ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Elon Maskın insana bənzər robotu gəlir

Texnologiya dünyasının ən önəmli isimlərindən olan, elektrikli avtomobil markası Tesla, özəl raket istehsalçısı SpaceX, Hyperloop yüksəksürətli səyahət konsepsiyası və The Boring Company tunel şirkətinin qurucusu Elon Maskın saymaqla bitməyən layihələri davam etməkdədir. Elektrikli avtomobillər, insanları Marsa aparmaq, nəqliyyat problemlərini həll etmək üçün tunellər qurmaq və insan beyninə kompüter çipləri taxmaqla kifayətlənməyən Elon Mask bu dəfə də insanabənzər robotu ilə gündəmdədir.

Tesla şirkəti tərəfindən hazırlanmaqda olan robot, insanları bezdirici və təhlükəli işlərdən azad edəcək. Tesla Bot adlandırılan robot süni intellekt texnologiyasının dəstəyi ilə işləyəcək. Yorucu, təkrarlanan tapşırıqları yerinə yetirmək üçün hazırlanmış robot, əmr almadan təkbaşına hərəkət edə biləcək. Mask, robotun “bu əşyanı götür və o açarı maşına tax” kimi sadə əmrləri yerinə yetirə biləcəyini və bir gün sahibinin alış-verişini etmək üçün mağazaya da gedə biləcəyini söyləyib.

Mask hələlik robotun şəklini göstərib. Təxminən 1,72 boyunda olan robotun çəkisi 52 kiloqram civarında olacaq. Üzərində məlumat ekranı yerləşdirilən robotun, saatda 8 kilometr yol qət etməklə 20 kiloqram çəki qaldıracağı nəzərdə tutulur.

Mask Tesla robotunun prototipini gələn il ortaya çıxarmağı planlaşdırır. Sahibkar robotun iqtisadiyyat üçün də əlverişli əhəmiyyət kəsb edəcəyini və çox bahalı olmayacağını qeyd edib.

İnformasiya “TechXplore” veb saytında yayımlanıb.

 

Ay torpağından oksigen istehsal ediləcək

İnsanların yenidən Aya göndərilməsi planlaşdırılır. NASA-nın Artemis Proqramı 2024-cü ildə biri kişi, biri qadın olmaqla iki astronavtı Aya göndərməyi hədəfləyir. Bu missiyalarda astronavtlar üçün qida və oksigen ən vacib ehtiyaclardır. Həmçinin Yaponiya da bu yaxınlarda Ayda qida istehsalı araşdırmasına start verib.

İndi Yaponiyanın İspace və İsrailin Helios şirkətləri Ayda oksigen istehsalına yönəlmiş eksperimental bir layihə üzərində əməkdaşlıq edəcək. Şirkətlər 1 ton ay torpağından 250 kiloqram oksigen əldə etməyi hədəfləyir.

Fərqli ölkələr Ayda uzunmüddətli missiyaların həyata keçirilməsi üçün mümkün texnologiyalar axtarmağa davam edirlər.

Kyodo agentliyinin verdiyi məlumata görə şirkətlər Aydan əldə edilən torpağı yüksək temperaturda əridərək, elektroliz prosesi vasitəsilə oksigenə çevirməyə çalışacaqlar.

“Layihə daha çox oyunçunu bu bazara girməyə təşviq edəcək. Ayın torpaqlarından oksigen istehsalı, gələcəkdə bu missiyaların həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edəcək” - deyə İspace şirkətinin icraçı direktoru (CEO) Hakamada Takeshi qeyd edib.

Məqalə “Forschung und Wissen” jurnalında dərc edilib.

 

Beyinə enjektə edilə bilən biosensorlar düşüncələrinizi oxuya bilər

Yeni, enjektə edilə bilən biosensorlar, bir gün düşüncələrinizi oxuya bilməklə yanaşı, ağlınızdan keçənlərdən istifadə edərək ünsiyyət qurmanızı təmin edə bilər. Kaliforniya Universitetinin tədqiqatçıları bu texnologiyanın gələcəkdə beynin sirlərini daha yaxşı öyrənməyə kömək edəcəyini iddia edirlər.

NeroSWARM3 adlanan bu yeni texnologiyanı ərsəyə gətirən elm adamları qızıl örtüklü mikro nano sensorların, qan axını ilə beyin baryerini keçə biləcəyini söyləyirlər. Beyinə daxil olduqdan sonra sensorlar bir növ antena rolunu oynayaraq, sinir siqnallarını simsiz şəkildə xarici bir cihaza göndərə biləcək.

Fantastika kimi görünsə də, yeni texnologiya sayəsində insanların düşüncəsi də daxil olmaqla onlar haqqında bütün məlumatları əldə etmək, neyronların bir-birinə siqnal göndərməsilə mümkün olacaq. Texnologiyanı inanılmaz edən digər xüsusiyyətlərindən biri də çox kiçik ölçülərinə baxmayaraq, nano hissəciklərin enerjini simsiz ötürməsi və sinir impulslarının elektron çevrilməsini həyata keçirməklə bu siqnalları yayımlaya bilməsidir. Bundan əlavə, biosensorlar qan-beyin baryerini keçə bildikləri üçün birbaşa qana enjektə edilə bilər.

Bu yenilik Elon Maska məxsus Neurolink kimi oxşar texnologiyalarla müqayisədə daha çox üstünlük qazana bilər. Belə ki, Neurolinkin mikro çipi cərrahi yolla implant edilirdisə, NeuroSWARM3 əməliyyatsız başa gələcək.

İnformasiyanı “Science Focus” veb saytı yayıb.

 

Süni böyrək yetişdirilməsinə zəmin yaradılıb

Cənubi Kaliforniya Universitetinin alimləri böyrəklərin nefron kimi tanınan süzgəc vahidlərinin necə meydana gəldiyini hərtərəfli təhlil edərək, orqanın süni yetişdirilməsinə zəmin yaradıblar.

“Developmental Cell” jurnalında yayımlanan araşdırma Cənubi Kaliforniyanın Kök Hüceyrə Biologiyası və Regenerativ Tibb Bölməsinin professoru Andy McMahonun laboratoriyasında aparılıb.

Tədqiqat qrupu insan böyrəyinin əsasını yaratmaq üçün hüceyrələrin bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğunu və anormal inkişaf proseslərinin xəstəliyə hansı şəkildə zəmin yaratdığını izləyib. Bu layihə inkişaf edən insan böyrəyində genlərin nə vaxt və harada aktiv olduğunu, tənzimləyici qarşılıqlı əlaqələrin proqnozlaşdırılması üçün bir baza rolunu oynayır.

Komanda molekulyar və hüceyrə layihəsini qurmaq üçün tipik inkişaf trayektoriyalarında yüzlərlə insan və siçan nefronunu araşdırıb. Bu, alimlərə insan və siçanlarda təxminən 200 milyon illik təkamül boyu qorunub saxlanan vacib prosesləri müqayisə etməyə imkan verib. Onlar yeni növ böyrək hüceyrələri yaratmaq üçün insanlarla yanaşı, gəmiricilərdə də nefron meydana gəlməsinin əsasını təşkil edən oxşar genetik mexanizmləri ətraflı şəkildə öyrəniblər.

“Böyrək yetişdirməyin yalnız bir yolu var və bu da təbiətin yoludur. Normal embrion inkişafını ətraflı şəkildə izləyərək hüceyrə tiplərini sintez etməklə qüsurlu böyrəkləri əvəz edə biləcək funksional sistemlər inkişaf etdirə bilərik” - deyə professor Andy McMahon qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.