Ağdam Sənaye Parkı: rezidentlərin sayı artır
Region

Ağdam Sənaye Parkı: rezidentlərin sayı artır

Tariximizin ən şərəfli səhifəsi olan 44 günlük Vətən müharibəsində Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti,  prinsipiallığı,  dəmir iradəsi və qəhrəman Silahlı Qüvvələrimizin şanlı Zəfəri nəticəsində Ermənistan ordusu darmadağın edildi, düşmən ölkə kapitulyasiyaya və işğal etdiyi əraziləri boşaltmağa məcbur oldu.  Üçtərəfli birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi qeyd-şərtsiz boşaldıldı. Azərbaycan Ordusunun bölmələri heç bir itki, şəhid vermədən, bir güllə atılmadan, qan tökülmədən rayonun işğal altındakı hissəsinə daxil oldu.  

Hərbi, diplomatik və informasiya cəbhəsində layiqli qələbə və üstünlük qazanan dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən torpaqlarda genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərinə başlanılıb.  Həyat əhəmiyyətli infrastrukturun yaradılması, enerji təsərrüfatının qurulması,  yolların çəkilməsi,  körpülərin tikilməsi, yaşayış məhəllələrinin salınması, tarixi-dini abidələrin bərpa edilməsi müharibə ağrıları yaşamış torpaqlara dirçəliş və inkişaf gətirir.  İşğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işlərinin ahəngi və sürəti gündən-günə artır, işğalçıların ölü zonaya çevirdikləri torpaqlar indi çox böyük quruculuq məkanına çevrilir.  Respublikamızda iqtisadi rayonların yeni bölgüsü haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman böyük tarixi əhəmiyyət daşıyır və eyni zamanda yeni məqsədlərin həyata keçirilməsinə geniş imkanlar açır.  Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası,  gələcək inkişafının təmin olunması,  zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən səmərəli istifadə etmək qarşıda dayanan ən ümdə məsələdir.  Özünəməxsus zəngin tarixi-mədəni irsə,  əsrarəngiz təbiətə malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı abadlıq işləri aparılır,  şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır, iri infrastruktur layihələr icra olunur. Dövlətimizin başçısının dediyi kimi,  əlbəttə ki,  bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.  Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada,  tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq. Bu sözlər, bu qəti mövqe qələbəmizi həzm edə bilməyən Ermənistana, onun havadarlarına, revanşist qüvvələrə, erməni ilə “qardaş” olan dövlətlərə çox açıq bir mesaj və xəbərdarlıqdır.

Doğma yurd yerlərinə qayıdacaq insanlara iş yerlərinin yaradılması üçün 2021-ci ilin may ayının 28-də Prezident tərəfindən təməli qoyulan Ağdam Sənaye Parkında quruculuq işləri sürətlə aparılır.  “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərmanda bildirilir ki,  işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini,  dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.  Ümumi ərazisi 190 hektar olan Ağdam Sənaye Parkında İqtisadi Zonaların İnkişafı Agentliyi üçün mobilizasiya,  qida sənayesi müəssisələri,  kiçik istehsal və xidmət müəssisələri,  istehsal sahəsi,  tikinti materiallarının satışı,  TIR parkı,  texnika təmiri sahəsi,  texniki zona və iri sənaye müəssisələri üçün nəzərdə tutulmuş sahələr olacaq.  

Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması,  kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının,  meyvə-tərəvəz konservlərinin,  ət və süd məhsullarının,  şərab,  yem,  gübrə istehsalı və emalının,  eyni zamanda,  xidmət sahələrinin,  soyuducu kameraların təşkili nəzərdə tutulub. Sənaye Parkına maraq göstərən rezidentlərin sayı artır və yeni qeydiyyata alınmış rezidentlərin ümumi investisiya həcmi 36 milyon manata yaxın olan layihələrinin reallaşması nəticəsində 130-dan çox daimi iş yeri yaradılacaq. Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bununla da rezidentlərin sayı 14-ə çatıb.  Yeni rezident - “Qarabağ Steel” MMC Sənaye Parkının 5 hektar ərazisində investisiya dəyəri 32, 4 milyon manat olan boru və qutu profillərin istehsalı zavodunu inşa edəcək.  94 nəfərin daimi işlə təmin ediləcəyi müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı,  xaricə ixracı da nəzərdə tutulur. Sənaye Parkının digər yeni rezidenti “Thermo Natural Azerbaijan” MMC tərəfindən bir hektar ərazidə alçı,  eksteryer suvaq,  dolğu və izolyasiya materialları istehsal edən zavod tikiləcək.  İnvestisiya dəyəri 3, 5 milyon manat olan və 37 nəfərin işləyəcəyi müəssisədə istehsal olunacaq məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Yeri gəlmişkən qeyd edək ki, sənaye parkında üç şirkətə qeyri-rezidentlik statusu verilib.  Onlardan “Yüksəl Beton” QSC artıq bu ərazidə beton istehsalı müəssisəsi inşa edib,  məhsulun topdan və pərakəndə satışına başlayıb.  Zavod saatda 120 kub beton istehsal etmək gücündədir.  Saatda 100 kub beton istehsal edəcək daha bir zavod da quraşdırılır. Müəssisə sənaye zonasındakı və Ağdam şəhərindəki tikintiləri betonla təmin edir. Qeyd edək ki, ümumilikdə,  Ağdam Sənaye Parkına 60 milyon manatdan çox investisiya yatırılacaq.  Sənaye Parkında 700-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.  Yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə,  bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

Salman ALIOĞLU,

“Respublika”.