Elmi-texniki  yeniliklər
Maraqlı

Elmi-texniki  yeniliklər

Müvəqqəti ürək “generator”u

Açıq ürək əməliyyatları zamanı xəstələr, başqa müdaxilələrə ehtiyac duymadan, müəyyən bir müddət ərzində generator rolunu oynayan, istifadə edildikdən sonra bədən tərəfindən tamamilə parçalanan kardiostimulyatorlardan faydalana biləcəklər.

Northwestern Universitetinin alimləri “Nature Biotechnology” jurnalında yeni hazırladıqları müvəqqəti ürək stimulyatorları barədə məlumat yayıblar.

İndiyə qədər mövcud olan müvəqqəti ürək stimulyatorları xəstələr üçün riskli və xoşagəlməz yan təsirləri ilə bir sıra problemlərə səbəb olurdu. Bunun üçün cərrahlar ürək əzələsinə kardiostimulyator elektrodları tikir və ehtiyac olmadıqda isə çıxarırdılar. Elektrodların çıxarılması proseduru infeksiya, toxuma zədələnməsi və qanaxma riskini yaradırdı. Bütün bunları nəzərə alaraq elm adamları çıxarılmasına ehtiyac olmayan kardiostimulyator ərsəyə gətiriblər.

“Bəzi xəstələrə yalnız müvəqqəti olaraq ürək stimulyatoru lazım olur, məsələn, açıq ürək əməliyyatı, infarkt zamanı və s. Ürək sabitləşdikdən sonra kardiostimulyatora gərək qalmır”,-deyə həmmüəllif John Rogers bildirib.

Konsepsiyanın əsas məqamı cihazın bütün komponentlərinin müəyyən bir müddətdən sonra bədəndən sorulmasıdır. Cihaz tibdə istifadə olunan, üzvi turşulara ayrıla bilən biopolimerlərdən hazırlanmışdır. Kardiostimulyatorun çəkisi yarım qramdan azdır və naqildən istifadə etmədən enerji ilə təmin olunmuşdur. Rezonans induktiv birləşmə olaraq tanınan, bəzi mobil telefonlara və ya diş fırçalarına enerji vermək üçün istifadə edilən bir qaynağa əsaslanır. Sistem ürəyə implantasiya edilərək  xaricdən idarə edilir.

Müvəqqəti kardiostimulyator heyvan təcrübələrində artıq öz funksionallığını sübut etmişdir.

 

Uzaqdan müayinə edən “Ağıllı çəkic”

COVİD-19 pandemiyasının geniş vüsət aldığı bir zamanda virusun yayılmasının qarşısını almaq məqsədilə səhiyyə işçiləri bəzi təcili olmayan randevu və prosedurları ləğv etməyə, yaxud ləngitməyə başladılar. Elm adamları bu boşluqları doldurmaq üçün zərurətdən irəli gələn texnologiyaların vacib olduğunu düşündülər.

Georgia Texnologiya İnstitutu və Yaponiyanın Tohoku Universitetinin əməkdaşları birgə, mobil tətbiqetmə üsulu ilə uzaq məsafədən nevroloji refleks imtahanlarının aparılmasına imkan verən “ağıllı” tendon çəkic hazırlayıblar.

Tendon refleks müayinəsi nevroloji qiymətləndirmənin  həm əsas, həm də həlledici hissəsidir və diaqnozların qoyulmasında ilk addımdır. Doğru bir refleks cavabını almaq üçün tendon üzərində düzgün nöqtəyə vurmaq vacibdir.

Çəkic məlumatları ölçmək və yaymaq qabiliyyətinə malik simsiz atalet ölçmə vahidi (İMU) ilə təchiz edilmişdir. Uzaqdan müayinə proqramlaşdırılmış süni intellekt sistemi ilə işləyir. Çəkic məlumatları “bluetooth” vasitəsilə yayımlayır, şərh edir və istifadəçiyə düzgün yeri tapıb-tapmadığı barədə informasiya verir. Cihazdakı rəngli LED-lər istifadəçiyə müayinənin düzgün, yaxud səhv aparılmasına dair məlumatı çatdırır. Yaşıl işıq düz, qırmızı isə səhv məlumatları göstərir. Sadəcə ağıllı tendon çəkicini əldə etmək və məlumatların təhlili üçün mobil tətbiqetmələri yükləmək lazımdır. Tıqqıltı və refleks cavab videolarını yükləməklə həkimlər xəstələrin məlumatlarını öz ofislərində asanlıqla qiymətləndirə bilirlər.

Məlumat “Tech Xplore” veb saytında işıq üzü görüb.

 

Süni dəri yaradılıb

Son illərdə robot və kompüter alimləri bioloji funksiyaları ilə insan qabiliyyətlərini getdikcə daha bənzər bir şəkildə təqlid edə bilən süni sistemlər yaratmaqdadırlar. Bunlara süni intellekt sistemləri, eləcə də müxtəlif növ sensorlar daxildir.

İnsanlar cismlərin xüsusiyyətlərini, necə idarə olunacağını qavramağa çalışarkən tez-tez toxunma hisslərinə güvənirlər. İnsan toxunuşunu təkrarlayan süni hissetmə sistemləri daha həssas robotların və ya protez bədən üzvlərinin inkişafını təmin edə biləcək əhəmiyyətə malik ola bilər.

Cənubi Koreyanın Hanyang Universitetinin tədqiqatçıları bu yaxınlarda insanların ətrafdakı cismləri toxunma hissi ilə tanımasını təqlid edən süni dəri yaradıblar. “Nature Electronics” jurnalında yayımlanan məqalədə təqdim olunan  sistem, cismlərin toxunma xüsusiyyətləri ilə əlaqəli məlumatları əldə etmək üçün, insan dərisindəki yavaş və sürətli adoptiv mexanoreseptorların funksiyasını təkrarlayan, təzyiq, titrəməyə cavab verən sensorlardan istifadə edilib.

Konsepsiyanı qiymətləndirmək və bioloji sistemlərə inteqrasiya oluna biləcəyini sübut etmək üçün tədqiqatçılar siçanlar üzərində bir sıra təcrübələr aparıblar. Sınaqların nəticələri ümidverici olub.

Gələcəkdə tədqiqatçılar yeni konsepsiya

nı robotik sistemlərlə birləşdirməyi planlaşdırırlar. Bu, cismlərə toxunma, tutma, manipulyasiyanı əhatə edən tapşırıqlardakı performansları əhəmiyyətli dərəcədə artıra bilər.

 

Super güzgü işığın 99 faizini əks etdirir

Avstriyalı alimlər işığın yüzdə 99,999 hissəsini əks etdirən kristal örtüklü yeni super güzgü hazırlayıblar. Güzgüdən təbii qaz istehsalında metan sızıntısını aşkar etmək məqsədilə, eyni zamanda xərçəngin erkən aşkarlanmasında istifadə edilə bilər.

Kristal güzgü bir milyon işıq hissəciyindən onda birini udur. Xüsusilə çox yüksək dəqiqlik tələb edən proseslərdə istifadəsi mümkündür və lazer işığını digər bilinən materiallardan daha hamar şəkildə əks etdirir. Buraya, infraqırmızı diapazondakı işığın, müəyyən maddələrin ən kiçik izlərini aşkar etmək üçün orta İR spektroskopiyası daxildir. Çünki qaz qarışığındakı molekulların çoxu, fotonların qarşılıqlı təsiri ilə tezlik kompozisiyasını xarakterik bir şəkildə qəbul edir.

Prototipin istehsalı üçün elm adamları əvvəlcə xüsusi kristal təbəqələri böyüdərək əyri silikon səthə köçürüblər və nəticədə şərti reflektorlardan on min dəfə az foton tutan güzgü ərsəyə gətiriblər. Yeni super güzgünün mümkün ssenariləri arasında xərçəngin və ya təbii qaz istehsalında metan sızıntısının aşkarlanması da yer alır. Bundan əlavə, alimlər prototiplərdə əvvəllər fizikada bilinməyən, strukturlarda udulmaya səbəb olan bir təsiri də aşkar ediblər.

“Bu nəticələr bizə aynaları daha da inkişaf etdirmək üçün böyük imkanlar verir”,-deyə Vyana Universitetinin professoru Lukas Perner söyləyib.

Məqalə “Science Daily” portalında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.