DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

EMMANUEL MAKRONUN TÜRKIYƏ VƏ RUSIYAYA QARŞI GIZLI PLANI

Fransa prezidenti Emmanuel Makronun bir neçə gün öncə görüşdüyü amerikalı həmkarı Cozef Baydenə rəsmi Parisin maraqlarına uyğun Liviya planı təqdim etdiyi iddia olunub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Makron Türkiyənin Liviyadan çıxarılması üçün Baydenə bir plan təqdim edib. Makronun təqdim etdiyi planda Rusiya və Türkiyə hərbi qüvvələrinin 6 ay müddətinə Liviyadan çıxarılmasının detalları öz əksini tapıb.

Məlumata əsasən, iki səhifəlik təklifin bir neçə həftədir əlaqədar ölkələrin diplomatik dairələrində müzakirə olunduğu bildirilib.

“Politico”nun verdiyi xəbərə görə, Makronun məqsədi ABŞ-ın nüfuzundan istifadə edərək Fransanın istəmədiyi qüvvələri Liviyadan çıxarmaqdır.

 

AVROPADA VAKSINASIYA “COVID-19”DAN ÖLÜM HALLARINI XEYLI AZALDIB

Avropa ölkələrində koronavirusa qarşı peyvəndləmə işlərinin getdikcə daha geniş vüsət alması nəticəsində yoluxanlar arasında ölüm halları xeyli azalıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.

Verilən xəbərə əsasən, ötən ilin sonu, cari ilin əvvəlində vaksinasiyaya başlayan Avropa İttifaqı ölkələrindən Fransada indiyədək əhalinin 25,4 faizi tam peyvənd olunub. Bununla da, gündəlik yoluxma noyabr ayındakı 60 mindən 3 minə, ölüm halları isə müvafiq olaraq 1500-dən 100-dək azalıb.

İspaniya, İtaliya, Almaniya, Polşada da yoluxma 30-40 mindən 2000-dək, ölüm halları isə 1000-dən 20-100 nəfərə çatıb. İspaniyada peyvəndləmə səviyyəsi 28 faiz, İtaliyada 23,8 faiz, Almaniyada 27,1 faiz, Polşada isə 25,8 faizdir.

Böyük Britaniyada isə 2020-ci ilin sonunda 60 minə çatan gündəlik yoluxma sayı mayın ortalarında cəmi 2 minə düşmüşdü. Sonradan isə rəqəmlər yenidən artmağa başlayaraq 8 minə çatdı. Ölüm halları ən kritik dövrdə 1800-dən yuxarı idisə, aprel ayında 50-dən aşağı, iyunda isə 20-dən aşağı düşüb. Ölkədə əhalinin yarıdan çoxu peyvənd olunub.

 

BERLINDƏ NÜMAYIŞÇILƏRLƏ POLIS ARASINDA QARŞIDURMA YARANIB

Almaniyanın paytaxtı Berlin şəhərində nümayişçilərlə polis arasındakı qarşıdurmada 60 polis əməkdaşı yaralanıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə əsasən, radikal qruplar uzun müddət işğal etdikləri binada yanğınla bağlı tədqiqat aparılmasının  qarşısını almaq istəyiblər.

200 nəfərlik qəzəbli qrup binanın ətrafındakı küçələrdə barrikadalar quraraq avtomobil təkərlərini yandırıblar.

Nümayişçilər binadan çıxmamaq üçün polisə daş və dəmir parçaları atıblar. Nəticədə 60 polis əməkdaşı yaralanıb.

Oktyabr ayında radikal sol qrup tərəfindən işğal edilmiş və bir müddət buranı tərk etməməkdə müqavimət göstərən eyni bina polis müdaxiləsi ilə boşaldılmışdı.

Xatırladaq ki, mülk sahibi ilə işğalçılar arasındakı hüquqi proses uzun müddətdir davam edir.

 

BƏƏ-DƏ “COVID-19”UN MÜALICƏSINDƏ DƏRMANDAN ISTIFADƏ OLUNACAQ

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “COVID-19”un müalicəsi üçün Böyük Britaniyanın “GlaxoSmithKline” əczaçılıq şirkətinin istehsalı olan Sotrovimab (VIR-7831) dərmanını istifadə edəcəyini açıqlayıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə “The National” qəzeti xəbər verib.

Məlumata əsasən, dərman Əbu-Dabiyə iyunun 15-də gətirilib. Beləliklə, BƏƏ bu dərmanı alan və istifadəsinə başlayan dünyada ilk ölkə oldu.

Sotrovimab preparatının 12 yaş və yuxarı, çəkisi 40 kiloqramdan çox olan xəstələrdə yüngül və orta dərəcədə keçirilən xəstəliyin müalicəsi üçün təsdiq edildiyi qeyd edilib.

 

DONALD TRAMP ÇINDƏN 10 TRILYON DOLLAR KOMPENSASIYA TƏLƏB EDIB

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “COVID-19”dan dəyən ziyana görə Çindən 10 trilyon dollar məbləğində kompensasiya tələb edib. “Report”un verdiyi xəbərə görə, Tramp bunu “Fox News” telekanalının efirində çıxışı zamanı bildirib.

Keçmiş prezident 10 trilyon dolların yalnız ABŞ-a ödəniləsi məbləğ olduğunu qeyd edərək deyib: “Qalanlarına isə daha çox ödənilməlidir”.

Xatırladaq ki, mayın 27-də ABŞ prezidenti Cozef Bayden ölkə kəşfiyyatını koronavirusun əmələ gəlməsi ilə bağlı nəzəriyyəyə daha çox diqqət ayırmağa çağırıb. O, bu istiqamətdə işi yekunlaşdırmaq üçün kəşfiyyata 90 gün vaxt verib.

Məlumat üçün qeyd edək ki, bir müddət öncə konqresə ABŞ-la Çin arasında “COVID-19”un yayılması ilə əlaqədar kompensasiya haqqında ikitərəfli danışqıların aparılmasına dair qanun layihəsi təqdim edilib.

 

ƏFQANISTANDA 100-DƏN ÇOX “TALIBAN” SILAHLISI ÖLDÜRÜLÜB

Əfqanıstanda son sutka ərzində “Taliban” silahlıları ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 119 silahlı öldürülüb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Əfqanıstanın Müdafiə Nazirliyi son 24 saat ərzində ölkənin 15 fərqli bölgəsində “Taliban” silahlıları ilə qarşıdurmaların baş verdiyini açıqlayıb. Qarşıdurmalar zamanı 119 silahlının öldürüldüyü, 84 silahlının yaralandığı və çox sayda silah-sursatın ələ keçirildiyi qeyd edilib.

“Taliban”ın açıqlamasında isə son 24 saat ərzində təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda 30-dan çox təhlükəsizlik əməkdaşının öldüyü iddia edilib.

Əfqanıstanda xarici qüvvələrin geri çəkilməsi ilə may ayının əvvəlindən bəri zorakılıq hadisələri artıb. Əfqanıstanın Milli Təhlükəsizlik Şurası ötən həftə “Taliban”ın may ayında 1455 hücum həyata keçirdiyini açıqlayıb.

Digər tərəfdən, “Taliban” silahlıları son iki ayda 15 bölgəyə nəzarəti ələ keçiriblər. BMT-nin məlumatına görə, “Taliban” ölkə ərazisinin 50-70 faizinə nəzarət edir.

 

DANIMARKADA YENIYETMƏLƏR PEYVƏND OLUNACAQ

Danimarkada koronavirusa qarşı immuniteti gücləndirmək üçün 12-15 yaşlı yeniyetmələrin peyvənd olunması tövsiyə olunur. “Report” agentliyinin “The Local” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Danimarka Səhiyyə Qurumunun baş direktoru Soren Brostrem mətbuat konfransında çıxışı zamanı bəyan edib.

Baş direktorun sözlərinə görə, 16 və yuxarı yaş qrupları arasında vaksinasiya nəticəsində əldə edilmiş 70 faiz səviyyəsindəki immun gücü karantin məhdudiyyətləri tətbiq etmədən epidemiyanı nəzarətə götürmək üçün kifayət deyil.

Qurumun yaydığı açıqlamaya görə, yeniyetmələr arasında peyvəndləmə yay tətilindən sonra, təxminən, sentyabr ayında başlayacaq və könüllü həyata keçiriləcək.

 

TÜRKIYƏ DAHA BIR HELIKOPTERIN KÜTLƏVI ISTEHSALINA BAŞLAYACAQ

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” helikopterinə lisenziya verilib. “Report” agentliyinin xəbərinə görə, məlumatı Türkiyənin Aviasiya və Kosmik Sənayesi qurumunun “Twitter” hesabı yayıb. Bildirilib ki, “GÖKBEY” helikopterinin Türkiyənin hava məkanında sınaqları daha bir mərhələni uğurla keçib. Bu, helikopterin standartlara uyğun olması və kütləvi istehsala başlaması deməkdir.

Xatırladaq ki, bir müddət əvvəl isə “Hürkuş” adlı helikopterə sertifikat verilmişdi.

Qeyd edək ki, “GÖKBEY” bütövlükdə Türkiyə texnologiyası əsasında hazırlanıb.