Yeni dünya düzəni və müasir Azərbaycan Beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq platformaları çərçivəsində mövqeyimiz getdikcə güclənir
Siyasət

Yeni dünya düzəni və müasir Azərbaycan Beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq platformaları çərçivəsində mövqeyimiz getdikcə güclənir

"Afrika ölkələri ilə əlaqələrimiz sürətlə inkişaf edir. Bir müddət əvvəl Afrika İttifaqında səfirliyimiz də açılmışdır". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. Bu günə qədər siyasi müstəvidə olduğu kimi, iqtisadi-ticari sahədə Afrika ölkələri ilə əlaqələrin o qədər də yüksək səviyyədə olmadığını vurğulayan dövlətimizin başçısı deyib: "Bunun yəqin ki, təbii səbəbləri var və hesab edirəm ki, təmaslar daha sıx olduqca, bu istiqamətdə də imkanlar dəyərləndiriləcək. Hər halda biz buna maraqlıyıq".

Dünya düzəni yenidən formalaşmaqdadır. Azərbaycanın xarici siyasəti də çağdaş beynəlxalq münasibətlər sisteminin çoxsaylı mürəkkəb və praktik elementlərini özündə birləşdirən, istisnasız olaraq milli maraqlara söykənən, təşəbbüskar, çevik, dinamik və çoxvektorludur. Afrika ölkələri ilə də siyasi, mədəni, eləcə də iqtisadi əməkdaşlıq Azərbaycan üçün aktualdır. Azərbaycan Respublikası 2011-ci ildə Afrika İttifaqında müşahidəçi statusu alıb. 2014-cü ildə isə Efiopiya Federativ Demokratik Respublikasındakı səfirimiz Azərbaycan Respublikasının Afrika İttifaqı yanında daimi nümayəndəsi təyin edilib. Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıq potensialı güclüdür və bu, Afrika ölkələri üçün də yeni ticarət tərəfdaşlarının yaranmasına böyük imkanlar açır.

Ölkəmiz ikitərəfli və çoxtərəfli əsaslarla Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının Zirvə Görüşündə Prezident İlham Əliyev bildirmişdi ki, üzv dövlətlərin milli maraqlarını, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Azərbaycanın Hərəkata sədrliyinin 2023-cü ilə qədər uzadılması barədə 120 ölkənin yekdil qərarı bu ölkələrin, o cümlədən Afrika dövlətlərinin ölkəmizə verdiyi dəstəyin və bəslədiyi hörmətin əlamətidir. Qeyd edək ki, pandemiya vaxtı təsisat tərəfindən 80-dən artıq ölkəyə yardım göstərilib. Onların əksəriyyəti Afrika qitəsi ölkələridir. Eyni zamanda Azərbaycan Afrika ölkələri üçün əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində yardım edib. Qoşulmama Hərəkatında Afrika ölkələri böyük əhəmiyyətə malikdir və Azərbaycan Hərəkata sədrlik etdiyi dövrdə bu məsələyə xüsusi diqqət yetirib.

Prezidentimizin qeyd etdiyi kimi, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə sürətlə inkişaf edib. Sirr deyil ki, son zamanlar Hərəkat tədricən deqradasiyaya uğramışdı və o, praktik olaraq xüsusi davamı olmayan müəyyən məsələlərin müzakirə platformasına çevrilmişdi.

Azərbaycanın sədrliyi dövründə isə Hərəkatın institusional inkişafı müşahidə olunur. Nəticədə həm BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı qətnamələrin qəbulunda, həm 30 illik işğal dövründə, həm də İkinci Qarabağ müharibəsi zamanı Afrika ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Afrikanın şimalı ilə möhkəm əlaqələri olan ölkəmiz cənub ölkələri ilə də əlaqələrini genişləndirmək perspektivini nəzərdən keçirir. Qitə dövlətləri ilə Azərbaycan arasında Cənub-Cənub əməkdaşlığı siyasi, iqtisadi, humanitar, elm, təhsil və digər sahələrdə yeni perspektivlər vəd edir.

Azərbaycan regional və qlobal proseslərdə ikitərəfli və çoxtərəfli münasibətlərə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşan, milli maraqlarından bir addım da geri çəkilməyən azsaylı dövlətlərdən biridir. Ən önəmli məqamlardan biri də ölkənin müstəqil siyasətinin milli maraqlara söykənməsi, bütün güc mərkəzləri tərəfindən qəbul edilməsi, hörmətlə qarşılanmasıdır. Azərbaycanın iqtisadi potensialının, coğrafi mövqeyinin mühüm geostrateji amilə çevrilməsi, təşəbbüslərinin rəğbətlə qarşılanması isə onun etimadlı, məsuliyyətli dövlət imicidir. Prezident İlham Əliyevin "Sözümüz imzamız qədər keçərlidir" deyimi Azərbaycan liderinin dövlət başçısı kimi xarakterini və mövqeyini ifadə edir. Bütün bunlar belə deməyə əsas verir ki, ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edən ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir.

M.MUSTAFAYEV,

"Respublika".