Zəngəzur dəhlizi regionda yeni səmərəli imkanlar yaradacaq
Siyasət

Zəngəzur dəhlizi regionda yeni səmərəli imkanlar yaradacaq

"Ən düzgün variant Mehri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni beləliklə onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir". Prezident İlham Əliyev  bu il yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsində bu fikirləri səsləndirib.

İkinci Qarabağ müharibəsinə son qoyan 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatın 9-cu maddəsində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Lakin 44 günlük müharibədən üç ildən artıq vaxt keçməsinə baxmayaraq, qarşı tərəf Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılması öhdəliyinə hələ də əməl etmir. 30 illik işğalçılıq siyasəti ilə regionda iqtisadi və nəqliyyat əlaqələrinin məhdudlaşmasına səbəb olan, eyni zamanda özünü qlobal layihələrdən kənarda qoyan bu ölkə postmüharibə mərhələsində də regionun inkişafına, ikitərəfli əlaqələrin şaxələnməsinə imkan vermir.

Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini möhkəmləndirməklə yanaşı, regionda əməkdaşlıq mühiti formalaşdıracaq Zəngəzur dəhlizinin açılması beynəlxalq əhəmiyyət kəsb edir. Təkcə region ölkələrinin deyil, bəzi dövlətlərin maraq dairəsində olan bu yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. 2021-ci il oktyabr ayının 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu dəhlizlə birləşəndən sonra Naxçıvan Muxtar Respublikası blokadadan çıxacaq, Azərbaycanın əsas hissəsi və eyni zamanda Türkiyə ilə birləşəcək. Həmçinin Rusiya Azərbaycan və Ermənistan ərazilərindən Türkiyəyə, Ermənistan isə dəmir yolu ilə Rusiyaya, İrana və Türkiyəyə çıxış əldə edəcək. Türkiyəni və Azərbaycanı dəmir və avtomobil yolu ilə, eyni zamanda Avropanı Asiya ilə birləşdirəcək Zəngəzur dəhlizindən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Bütün bunların fonunda Cənubi Qafqaz, Mərkəzi Asiya, bütövlükdə Avrasiya regionu özünün dinc, təhlükəsiz dövrünə qədəm qoyacaq. Qərbdən Şərqə uzanan Zəngəzur dəhlizi bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayacaq dəhliz ölkəmizi mühüm iqtisadi tərəfdaşa çevirəcək. Bu baxımdan Azərbaycan dəhlizin açılmasında prinsipiallıq və qətiyyət nümayiş etdirir.

Türk dünyası arasında körpü rolu oynayacaq Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti ondan ibarətdir ki, dəhliz vasitəsilə həyata keçirilən yükdaşımalar bütün ölkələr üçün faydalı olacaq. Belə ki, Çindən Avropaya və əks istiqamətdə yükdaşımalarda vaxta qənaət olunacaq, iqtisadi gəlir artacaq, dəhlizdən istifadə edən bütün dövlətlər mənfəət əldə edəcəklər. Nəticədə ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənəcək. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün regionda yeni nəqliyyat imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi səmərəli nəqliyyat infrastrukturu olmaqla, xarici şirkətləri regiona sərmayə yatırmağa cəlb edəcək.

Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 100 kilometr, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə isə 123,6 kilometrdir. Artıq Azərbaycandan Türkiyə və Avropa istiqamətinə gedən yolun tikinti işlərinin təxminən 70 faizi başa çatıb. Dəhliz boyunca bir çox istehsal sahələrinin, sənaye zonalarının yaradılması Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırmaqla yanaşı, həm də ticari-iqtisadi əlaqələrini genişləndirməklə ölkəmizə böyük həcmdə dividendlər gətirəcək. Bakı-Tbilisi-Qars dəmir yolundan sonra Azərbaycandan Türkiyəyə uzanan ikinci dəmir yolu olacaq Zəngəzur dəhlizinin açılması həm də iki qardaş ölkə arasında gediş-gəlişi asanlaşdıracaq, əlaqələrin genişlənməsinə daha böyük töhfələr verəcək. Türkiyədən başlayaraq quru yol xətti ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranmasını təmin edəcək dəhlizin istifadəyə verilməsi ilə türk dünyasının ümumi daxili məhsulunun həcmi artacaq, zəngin təbii resurslara malik böyük bazarın qapıları türk dünyasına açılacaq. Bütün bunlar regionda yeni əməkdaşlıq mühiti formalaşdıracaq.

Mehparə ƏLİYEVA,

"Respublika".