Rusiya KİV-ləri Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündəki çıxışını geniş işıqlandırıb
Dünya xəbərləri

Rusiya KİV-ləri Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündəki çıxışını geniş işıqlandırıb

Rusiya KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışını geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “Kommersant” qəzeti, “News.ru”, “Voyennoe obozreniye”, “Novıye izvestiya”, “Regioni Rossii” nəşrləri, “Vestnik Kavkaza” agentliyi, “Mir” teleşirkəti və bir sıra digər mətbuat orqanları Prezident İlham Əliyevin görüşdəki çıxışı zamanı Fransanın neokolonializm siyasətini tənqid etdiyini bildirirlər. Qeyd olunur ki, Azərbaycan Prezidenti Fransanı erməni separatizmini dəstəkləməkdə təqsirləndirib, eyni zamanda, Fransada irqçilik meyillərinin, milli azlıqlara qarşı təzyiqlərin artdığını deyib.

Azərbaycan liderinin BMT Təhlükəsizlik Şurası ilə əlaqədar söylədikləri də Rusiya KİV-lərində yer alıb. Materiallarda deyilir ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik edən ölkələrin də BMT Təhlükəsizlik Şurasında təmsil olunması təklifini irəli sürüb. Nəşr, həmçinin Azərbaycan dövlətinin başçısının Ermənistandan silahlı dəstələrini Qarabağdan çıxarmasını tələb etdiyini vurğulayıb.