Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara hökm oxundu
Sosial həyat

Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara hökm oxundu

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub. 

“Respublika” xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər. Daha sonra erməni hərbçilər də son sözlərini deyib. 

Bunun ardınca məhkəmə hökm elan edib. Məhkəmənin hökmü ilə onların hər biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cari il mayın 26-sı saat 19 radələrində Zəngilan rayonunun Rəzdərə kəndinə keçərək Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını ölkəmizdə terror aktı törədəcəkləri ilə hədələmələri, bu məqsədlə Azərbaycanın Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Azərbaycanın hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açaraq hücum etmələrinə əsaslı şübhələr müəyyən edilib.