İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Azərbaycan komandası turnirdə uğurla çıxış edib

Polşanın Zakopane şəhərində Ümumdünya Kapoeyra Federasiyasının təşkil etdiyi və 10-dan çox ölkənin iştirakı ilə turnir keçirilib. Ölkəmizi turnirdə Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası təmsil edib. Azərbaycan kapoeyraçıları yarışın medal hesabında Estoniya və Almaniya idmançılarını geridə qoyaraq fəxri kürsünün ilk pilləsində yer alıb. İdmançılarımızdan Fərid Allahverdiyev, Toğrul Qurbanov, Asya Atayeva, Mehriban Hacıbabayeva və Əli Tağızadə qızıl, Cavidan Pənahlı, Aydan Əliyeva və Fərid Səlimov gümüş, Əli Davud, Rəhmətullah Eyvazov və Şəms Rəhimzadə isə bürünc medal əldə ediblər.

 

Şahmatçılarımız çempionatda gümüş və bürünc medal qazanıblar

Antalyada müxtəlif yaş qrupları arasında keçirilən Avropa çempionatında 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb. Çempionatda Azərbaycan şahmatçıları Əhməd Xaqan gümüş, Leyla Mirzəyeva isə bürünc medal qazanıblar. Əhməd Xaqan 12 yaşlı oğlanların yarışında 7 xal toplayaraq ikinci yeri tutub. Leyla Mirzəyeva isə eyni xalla 10 yaşlı qızlar arasında üçüncü yerdə qərarlaşıb.

 

İdmançımız bürünc medala sahib olub

Ankarada ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb. Yarışda 16 ölkədən 72 atlet çıxış edir.

Turnirdə Azərbaycan yığmasının üzvü Nazilə İsmayılova körpücük üzərinə çıxıb. 49 kiloqram çəki dərəcəsində yarışan idmançımız toplam 127 kiloqram (55+72) nəticə ilə bürünc medala sahib olub.

 

Stolüstü tennis üzrə ölkə kuboku yarışı keçiriləcək

Noyabrın 16-dan 19-dək stolüstü tennis üzrə ölkə kuboku yarışı keçiriləcək. Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının dəstəyi ilə təşkil olunacaq.

"Şüa" İdman Kompleksində keçiriləcək ölkə kuboku yarışına müxtəlif idman cəmiyyətləri, klublar və uşaq-gənclər idman məktəbləri qatılacaq. Noyabrın 19-da yekun vurulacaq yarışın qalibləri nazirliyin diplomları və federasiyanın qiymətli hədiyyələri ilə təltif olunacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika"