunsuz istismar edilməsi və mövcud vəziyyətin Azərbaycan ictimaiyyətində haqlı olaraq narazılıq doğurduğu barədə ətraflı məlumatlar verilib.

Qeyd etdiyimiz kimi, ekofəalların aksiyası yüksək əhvali-ruhiyyədə davam etdirilir. İlk gündən etibarən aksiya iştirakçılarının olduğu yolda hərəkətin sərbəstliyi tam təmin edilir və humanitar məqsədlər üçün açıq saxlanılır. Ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr, ümumilikdə bütün aksiya iştirakçıları yüksək əzm, qətiyyət nümayiş etdirirlər.          

Ramidə YAQUBQIZI,

"Respublika".