Sağlam həyat
Maraqlı

Sağlam həyat

Beynimizin “dostu” olan bu çərəz ömrümüzü də uzada bilər

Quruluşu ilə beynimizə bənzəyən qozun  misilsiz və möcüzəvi faydaları hələ eramızdan əvvəl də  insanlara məlum idi. Qədim Bizans kahinləri aşağı təbəqələrin daha ağıllı olması və üsyana qalxa biləcəklərindən ehtiyat etdikləri üçün onlara qoz kimi çərəzləri yeməyi qadağan etmişdilər. Demək ki, qədim insanlarda bu çərəzin sinir sisteminə olan  möcüzəvi təsirindən xəbərdar idilər. Nəinki beynimizə, bütünlükdə orqanizmimizə misilsiz faydaları olan qoz  amerikalı alimlərin iddiasına görə  həm də ömrümüzü uzada bilər.

“Nutrients” jurnalında dərc edilən məqalədə  Harvard Universitetinin alimləri  həftənin beş günü  bir ovuc qoz istehlakının insanların ömrünü uzada biləcəyini söyləyiblər. Alimlərin hesablamalarına görə, həftə ərzində 5 pay qoz ölüm riskini hər hansı bir səbəbdən 14, ürək-damar xəstəliklərindən isə 25 faiz aşağı salır. Elm adamları yalnız bir pay qozun tərkibində olan protein (4g), lif (2g), maqnezium (45mg) və omega-3 turşularının miqdarının optimal sağlamlıq üçün vacib olduğunu qeyd ediblər.

“Pəhrizlərinə laqeyd yanaşan insanların sağlam bir həyat tərzinə keçməsi üçün qoz  mükəmməl bir seçimdir.  Bu araşdırmadan əldə etdiklərimiz  insanların  həftədə bir neçə ovuc qoz istehlak etməklə uzun yaşamasına kömək edə bilər. Tapıntılarımız, sağlamlıqlarını yaxşılaşdırmaq istəyən bir çox insan üçün  mümkün ola biləcək praktik ipucudur.”-deyə tədqiqat rəhbəri Yanping Li qeyd edib.

 

İtirilmiş dişlər demansın xəbərçisidir

Dişlərini itirən insanların demans xəstəliyinə tutulma ehtimalının daha yüksək olması məlum olub. New York Universitetinin tədqiqatçıları hər bir dişin itirilməsi ilə zehni geriləmənin arasında bir əlaqə tapıblar.

Tədqiqatçıların sözlərinə görə, yaxşı ağız sağlamlığı, protezlərin vaxtında istifadəsi, insanı zehni geriləmədən qoruya bilər. Yaşı 65-dən yuxarı olan insanlarda diş itkisi ilə yaddaş zəiflikləri arasında əlaqə tapan elm adamları  bu bağlantı barədə bir sıra izahlar veriblər. Dişlərin olmaması, çeynəməkdə çətinliyə səbəb olmaqla vitamin çatışmazlığına gətirib çıxara bilər. Araşdırma diş itkisinin əsas səbəbi olan dişəti xəstəliyi ilə zehni geriləmə arasındakı əlaqənin olmasını bildirir. Hər bir itirilən diş kognitiv pozğunluğun 1,4, demans riskinin isə 1,1 faiz artmasını göstərir.

“Alzheimer xəstəliyi və demans diaqnozu qoyulan saysız-hesabsız insanların ağız sağlamlığı ilə zehni tənəzzül arasındakı əlaqəni daha dərindən başa düşməsi çox vacibdir. Dişlərin itirilməsi ilə yanaşı, kognitiv funksiyanın pozulması zehni geriləmənin proqnozlaşdırılmasında bizə müəyyən istiqamətlər verir. Tapıntılarımız zehni funksiyanın qorunmasında dişlərə qulluğun vacib olduğunu göstərir.”-deyə tədqiqat rəhbəri, professor Bei Wu bildirib.

İnformasiya  “Journal of Post-Acute an Long-Term Care Medicine” jurnalında yayımlanıb.

 

Qovun və giləmeyvələrin diabet xəstəliyinə effektiv təsiri

Meyvələrin sağlam bir pəhrizin vacib bir hissəsi olması heç kimə sirr deyil. Bununla birlikdə, yeni bir araşdırma ən çox sevdiyimiz giləmeyvələr və qovunun şəkər xəstəliyinin qarşısını ala biləcəyini ortaya çıxarıb.

Edith Cowan Universitetinin tədqiqatçıları gündə ən azı iki pay giləmeyvə və qovun istehlakının Tip 2 diabetin inkişaf riskini 36 faiz azalda biləcəyini söyləyirlər. Onların tapıntıları bu meyvələri gündə yarım pay istehlak edən insanların daha çox yeyənlərə nisbətdə mütəmadi olaraq yüksək insulin həssaslığı nümayiş etdirdiyini göstərir.

Alimlər bu layihədə BakerHeart və Diabet İnstitutunun AusDiab tədqiqatında 7600-dən çox avstraliyalıların sağlamlıq məlumatlarını təhlil ediblər. Beş il ərzində həm təzə meyvə, həm də meyvə suyu istehlakının diabet riskinə təsirini araşdırıblar. Təəssüf ki, nəticələr təzə meyvələrin özü kimi, suyunun da faydalı olacağını göstərməyib.

“Yüksək insulinə həssaslıq və daha aşağı diabet riski, meyvənin suyunu deyil, özünü istehlak edən insanlarda müşahidə edildi. Bunun səbəbi meyvə suyunun tərkibində şəkərin daha yüksək olması, lifin isə az miqdarda olmasıdır. Bundan əlavə giləmeyvələrin çoxu, ümumiyyətlə aşağı glisemik indeksə (qan şəkəri dəyəri) malikdir. Bu da şəkərin daha yavaş həzm edilməsi ilə bədənə daha yaxşı sorulduğunu göstərir”-deyə aparıcı müəllif Dr. Nicola Bondonno bildirib.

Tədqiqat işi “Journal of Clinical Endocrinology and Metabolism” jurnalında dərc edilib.

 

D vitamini ilə zəngin qidalar bağırsaq xərçəngi riskini azaldır

Massachusetts Universitetinin alimlərinin araşdırmalarına görə D vitamini ilə zəngin qidalar 50 yaşdan aşağı insanlarda kolorektal (yoğun bağırsaq) xərçənginin qarşısını ala bilər.

 Son illər kolorektal xərçəngi gənc insanlar arasında sürətlə artmaqdadır. Elm adamları bunun səbəbini tam olaraq izah edə bilməsələr də, tərkibi D vitamini ilə zəngin (balıq, göbələk, yumurta və süd) qidaların istehlakının xəstəliyin riskini aşağı salacağını söyləyirlər.

Tədqiqatçılar on beş il ərzində sınaqlarda iştirak edən 25-42 yaş arası, təxminən 94 minə yaxın respondentlərin sağlamlıq məlumatları, pəhrizləri və həyat tərzi vərdişlərini izləyiblər. Nəticədə D vitamini ilə zəngin qidaları istehlak edənlərdə  kolorektal poliplərinə daha az rast gəlindiyi və xərçəngə yoluxma riskinin isə təxminən 50 faiz aşağı olması məlum olub.

 “Nəticələrimiz göstərir ki, D vitamini ilə zəngin bir pəhriz 50 yaşdan yuxarı insanların xərçəngə yoluxma riskini aşağı salmasa da, erkən başlayan xəstəliyin qarşısını ala bilər. Lakin tapıntılarımız bu pəhrizin gənc insanlarda həm sağlamlıq, həm də xərçəngin qarşısının alınması baxımından effektiv ola biləcəyini dəstəkləyir.”-deyə tədqiqat rəhbəri Xiaoyu Zong bildirib.

Tədqiqatla bağlı məlumat “Gastroenterology” jurnalına istinad edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.