VƏTƏN SEVGİSİ 
Region

  VƏTƏN SEVGİSİ 

Azərbaycanda  şəhid ailələrinə,  qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. Ölkə başçısının siyasətinin əsas istiqamətlərini onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması, daimi hörmət və ehtiram göstərilməsi təşkil edir.

Vətən müharibəsi şəhidi Məmmədov Rüstəm İbrahim oğlunun doğum günü məzarı yanında qeyd olundu.  Mərasimdə şəhidin ailə üzvləri və digər şəhid ailələri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov, 2-ci qrup Vətən müharibəsi əlili Pərviz Məmmədov, şəhidin oxuduğu məktəbin müəllim heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rüstəm Məmmədov 10 avqust 1998-ci ildə Göyçay şəhərində anadan olub. Vətən müharibəsi başlayanda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifə borcunu şərəflə, ləyaqətlə, vicdanla yerinə yetirib. Cəbhənin Tərtər istiqamətində Suqovuşanın azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib və 2020-ci ilin oktyabr ayının 17-si şəhidlik zirvəsinə yüksəlib. Göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhidin məzarı üstünə tər gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət rəsmiləri bildiriblər ki, Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı 44 gün davam etdi, müharibə ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da işğal altındakı torpaqlarımız yağılardan təmizləndi. Müzəffər ordumuzun hər bir əsgəri, hər bir zabiti müharibədə qəhrəmancasına döyüşdü, işğalçının torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdilər. Əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdilər. Bəli, vətən sevgisini hər şeydən üstün tutdular…

Sonra şəhidin qısa, lakin şərəfli həyat yolundan ətraflı söhbət açaraq bildirildi ki, şəhid Məmmədov Rüstəm İbrahim oğlu bütün gənclərə örnəkdir, daimi qəlblərdə yaşayacaqdır. Çıxışlarda ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətindən bir daha əhatəli danışılıb. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun şücaətindən bəhs edilib, Rüstəm və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunacaq.

Məktəblilər şəhidlərlə bağlı şeirlər səsləndirdilər.

Zabit XƏLİLOV,

“Respublika”.