Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

“Ağıllı boyunbağı” üz ifadələrini izləyə bilər

Üz ifadələrimiz duyğularımızı çatdırmaqla yanaşı, sözsüz ki, ünsiyyət qurmağımıza da kömək edir və xarakterimiz haqqında bir çox məlumatlar verir. Bəzən duyğularımızı, emosiyalarımızı ört-basdır etməyə çalışsaq da, artıq amerikalı alimlər bu gizliliklərimizi üzə çıxara biləcəklər. Belə ki, elm adamları üz ifadələrini izləmək üçün alqılama texnologiyasından istifadə edərək NeckFace adlı geyilə bilən ilk cihazı yaradıblar. 

Cornel Bowers Hesablama və İnformasiya Elmləri Kollecinin dosenti Cheng Zhagın rəhbərlik etdiyi qrup çənə və üz şəkillərini çəkmək üçün infraqırmızı kameralardan istifadə edərək mimikaları davamlı olaraq izləyə bilən NeckFace-i yaradıblar.

Cihaz infraqırmızı kamera, LED və İR dar bantlı keçid filtri ilə təchiz olunmuşdur.

Potensial duyğuları izləməklə yanaşı, bu texnologiya ilə ön kameraların seçilməsi mümkün olmadıqda virtual konferans, virtual reallıq ssenarilərində üz ifadəsinin aşkarlanması, səssiz nitqin tanınması da mümkün olacaq.

“İstifadəçilərin üz ifadələri, davranışlarını izləməklə, onların fiziki və zehni fəaliyyəti haqda daha çox məlumat toplaya bilərik. Cihaz gün ərzində insanların duyğularını izləyərək psixi sağlamlıq sahəsində də xüsusilə faydalı ola bilər. İnsanlar duyğularını gizlətməyə çalışsalar da, zamanla dəyişən üz ifadələrinin miqdarı emosional dəyişiklikləri göstərə bilər. Bu texnologiya gələcəkdə, xəstələrin sağlamlığı haqqında daha çox məlumatların əldə edilməsi ilə psixoterapevtlərin işini asanlaşdıracaq”-deyə Zhang izah edib.

İnformasiyanı “TechXplore” veb saytı yayıb.

 

Elm dünyası beynin sirlərini açmaq üzrədir

Çin Elm və Texnologiya Universitetinin bir qrup alimi meymun beyninin üçölçülü xəritəsini yaradıb. Mütəxəssislər bu yolla insan beyninin gizli tərəflərini ortaya çıxarmağı hədəfləyirlər.

Elm adamları meymun beyninin yüksək qətnaməli 3D görüntüsü ilə insan beyninin də sirlərini aça biləcəklərinə ümid edirlər. Meymun beynindəki bütün neyronların və quruluşların vizualizasiyasını təmin edən mütəxəssislər araşdırmalarına davam etmək qərarına gəliblər. Onlar bu görüntülərin açıq bir təhlili ilə Alzheimer və Parkinson kimi xəstəliklərə qarşı mübarizənin gücləndiriləcəyini söyləyirlər.

Tədqiqatçılar meymun beyninin insanınkından kiçik olmasına baxmayaraq, struktur  mürəkkəbliyinə və zehni funksiya bənzərliklərinə görə açıqlama veriblər. Mütəxəssislər “Meymunun beyninə 1 mikron qətnamə ilə baxa bilərik və bu, bizə böyük üstünlüklər verir. Amma beyin hüceyrələrinin ölçüsü ümumilikdə 100 mikrondur” deyə qeyd ediblər.

Elm adamları meymun beyninin xəritəsi və görüntüsünün dörd gündən az bir müddətdə çəkildiyini və hətta bu vaxtın çox qısa olduğunu söyləyiblər.

Tədqiqatla bağlı ətraflı məlumat “Science Focus” jurnalına istinad edilib.

 

“Galileo” layihəsi ilə göylərdə yad texnologiya axtarılacaq

Harvard Universitetinin alimləri yad texnologiyaları araşdırmaq üçün süni intellektə əsaslanan Galileo layihəsinə başlayıblar.

Layihədə dünyadan kənar texnoloji sivilizasiyaların (ETC) sübutlarını axtarmaq üçün bir teleskop şəbəkəsindən istifadə ediləcək. Süni intellektin layihədə əhəmiyyətli bir rol oynayacağı bildirilsə də, komanda yad cisimlər üçün teleskoplardan məlumatları darayan alqoritmlər hazırlamağı planlaşdırırlar.

Layihəyə, Günəş Sistemindən keçən bir cismin yad texnologiya ola biləcəyini irəli sürən Harvard Universitetinin professoru Avi Loeb rəhbərlik edəcək.   

Proyektə özəl donorlardan indiyə qədər 1,75 milyon dollar maliyyə dəstəyi göstərildiyi bildirilib.

 Günəş sistemini ziyarət edən “Oumuamua” adlı bir ulduzun ilk dəfə qeyri-adi olaraq sürətlənməsi, tədqiqat müəllifi, professor Loebin ulduzlararası məkanda qabaqcıl texnoloji avadanlıqların qalıqlarının olduğu şübhəsinə səbəb oldu. Lakin bir çox astrofiziklər bu düşüncənin əsassız olduğuna inanaraq fikri rədd edib.

Yaranan çətinliklərə baxmayaraq, professor Loeb bir sıra obyektlərdəki dəyişikliklərin dünyadan kənar texnologiya ilə əlaqəli olub-olmadığını müəyyən etmək üçün daha dərindən araşdırma aparmaq qərarına gəlib. Alim, elmin sosial damğaya məruz qalmasına baxmayaraq və ya mədəni üstünlüklərə görə potensial dünyadan kənar izahların rədd edilməməsinin vacibliyini vurğulayıb.

Məqalə “ScienceMag” veb saytında yayımlanıb.

 

Çində süni intellektlə işləyən restoran açılıb

Çinin Şanxay şəhərinin Changning rayonunda yeməklərin robotlarla hazırlandığı, xidmət edildiyi, süni intellektlə işləyən restoran açılıb.

Sahəsi 130 kvadratmetrlik restoranda  ödəmələr QR kodu və rəqəmsal RMB kimi müxtəlif sistemlərdən istifadə edilməklə həyata keçirilir. Restoranda ət 8 (1,25 dollar), tərəvəz yeməkləri isə cəmi 3,5 yuana (0,55 dollar) satılır.

“Robotlar məndən daha yaxşı bişirirlər. Yeməklər çox ləzzətlidir. Ən əsası, hər şey çox gigiyenikdir və qiymətlər qənaətcil olaraq cibimizə münasibdir. Gələcəkdə belə bir robot sahibi olmaq istərdim”-deyə Hongqiao Birliyinin üzvü Yang qeyd edib.

“Süni intellektə sahib restoranımız çox ağıllıdır. Mətbəxdəki hər şey internet vasitəsilə həyata keçirilir. Bişirmə prosesi avtomatik və rəqəmsaldır, bütün qidaları, yemək proseslərini izləmək mümkündür. Gündə 800-1000 nəfərə yemək təqdim edə bilərik. Süni intellektə malik olan mətbəximizin əmək xərcləri ənənəvi olanlara nisbətən 50-80 faiz aşağıdır”-deyə Xi Xiang E-Commerce Limited Şirkətinin baş direktoru Li Ming izah edib.

İnformasiyanı “THEN24” veb saytı yayımlayıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.