Yaşıl ağacın altından təcridxanaya - fırıldaqçı “dövlət naziri
Siyasət

Yaşıl ağacın altından təcridxanaya - fırıldaqçı “dövlət naziri" ifşa olunur

Biri var idi, biri yox idi... Rusiyada erməni milyarder Ruben Vardanyan adlı bir şəxs var idi. Bir gün Vardanyan qərara gəlir ki, illər ərzində əldə etdiyi gizli pulları yumaq vaxtıdır. Amma necə? Hə deyəsən, hər şey aydındır. Ən gözəl metod yalançı vətənpərvərlikdir. Heç vecinə də olmayan doğulduğu ölkə Ermənistan uzun müddətdir ki, Azərbaycanla münaqişə vəziyyətindədir. İşğalçı dövlətin başı 2020-ci ildə əzilib, amma Qarabağda "sonuncu mogikan"lar hələ qalıb. Bəlkə, gedib çirkli pulları yumaq ən ağlabatan fikir ola bilər. Orada bir yaşıl ağac da olmalıdı, internetdə tez-tez göstərilir. Həmin ağacın altında bir-iki cümlə Azərbaycanın ünvanına təhqir yağdırıb kütlə də qazanmaq mümkün olar. "Əla!".

Lakin həyatda hər şey "xoşbəxt sonluq"la bitmir. Zamanla öz çirkli həyatını ssenariləşdirmək istəyən Ruben Vardanyan ötən il "haqq toruna" ilişir. Üstəlik, hər dəfə ağacın altında Azərbaycanı hədələyən Vardanyan bu yaşıl ağacın əsl sahiblərini gec tanıdı. Guya, separatçıların "qədim tarixə" malik olduğunu göstərmək istəyən Vardanyan, əslində bir növ öz əli ilə saxta düşüncələri ifşa etdi. Bu gün Ruben Vardanyan başda olmaqla keçmiş separatçılar üçün nə o ağac var, nə də çirkli pullar...

"Milyarder-konformistdən səriştəsiz siyasətçiyə qədər. Ruben Vardanyan Azərbaycanda həbsə necə düşdü?". Ötən həftə dünyanın aparıcı media qurumlarından biri olan BBC separatçı milyarder haqqında geniş araşdırma materialı yayımlayıb. Təsvir isə belədir: "xeyriyyəçi və uzaqgörən obrazın arxasında 90-cı illərdən qara pullarla varlanan, özü üçün nəcib imici yaratmağa cəhd edən, fəaliyyəti isə çirkli pulların yuyulmasına yönəlmiş hiyləgər bir adam gizlənib". Bəli, nə qədər çalışsa da, "Çennay ekspresi"nə çata bilməyən fırıldaqçı "dövlət naziri"nin əsl siması elə onu "zirvə"lərə qaldıran Qərbin əli ilə ifşa edilir. Bu isə onu sübut edir ki, Ruben sadəcə bir fiqur idi, neçə yüz insandan biri. Yuxarıda qeyd edildiyi kimi, onun buna çox ehtiyacı var idi. Qazandığı "qara sərvət"in yuyulma vaxtı çatmışdı. Cənubi Qafqazda gedən siyasi prosesləri diqqətlə izləyən Qərb bloku üçün bu, "hazır tikə" idi. Bu gün isə Vardanyanın hər şeyi ifşa edəcəyindən qorxanlar onun üçün antitəbliğat kampaniyasına start veriblər. Həbs olunduğu ötən ilin sentyabrından bəri, əvvəllər onu "qəhrəman" adlandırsalar da, daha sonra bu imic "fırıldaqçı" sözü ilə əvəzləndi. Oyunu qaydalarına uyğun oynamayan təxribatçılar bu gün öz fiqurlarını bir-bir "ağ günə" çıxarmağa başlayır. Məhz BBC-nin sözügedən məqaləsi də buna hesablanıb. Yazıda onun illər boyu qanunsuz yolla qazandığı bütün sərvətlər haqqında dəlillər verilib.

İlk olaraq ondan bəhs edilib ki, Ruben Vardanyan özünün qurduğu investisiya şirkəti olan "Troyka Dialoq" və digər ofşor şirkətlər sistemi vasitəsilə qazandığı çirkli maxinasiyaları gizli şəkildə xaricə ötürür. Lakin artıq bu çirkli pulların xaricdə yuyulmasını həddən artıq riskli olduğunu görən Vardanyan rahatlıqla Rusiya vətəndaşlığından imtina edir və Qarabağa keçərək keçmiş separatçı rejimdə "vəzifə"yə yiyələnir. Başdan-başa şübhə doğuran ani "vətən sevgisi" təbii ki, əbəs deyildi. Öz niyyətindən əlavə, böyük geosiyasi oyunun içinə düşdüyünü isə Ruben gec anladı. Məqalənin növbəti hissəsində Azərbaycanın bu oyunu necə pozduğundan və Vardanyanın aradan çıxmasının qarşısının alınmasından danışılır. Geniş məqalə şəklində Ruben Vardanyanın fırıldaqlarından danışan BBC bütün detalları incəliklərinə qədər açıb: " Milyarder, iş adamı və "xeyriyyəçi" Ruben Vardanyan 3 aydan çoxdur ki, Azərbaycanda həbsdədir. O, 2022-ci ildə hamını təəccübləndirərək Moskvadakı sakit həyatından ayrıldı, Rusiya pasportunu təhvil verdi və Qarabağa getdi, orada "dövlət naziri" postunu tutdu. Təxminən bir il sonra Azərbaycan mübahisəli ərazini geri aldı və Vardanyan Azərbaycanın xüsusi dövlət orqanları tərəfindən həbs edildi. Milyarderlər haqqında məlumatların dərc olunduğu nüfuzlu "Forbes" jurnalında yeganə erməni olan Ruben Vardanyan ötən il Gorusa qanunsuz keçmək istəyərkən saxlanıldı.

Araşdırmalar zamanı məlum oldu ki, "Troyka Dialoq" bütöv ofşor şirkətlər sistemi yaradıb. Onların vasitəsilə nüfuzlu şəxslərin pulları gizli şəkildə xaricə ötürülürdü: jurnalistlər əsas "silahdaş" kimi musiqiçi Sergey Rolduqinin adını çəkirdilər. Uzun illərdir ki, araşdırmaçılar violonçel ifaçısını "etibarlı pul kisəsi", yəni kapitalının mühafizəçisi adlandırırdılar. R.Vardanyan 2012-ci ilə qədər rəhbərlik etdiyi "Troyka Dialoq Bank"la əlaqəli ofşor sxemlər vasitəsilə vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunub. OCCRP-nin araşdırmasına görə, şirkət müxtəlif ölkələrdə gizli hesablardan istifadə edərək vergi orqanlarından təxminən 8,8 milyard dollar gizlədib.

Hələ 2020-ci ildə rus müxalifətçi Aleksey Navalnının bir sıra şübhəli maliyyə əməliyyatlarının aparıldığı ofşorun tamamilə Ruben Vardanyana məxsus olduğu bildirilmişdi. Ofşorda izi itirmək üçün R.Vardanyan həmin əmlaka 3 milyard rubl ödəmişdi. Bundan başqa, Qarabağa köçən Ruben Vardanyan o dövrdə Rusiyadakı bütün var-dövlətini ailəsinin nəzarətinə vermişdi. 2022-ci ilin oktyabrında Vardanyan Rusiyanı tərk etdikdən dərhal sonra onun yəhudi həyat yoldaşı Zonabend Vardanyan əvvəllər səhmlərinə sahib olduğu bir neçə şirkətin ortaq sahibi oldu.

Vardanyan Rusiya ordusu üçün yük maşınları və zirehli maşınlar istehsal edən KAMAZ şirkəti ilə hələ də əməkdaşdır. 2021-ci ilə qədər KAMAZ-ın 24 faizi "Avtoinvest" şirkətinə məxsus idi. O, həm də KAMAZ-ın İdarə heyətindədir". "Transparency International" təşkilatından İlya Şumanov bildirib ki, o, pul çıxarmaqla məşğul olan və korrupsionerlərlə ortaqlıq edən bir şəxs kimi yox, xeyriyyəçi kimi görünməyə çalışırdı. Təbii ki, o dövrdə Vardanyanın öz mal-mülkünü atıb təcili Qarabağa getməsi heç də hamı tərəfindən "vətən sevgisi" olaraq dəyərləndirilmirdi".

Göründüyü kimi, öz "xeyirxah və uzaqgörən" qiyafəsinin içində gizlənən fırıldaqçı Ruben Vardanyanın əməlləri qərb tərəfindən ifşa olunur. Bu isə iflasa uğramış cinayətin izlərini itirmə variantından başqa bir şey deyil. Əgər, Ruben Vardanyan həqiqətən də "uzaqgörən" idisə, öz həbsini də görə bilərdi və qaçmağa cəhd etməzdi. 2022-ci ildə BBC-nin "Hard talk" verilişində Qarabağı "artsax" adlandırmasının nəticələrini də görə bilərdi. O vaxt aparıcı Vardanyanın bu ifadəsinə etiraz etmiş və dünyanın bu ərazini Qarabağ kimi tanıdığını bəyan etmişdi. Bütün bunlar isə onun illərdir aşılamağa çalışdığı "xeyirxah və uzaqgörən" siyasətin incə simlərinin qırılması deməkdir. Dələduz Ruben Vardanyan bu gün istintaq təcridxanasında çay içə-içə mövcud situasiyaya baxan zaman əslində necə bir geosiyasi oyunun içində olduğunu başa düşüb. Özünün bu oyunda sadəcə bir fiqur olduğunu da yəqin ki, anlayıb. Cənubi Qafqazda bütün gizli oyunları ifşa edən Azərbaycan isə onun üçün hələlik ən etibarlı yerdir. İstədiyi qədər çay içmək iqtidarında olan Ruben bu imtiyazdan çətin ki, vaz keçə...

Tacir SADIQOV,

"Respublika".