Yolunu azan Ermənistan: Qərb, yoxsa Rusiya?
Siyasət

Yolunu azan Ermənistan: Qərb, yoxsa Rusiya?

Moskva İrəvana daim etimad göstərib. Lakin 2018-ci ildən etibarən bu inam sarsıldı. Paşinyanın hakimiyyətə gəlişindən sonra İrəvan və Moskva artıq bir-birinə inanmır.  Ermənistan Azərbaycanla müharibəni Rusiyanın hərbi resursları hesabına aparıb. Daha sonra Ermənistanın Qərbə meyillənməsi səbəbindən  Rusiya bu ölkəyə əvvəlki kimi dəstək göstərmədi. Nəticədə tərəflər yollarını ayırmağa başladılar.

Tarix boyu Ermənistan rəsmi Moskva nə desə, o cür də hərəkət edib. Zaman-zaman anlaşılmazlıqlar olsa da ermənilərin  yenə də sığındıqları elə Rusiya olub. Lakin bu dəfə vəziyyət başqa cürdür. Rusiyanın sözündən çıxan Ermənistan Qərbə meyillənib. İstər İkinci Qarabağ müharibəsində, istərsə də ondan sonrakı dövrlərdə Ermənistan düşünürdü ki, Rusiya onların əvəzinə gəlib Azərbaycana qarşı döyüşməlidir. Lakin Rusiya prezidenti Vladimir Putin vurğulamışdı ki, müharibə Azərbaycan torpaqlarında gedir.

Onu da qeyd edək ki, 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) 6 postsovet dövləti üzvdür ki, Rusiya və Ermənistan da bura daxildir. Həmçinin Rusiyanın təşkilatın digər üzvlərinə öz ərazilərində xarici dövlətlərə məxsus yeni hərbi bazaların yerləşdirilməsinə veto qoymaq hüququ var. Üçüncü ölkəyə məxsus hərbi bazaların hər hansı KTMT üzvü olan dövlətdə yerləşdirilməsi üçün mütləq şəkildə təşkilatın qalan bütün üzvlərinin rəsmi razılığı olmalıdır. Elə məsələnin kuliminasiya nöqtəsi də məhz buradır. Qayda-qanunu yaxşıca əzbərləyə bilməyən Ermənistan öz istədiyi kimi hərəkət edir. Hazırda Fransanın hərbi qüvvələri rəsmi İrəvanın ərazilərində o baş, bu başa gedib-gəlir. Nikol Paşinyanın anti-Rusiya addımları bununla da bitmir. O, ölkəsinin KTMT-yə üzvlüyünün donduracağı mesajını əvvəlcədən vermişdi. Nizamnaməyə görə, hər bir ölkənin üzvlükdən çıxmaq hüququ var. Lakin üzv dövlət  təşkilatdan çıxmaqla bağlı ən azı altı ay əvvəl bildiriş göndərməlidir. Bundan sonra KTMT-nin ali orqanı olan Şurada səsvermə keçirilir. Belə olduqda üzvlükdən çıxmaq istəyən dövlətin səsi isə nəzərə alınmır. Yəni sözün əsl mənasında, Ermənistanın üzvlükdən çıxması məsələsi Şurada təmsil olunan ölkələrin əlindədir. Təşkilata üzv dövlətlərin təklifin əleyhinə səs verəcəyi təqdirdə, Qərb qonşumuz məcburən KTMT-də qalacaq.

Anti-Rusiya meyilləri təkcə Ermənistanın hakim dairələrində deyil, xalq arasında da özünü büruzə verir. Belə ki, erməni xalqı ölkənin bugünkü iflic durumunu Paşinyanın tez-tez "ağasını dəyişdirməsi" ilə əlaqələndirir. Hətta İrəvan daxilində elə bir fikir formalaşıb ki, Paşinyan vaxtikən Rusiyaya tərəf yönəlməklə dövlətin milli maraqlarına xəyanət edib. Bundan əvvəl Ermənistan əhalisinin əllərində afişalarla İrəvan küçələrinə etiraz məqsədilə axışdığı da müşahidə olunub. Bununla yanaşı, Hayastanın siyasi hakimiyyətdə olan rəsmilərinin açıqlamasında Rusiya əleyhinə fikirlər yer alıb. Amma ölkə daxilində Rusiya ilə bağlı düşüncələr bir-biri ilə ziddiyyət təşkil edir. Bəziləri Rusiyanı ittiham etsə də, bəziləri Paşinyan hakimiyyətini Moskvadan uzaqlaşdığı üçün qınayır. Məsələn, Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputat Andranik Tevanyan Moskvanın hədəfə alınmasına görə rəsmi İrəvanı dəfələrlə ittiham edib. Deputat ötən ilin yanvarında baş tutan parlamentin xarici əlaqələr komissiyasının iclasında çıxışı zamanı Ermənistanın təhlükəsizlik sisteminin çətin durumda olduğu bir şəraitdə hakimiyyətin anti-Rusiya isteriyasında olduğunu diqqətə çatdırıb. Tevanyan, həmçinin bildirib ki, Qarabağ ermənilərinin və Ermənistanın düşdüyü indiki ağır vəziyyət daha çox İrəvan rəhbərliyinin yanlış siyasətinin nəticəsidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada III Diplomatik Forumun yekunlarına dair mətbuat konfransında Şuşa haqda danışıb. Rusiya XİN rəhbəri qeyd edib ki, Ermənistan rəhbərliyi Moskva ilə münasibətləri korlamaq siyasətini davam etdirir və şüurlu şəkildə Qarabağda baş verənlərə görə Rusiyanı günahlandırmaq siyasətindən əl çəkmir: "Bu, əlbəttə ki, müttəfiq deyil. Ermənistan rəsmiləri 2020-ci ilin sentyabrında guya Azərbaycanı müharibəyə sövq edənin məhz Rusiya olduğunu uydururlar". Lavrovun söylədiklərindən bir daha bəlli olur ki, Ermənistan Qərbin sifarişi ilə indi də Rusiyaya qarşı qarayaxma kampaniyası həyata keçirir. Əslində rəsmi İrəvanın bu cür mövqe sərgiləməsi bir daha ölkənin xain xislətindən xəbər verir. Paşinyan hakimiyyəti dərk etmək istəmir ki, bununla ölkəni uçuruma sürükləyir. Şübhəsiz, bu, bir daha Ermənistan rəhbərliyinin şəxsi maraqları dövlətin gələcəyindən üstün tutduğunun əyani sübutudur.

Röya RÜSTƏMLİ,

"Respublika".