Yenidən qurulan yurd yerlərimiz
Siyasət

Yenidən qurulan yurd yerlərimiz

İşğaldan azad olunmuş ərazilərdə reallaşan layihələr Qarabağın işıqlı sabahının xoş müjdələridir

Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik hazırda ən yüksək səviyyədədir və bu, indiki liderlərin ən böyük nailiyyətidir. Bu fonda liderin tarixdə rolu bir daha təsdiqlənmiş olur. Azərbaycanla Türkiyə bu anlamda öz liderləri ilə bütün dünyaya örnəkdir. Bu iki lider həm öz ölkələrinin, həm də qardaş ölkə kimi bir-birinin qüdrətlənməsini, güclənməsini əməli addımlarla təmin edir.

Şuşa Bəyannaməsi iki qonşu, dost, qardaş ölkə arasında daimi müttəfiqliyin geridönməzliyinin, qarşısıalınmazlığının təsdiqidir. Bu tarixi sənəd göstərdi ki, iki qardaş ölkə bundan sonra da hər zaman bir yerdə olacaq, bir-birinin təhlükəsizliyini təmin edəcək.

Ölkə Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri bu torpaqların tarixən Azərbaycan xalqına məxsus olduğu və bundan sonra da əbədi olaraq belə qalacağı barədə bütün dünyaya mesajdır. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarda ölkə Prezidentinin rəhbərliyilə böyük quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışını təmin etmək üçün zəruri infrastruktur işləri görülür, yollar çəkilir, elektrik stansiyaları işə salınır, sosial obyektlər tikilir, “ağıllı kənd” layihəsi çərçivəsində kəndlər yenidən dirçəldilir. Prezidentin bölgəyə hər səfərində yeni-yeni obyektlərin açılışı olur, yaxud təməlqoyma mərasimləri keçirilir. Belə tədbirlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı isə artıq ənənə halını alıb. Türkiyə dövlətinin başçısının mədəniyyət paytaxtımız Şuşaya, eləcə də Füzuliyə, Zəngilana səfərləri əsl tarixi hadisəyə çevrilib. Türkiyə Prezidenti Şuşa Bəyannaməsinin imzalanma mərasimindən sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında oldu. Bu il oktyabrın 20-də isə işğaldan azad edilmiş ərazilərdə sayca ikinci olan Zəngilan Beynəlxalq Hava Limanının açılışını da iki qardaş ölkənin lideri birgə etdilər. Qardaş ölkənin rəhbəri, həmçinin bir sıra obyektlərin açılışında və təməlqoyma mərasimlərində də azərbaycanlı həmkarının yanında oldu. Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı zamanı Prezident İlham Əliyev demişdir: “Bu gün Zəngilan rayonunun tarixində unudulmaz bir gündür. Qardaş ölkənin sayın cümhurbaşqanı, qardaşım Rəcəb Tayyib Ərdoğan Zəngilana təşrif buyurub. Bu, bizim üçün böyük bayramdır, bütün Azərbaycan xalqı üçün böyük bayramdır”.

Dövlət başçısının dediyi kimi, Türkiyə Prezidentinin ölkəmizə hər səfəri yaddaqalan olur və həqiqi mənada təntənəyə çevrilir. Axı, dost gəlişi bayram olar...

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qardaş Azərbaycana gəlişindən məmnunluq duyduğunu ifadə edərək: “Mən başda İlham qardaşım olmaqla “Dost Aqropark”ın rəhbərlərinə çox-çox təşəkkür edirəm, onları təbrik edirəm. İnşallah, bu torpaqların bərəkətli torpaqlar olaraq əbədi qalmasını diləyirəm. Gördüyünüz kimi, indi əlimdə qızıl qulplu qayçı var. Bu, ikincidir. Hava limanını açarkən bir dənə aldıq, birini də indi aldıq. Aqroparkımız xeyirli olsun”.

Beləliklə, müharibədən sonrakı Qarabağın inkişafı istiqamətində genişmiqyaslı layihələr reallaşdırılır. Bərpa- quruculuq və yenidənqurma işlərinə bütün tərəfdaşlar və marağı olan ölkələr cəlb edilir. Konkret müqavilələr var və bu işə, Qarabağın bərpası prosesinə xarici ölkələrin marağı da artır. Azərbaycanın sevincini bölüşən və Qarabağın bərpasına töhfə vermək istəyən qardaş və dost ölkələr də erməni vandalizminin izlərini silməyə hazır olduqlarını bildirirlər. Azərbaycana səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı bildirmişdi ki, azərbaycanlılar Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar: “Amma onlar hər yeri dağıtdılar. Onların dağıtdıqları yerləri Azərbaycan yenidən inşa edir. Birlikdə onları inşa edəcəyik və yeni Qarabağ ortaya gətirəcəyik”. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar açmışdır. Ümid edirik ki, xalqımız qardaş və dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaq. Qardaş Türkiyə bu işdə də Azərbaycanın yanında olacaq.

Oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də bu baxımdan yaddaqalan oldu. Onların iştirakı ilə açılışı olan, təməli qoyulan obyektlərin, layihələrin müxtəlifliyi isə bu yerlərə tezliklə həyatın qayıdacağından xəbər verir. Həmin gün dövlət başçısı və xanımı Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik və Dostluq Meşəsi” kompleksinin layihəsi ilə tanış olublar. Tanışlıq çərçivəsində rayon ərazisinə 18 baş ceyran buraxılıb. Sonra Qubadlı rayonunun Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri komplekslərinin təməlini qoyublar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı barədə məlumat verib.

Prezident İlham Əliyev Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsinin istifadəyə verilməsi ilə bağlı tədbirdə iştirak edib, Cəbrayılda 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Qubadlıda isə “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub. Qeyd edək ki, bu layihələr Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 21-ci iclasında Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən aşağı hissədə su anbarının yaradılması və magistral boru kəmərinin tikintisi məqsədilə verilmiş tapşırıqların icrası olaraq ASC tərəfindən hazırlanıb, həmçinin layihənin hazırlanmasında Türkiyənin “Suyapı” məsləhətçi şirkəti də iştirak edib. Səfər çərçivəsində Zəngilanın Ağalı kəndində olan dövlət başçısı və xanımı kənd məktəbində müəllim və şagirdlərlə, sakinlərlə də görüşüblər.

Oktyabrın 19-da Zəngilan şəhərində ilk yaşayış və məktəb binalarının da təməli qoyulub. Dövlət başçısı və xanımı hər iki obyektin təməlqoyma mərasimində iştirak ediblər. Bütün bunlar isə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin tərkib hissəsi olmaqla, Qarabağın xoş gələcəyinin, işıqlı sabahının müjdələridir...

Zümrüd QURBANQIZI,
“Respublika”.