Şəhid ailəsi ziyarət olunub
Region

Şəhid ailəsi ziyarət olunub

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Seydimli kəndində şəhid Aysənan Abbasovun ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.

Şəhid Aysənan Abbasov 1992-ci il iyun ayının 26-da Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur. 2014-cü ilin dekabr ayının 27-də hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Aysənan Abbasov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 30 sentyabr 2020-ci ildə Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur. Tərtər rayonunun Seydimli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 2 övladı yadigar qalıb.

Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi şücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.

Şəhidin valideynləri göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika".