Yeni Azərbaycan Partiyasının yaranmasından 31 il keçir
Siyasət

Yeni Azərbaycan Partiyasının yaranmasından 31 il keçir

Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə mürəkkəb siyasi vəziyyət hökm sürürdü. Bu cür şəraitdə Yeni Azərbaycan Partiyasının yaranmasını mövcud vəziyyət tələb edirdi. Daha dəqiq desək, YAP xalqın arzu və istəklərinin ifadəçisi kimi yaranıb. Həmin dövrdə müstəqilliyi təhlükə altında qalan xalqımız, eləcə də bir qrup ziyalı Azərbaycanı yox olmaq təhlükəsindən xilas etmək üçün ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümumilikdə 91 nəfərin imza atdığı müraciətdə deyilirdi: "Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir". Bu müraciətdən sonra ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi cavab məktubunda Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il 21 noyabr tarixində Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi. Heydər Əliyev partiyanın Sədri vəzifəsinə təyin olundu. Həmin dövrdə hakim dairələr Yeni Azərbaycan Partiyasının fəaliyyətinə əngəl olmağa çalışsalar da buna nail ola bilmədilər.

YAP-ın yaranmasından bir il sonra isə Heydər Əliyev prezident seçkilərində xalqın səsini qazandı. Tarix bir daha çox çətin, məşəqqətli bir dövrdə yaranan Yeni Azərbaycan Partiyasının demokratik prinsiplər əsasında formalaşan cəmiyyətdə, çoxpartiyalı sistemdə layiqli yer tutduğunu sübuta yetirdi. Bir sözlə, Yeni Azərbaycan Partiyası qüdrətli Azərbaycanın yaranmasında əhəmiyyətli rol oynadı. YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Ümummilli lider öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Beləliklə, respublikada uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, Azərbaycan vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı söylədiyi fikirlər də bunu təsdiqləyir: "Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur".

YAP yarandığı gündən etibarən ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və uğurla tətbiq etdiyi proqrama uyğun fəaliyyət göstərir. Sözügedən proqram Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsini, ərazi bütövlüyünün təmin edilməsini, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasını, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmağı özündə ehtiva edir. Partiya son 31 ildə öz yolunu dəyişməyib. Bu gün Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən proseslərin mərkəzində dayanır. Ümumiyyətlə tarixi hadisələrə və reallıqlara nəzər yetirsək görərik ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib. 700 mindən çox üzvü olan YAP ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edir.

YAP cəmiyyətin avanqard siyasi qüvvəsi kimi xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələr verib. Partiya Azərbaycanın inkişafında, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir. Müasir Azərbaycan dövlətçiliyinin qorunması istiqamətində addımlar atan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi vəzifələri icra edir. 30 illik erməni işğalından azad edilmiş Qarabağın bərpası və yenidən qurulması, siyasi dialoq mühitinin dərinləşdirilməsi prosesinə yüksək səviyyəli dəstəyin verilməsi də bunun əyani sübutudur. Şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsis edilən və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdəki siyasi proseslərin mərkəzində dayanacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".