Rəşadətli döyüş yolu
Region

Rəşadətli döyüş yolu

Lerik rayonunun qabaqcıl tədris ocağı olan Çayrud kənd orta  məktəbi şəhid Elşən Səfərovun adını daşıyır. Dağlar diyarının qartal balası Elşən  kəndin ilk şəhididir.  4 avqust 1970-ci ildə dünyaya göz açan Elşən Səfərov Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə getmişdir. 6 yanvar 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlərdə  23 yaşında şəhidlik zirvəsinə ucalmışdır.  Həmin döyüşlərdə  9 yaralı yoldaşını döyüş meydanından xilas edib, 10-cunu xilas edərkən snayper gülləsi dəyir. Canından artıq sevdiyi Vətən yolunda şəhid olmağı el-obasına başucalığı gətirir.  10 yanvar 1994-cü ildə doğma  Çayrud kəndində torpağa tapşırılır.   Elşən az yaşasa da, layiqli bir övlad kimi Vətən qarşısında son borcunu ləyaqətlə yerinə yetirir,  şərəfli ölümü ilə özünə milyonların  ürəyində əzəmətli abidə ucaldır.

“Səssiz  Dünya” İşarət dilində danışan əlillərə və idmançılara dəstək İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi hesabına bu ilin 1 sentyabr ayından “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” layihəsinin icrasına başlayıb.  Söhbət əsnasında  İB-in sədri Aidə Səfərova bildirdi ki, layihə çərçivəsində  Elşən Səfərovun həyat və döyüş yolundan qısametrajlı sənədli film çəkmək istəyirik. Burada əsas   məqsəd vətənpərvərliyin, eləcə də Vətən sevgisinin təbliğində ictimai rolun artırılmasıdır. Layihənin icrası  noyabrın 1-də  başa çatacaq.

 Zəfər ORUCOĞLU.