Yaşlıların sərvəti onların gənclərə örnək həyat təcrübəsidir
Sosial həyat

Yaşlıların sərvəti onların gənclərə örnək həyat təcrübəsidir

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i ölkəmizdə də Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

Bu günün təsis olunmasında məqsəd ahıl insanların sosial-məişət problemlərini, tibbi ehtiyaclarını öyrənmək və ictimaiyyətin diqqətini belə məsələlərin həllinə yönəltməkdir. Azərbaycanın böyüklərə hörmət, yaşlılara ehtiram ənənəsindən irəli gələrək istər ailədə, istərsə də cəmiyyətdə ahıllara xüsusi dəyər verilir, onların həyat təcrübələri gənc nəslə örnək kimi ötürülür. Qədim zamanlardan ağsaqqal, ahıl insanlar hörmətli, müdrik adamlar hesab olunurlar. Yaşlıların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür.

Cəmiyyətimizdə ahıllar və yaşlı insanlar daim qayğı və nəvazişlə əhatə olunublar. Bu qayğı ildən-ilə artır, ahıl vətəndaşların sosial vəziyyətlərinin, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, onlara müxtəlif növ xidmətlərin göstərilməsi, təminatlarının artırılması, cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Pensiya və müavinətlərin məbləğinin mütəmadi olaraq artırılması ahıllara davamlı dövlət qayğısının göstəricisidir. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək, nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından da zəruridir.

Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən etibarən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir. 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Qanun imzalanmışdır. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada yaşı 60-dan yuxarı 900 milyon insan var. Bu rəqəmin 2050-ci ilə qədər təxminən ikiqat artacağı güman edilir. Bir çox ölkələrdə, hər beş nəfərdən birinin yaşı 60-dan yuxarıdır. Azərbaycanda yaşı 65-dən yuxarı olan əhalinin sayı 756.4 min nəfər təşkil edir ki, bu da ölkə əhalisinin 7,5 faizi deməkdir.

Ölkəmizdə pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, o cümlədən "Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı", "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" və digər sənədlərə əsasən ahıllara qayğının artırılması sahəsində mühüm addımlar atılıb. "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na əsasən onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ahıllarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar Günündə bu kateqoriyadan olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi" layihəsi də dövlətin yaşlıların rifahının təmin edilməsi istiqamətində gördüyü işlərə mühüm dəstəkdir. Layihə çərçivəsində yaşlı, ahıl şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə dəstək üçün müxtəlif tədbirlər, proqramlar həyata keçirilir. Layihənin əsas uğurlarından biri kimi BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının siyasi icmal buraxılışında Azərbaycan fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələr sırasında təqdim edilməsini göstərmək olar.

Mustafa KAMAL,

"Respublika".