Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Alfred Nobel

Gah "dinamit kralı", gah "ölüm alverçisi", gah da "Avropanın ən varlı avarası" adlandırılan Alfred Nobelin adını həyatı boyu kəskin epitetlərlə "bəzəyiblər". O isə bunları oxuyar, amma heç bir şəkildə cavab verməzdi. Onun bu cür daş kimi susub durması qəzet yazarlarını bir daha yenidən yazmağa ürəkləndirməklə bərabər, onları həm də əməlli-başlı qəzəbləndirirdi...

Əslində, hər şey tamam başqa cür idi və bu məşhur adamın nələr çəkdiyindən kimsənin xəbəri olmayıb. Hamı elə fikirləşirdi ki, o, milyarderdisə, onun dərdi nə ola bilər ki? Amma bu bədbəxt milyarderin nə evi, nə dostları, nə də onu sevən xanımı yox idi... Bu dahi alim bunlar azmış kimi üstəlik ağır boğulmalardan, nəfəs çatışmazlığından əziyyət çəkirdi və onun uzun müddət sağ qala bilməsi bir möcüzə idi. Özünə qapanan alim dərvişlərə xas həyat tərzi sürürdü. Bütün insanlığa dərin şəfqət hissi ilə yanaşan alim xüsusilə kasıblara qarşı həmişə əliaçıq olub: "Ölən insanlara nəhəng abidələr qoymaqdansa, sağ ikən onların qarnını doydurmaq lazımdır" - deyərdi.

O, həyatda ikən "ölümündən" xəbər tutan nadir şəxs olub. Alfred dinamiti ilk olaraq ixtira edir. Bu hadisədən xeyli sonra qardaşı Lüdovik dünyasını dəyişir. Kütləvi informasiya vasitələri səhvən Lüdovikin yox, Alfredin dünyasını dəyişdiyi barədə məlumat yayır. Qəzetlərin birinci səhifəsində iri sərlövhələr dərc edilir. "Minlərlə insanın ölümünə səbəb olan dinamitin ixtiraçısı Nobel dünyasını dəyişdi". Nobel bunu oxuyub çox təsirlənir, özlüyündə düşünür: "Ölümündən sonra başqalarının məni belə yad edəcəyi heç ürəkaçan deyil". Bundan sonra o, vəsiyyətnaməsində dəyişikliklər edir. Bir çox məqamları pozur, əvəzində belə bir cümlə yazır: "Ölümümdən sonra mənim varidatım sülh və sülhün bərqərar olmasına sərf olunsun". O vaxtdan Nobel dinamit ixtiraçısı kimi deyil, "Nobel sülh mükafatı"nın banisi kimi tanınır.

 

İosif Stalin

Otuz ildən çox SSRİ-yə rəhbərlik edən İosif Stalin dünya tarixinə öz möhürünü vurmuş bir şəxsiyyətdir. Tarixə adını qanla yazdıran Stalin bu gün də çox müzakirə olunan siyasi liderlərdən biridir. Yeddi yaşında yoluxduğu "çiçək" xəstəliyinin sifəti və qolunda qalıcı izlər qoyduğu üçün ətrafdakı uşaqlar onu sevmirdi. Bəlkə də uşaqlıqdan içində böyüyən bu nifrətlə əlaqədar o, hakimiyyətdə olduğu illərdə 20 milyondan çox insanın ölümünə səbəb olmuşdu.

Ağlasığmaz ideyaları ilə ətrafdakılardan seçilən Stalin insan və meymun qarışığından ibarət bir növ yetişdirmək istəyirdi. Bir dəfə bu barədə belə demişdi: "Yeni və məğlubedilməz bir insan növü istəyirəm, yemək yemədən güclü qalan bir növ". Elm mütəxəssisləri uzun müddət bu məsələni araşdırsalar da, ortaya heç nə çıxmadı. Stalinin qəddarlığı və qəribəliliyi bununla bitmirdi: dünya müharibəsində düşmən qüvvələrini dayandırmaq üçün əsgərlərə heç bir halda geri çəkilməmək, çəkilənləri isə güllələmək əmrini vermişdi.

162 sm boyu olan Stalin tarixin ən qısaboylu siyasi liderlərindən biridir. Amerikanın prezidenti Trumen hətta onu "balaca şeytan" adlandırırdı. Lenin isə öz vəsiyyətlərində Stalinə güvənmədiyini açıq şəkildə qeyd etmişdi.

Diktatorun gözəl qadınlara olan düşkünlüyü də həyatının bir başqa tərəfi idi. "Balerinalar, katibələr..." - liderin eşqbazlıq etdiyi qadınlar bu ifadə ilə xarakterizə olunurdu. 14 yaşlı qızı yoldan çıxaran SSRİ lideri bu əxlaqsızlığına görə kəndlilərlə də münaqişə yaşamışdır.

Stalin ölüm qoxulu zarafatları ilə yaxın ətrafını da şok vəziyyətinə salmağı çox sevirdi. Ona xüsusi ləzzət verən zarafatlarından biri erməni Mikoyanla bağlıdır. Bir gün gecə ziyafətlərinin ən şirin yerində Stalin erməni Mikoyana üzünü tutub deyir: Anastas, yaxşı yadıma düşdü. Deyilənlərə görə, Bakı komissarlarının sayı 26 deyil, 27 olub. Sən bir öyrən bu nə məsələdir?! Bayaqdan "ləzginka" rəqsi ilə diktatoru əyləndirən erməninin yaltaq sifəti ölü rəngi alır, çənəsi sallanır. Sonra da bu zarafat müxtəlif variantlarda təkrar olunurdu: Anastas, mən axı sənə demişdim: o satqın 27-ci komissarı tap! Tapdınmı? Mikoyan isə hər dəfə yarımcan vəziyyətdə nəsə mızıldayır: çalışaram axtarım" - deyirdi.

Ömrünün sonuna yaxın ruhi xəstəlikdən əziyyət çəkən Stalinin ölüm səbəbi hələ də müəmmalı olaraq qalmaqdadır. Bəzi mənbələrdə onun insultdan, bəzilərində isə sui-qəsd səbəbindən dünyasını dəyişdiyi bildirilir. Hətta onun dəfn mərasimi də kütləvi insan ölümü ilə yaddaşlarda qalıb. Diktatorun vida mərasimində izdiham zamanı yüzlərlə insan həyatını itirmişdi. Qana susayan lider ölümündən sonra da insanların tələfatına səbəb olmuşdu...

 

Anton Çexov

Rus yazarları arasında öz dərin intellekti ilə tanınan Anton Çexov uşaq ikən dərslərə çox da maraq göstərməyibmiş. Bioqraflar bu gün bunu onun atasının ayağına yazırlar. Onun işlətdiyi dükanlardakı rəflərdə ərzaq məhsulları ilə (çay, konfet, sabun, duzlu balıq) yanaşı, kerosin, dərmanlar, civə, azot turşusu kimi mallar qarmaqarışıq halda düzülürdü. Dükanda spirtli içkilər də satıldığından atası balaca Antona dərsə getmək əvəzinə, oğurluq olmasın deyə, alıcılara göz qoymağı tapşırıbmış. Belə bir qarışıq məkanda məktəblinin oturub dərslərə hazırlaşması son dərəcə çətin idı.

İxtisasca həkim olan dahi yazıçı kimi daha çox şöhrət qazanmışdı. Deyilənlərə görə, Çexov söyüş söyməyi çox sevirmiş. Ətrafdakılar artıq onun bu cür danışıq tərzinə öyrəşmişdilər. Üstəlik içki düşkünü də olan Çexov 186 santimetr boyuna görə demək olar ki, bütün rus yazarları içərisində cazibədarlığı ilə seçilirdi. Ətrafı daim insanlarla əhatəli olsa da, həmişə qapalı olan yazarın dostu olmayıb.

Günlərin bir günü Anton Çexovla gələcək həyat yoldaşı Olqa Knipper qonaq otağında oturub çay içirlərmiş. Çexov gənc qıza deyir: "Sizin nə kobud soyadınız var. Soyadınızda adamın qulağını cırmaqlayan nəsə var. Elə bil almanlar aralarında söyüş söyür. Yaman biabırçı soyaddır!". Bu sözün qarşısında özünü itirməyən Olqa cavab verir: "İndi ki, mənim soyadımı bəyənmirsiniz, onda sizinkini də biabır edəcəm". Bir müddət sonra o, Çexova ərə gedir və ölənə kimi hər iki soyadını saxlayır.

Çexov əslində çox realist adam idi. O, əcəli gələndə öləcəyini qabaqcadan söyləmişdi. Can verəndə müəmmalı şəkildə "ilbiz" sözünü işlədir. Onun dediyi bu sözün sirri sonra açılır. Əslində açılmır, daha da müəmmalaşır. İsti olduğundan yazıçının nəşi Almaniyadan Moskvaya qatarla təzə ilbizlərin daşınması üçün nəzərdə tutulan soyuducuda gətirilir və atasının yanında dəfn olunur...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".