Bölgələrdə Zəfər Günü tədbirləri
Region

Bölgələrdə Zəfər Günü tədbirləri

8 Noyabr - Zəfər Günü respublikamızın bütün bölgələrində coşqu, sevinc, qürurla və təntənə ilə qeyd edilir.

Gəncə

Azərbaycan Texnologiya Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Elm və texnologiyaların müasir trendləri" adlı Respublika Elmi-Praktik Konfransı keçirilib. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin büstü və universitet ərazisində ucaldılmış Şəhidlər abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb.

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov giriş sözü ilə çıxış edərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı 30 illik işğaldan azad etməsindən və bu zəfərin qazanılmasında xalq-dövlət-ordu birliyindən danışıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil Dövlət Agentliyinin sədri Ülkər Səttarova, Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya mərkəzinin baş icraçı direktoru Fariz Cəfərov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin direktoru Zaur Bayramov, "AzerGold" QSC-dən Valid Əliyev, Azərbaycan Respublikası Kosmik Agentliyin nümayəndəsi Aytən Zeynallı çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Naftalan

Tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr - Zəfər Günü ilə bağlı Naftalan şəhərində silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində şəhərin Nəriman Nərimanov parkında məktəblilərin vətənpərvərlik mövzusunu özündə əks etdirən rəsm işləri və əl işlərindən ibarət "Tarixi Zəfərimiz" adlı sərginin nümayişi olduqca diqqəti çəkib. Təhsil müəssisələrində keçirilən tədbirlərdə Vətənə olan sədaqət, zəfər, qəhrəmanlıq hisslərini əks etdirən şeirlər, kompozisiyalar təqdim olunub.

V.Namazov adına körpələr evi - uşaq bağçasında da körpə fidanların ifasında mahnılar səsləndirilib, rəqs nümunələri təqdim olunub. Keçirilən tədbirlərdə Şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları iştirak ediblər. Həmçinin şəhər Uşaq-Gənclər İdman məktəbinin şahmat bölməsinin yetirmələri arasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş turnir təşkil olunub.

Xocavənd

Xocavənd rayonu Salakətin kənd tam orta məktəbində "Zəfərin mübarək, Azərbaycan" adlı tədbir keçirilib. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Məktəbin direktoru Rəmziyyə Aslanova bildirib ki, möhtəşəm qələbənin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına yiyələnmiş qəhrəman Azərbaycan əsgər və zabitlərinin şücaəti qürur mənbəyimizdir. Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində 8 noyabr 2020-ci il şanlı tariximizə Zəfər Günü kimi şərəflə yazılıb.

Məktəbin tarix müəllimi Anar İbrahimov 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasını müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu bildirib. Şəhidlərimizin Vətən sevgisindən, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan söz açaraq bildirib ki, onların xatirəsi qəlbimizdə daim yaşayacaq, göstərdikləri qəhrəmanlıqlar heç zaman unudulmayacaq.

Şəki

Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə müzəffər Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb.

Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Cumakənd kənd sakini, kiçik gizir Əhmədov Rizvan Niyazi oğlunun və Aşağı Layısqı kənd sakini, əsgər İdrisov Bəxtiyar İxtiyar oğlunun məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Anım tədbirlərində şəhidlərin vətənpərvərliyindən, qəhrəmanlığından söz açılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi vurğulanıb.

Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qəbələ

Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən 8 Noyabr - Zəfər Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş şəhid Mustafayev Elməddin Məhəmməd oğlunun ailəsi evlərində ziyarət edilib. Görüşdə şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğu, şəhid ailələri daim dövlətimizin diqqət mərkəzində saxlanıldığı qeyd edilib, ailənin problemləri ilə maraqlanılıb, onlara bayram sovqatı təqdim edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Zaqatala

Rayondakı şəhidlərin xatirə abidəsində büdcə vəsaiti hesabına əsaslı təmir işlərinə başlanılıb. Şəhərin mərkəzində yerləşən bu abidə vətəndaşların ən çox ziyarət etdiyi məkanlardan biridir. Yenidən qurulan abidədə ərazi bütövlüyümüz uğrunda canlarından keçən 235 zaqatalalı şəhidin adı və fotosu həkk ediləcək, abidənin ətrafı abadlaşdırılacaq.

Şəhərdə aparılan abadlıq işləri çərçivəsində yaxın günlərdə 12 küçənin asfaltlaşdırılması işlərinə başlanılması da nəzərdə tutulur.

İsmayıllı

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri və kollektivləri tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və rayonun idarə, müəssisə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə rayonda ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı 1200 ədəd ağac əkilib.

İsmayıllı rayonunun "ağciyəri" sayılan yaşıl guşələrin dairəsi genişləndirilir, müasir parklar, yeni yaşıllıq zolaqları salınır, ekoloji siyasət uğurla həyata keçirilir.

Şəmkir

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Zəfər Marafonu təşkil olundu. Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, idmançılar, könüllülər iştirak etdilər.

Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirdi ki, Marafonun keçirilməsində məqsəd qələbə əhvali-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdir.

İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin əhəmiyyətindən bəhs edərək Marafon iştirakçılarına uğurlar arzuladı.

Daha sonra Zəfər Marafonuna start verildi. Marafonda 300 nəfərdən çox şəxs iştirak etdi. Yarış iştirakçıları Şəmkir şəhərində yerləşən Bayraq Meydanından Şəhidlər Xiyabanınadək olan məsafəni qət etdilər.

Yarışda final xəttini ilk olaraq Turac Əliyev, ikinci Həsən Məmmədov keçdi. 3-cü yerin qalibi isə Əsəd Məmmədov oldu.

İlk üç yerin qalibləri RİH tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.

"Respublika".