DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

SERBİYA VƏ KOSOVO GƏRGİNLİKDƏN ÇƏKİNMƏKLƏ BAĞLI RAZILIQ ƏLDƏ EDIBLƏR

Serbiya və Kosovonun nümayəndə heyətləri gərginlikdən çəkinmək haqqında razılığa gəliblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel məlumat verib.

“Aİ-nin vasitəçiliyi çərçivəsində Kosovo və Serbiyanın nümayəndə heyətləri gərginlikdən çəkinmək və münasibətlərin normallaşdırılması təklifinə tam diqqət yetirmək üçün tədbirlər haqqında razılığa gəldiklərini elan etməkdən çox məmnunam”, - deyə diplomat vurğulayıb. Xatırladaq ki, Kosovo rəhbərliyi noyabrın 1-dən xəbərdarlıq edərək Serbiya avtomobil nömrələrini dəyişdirməyənləri cərimələmək qərarına gəlib. Cərimələrin məbləği 150 avro təşkil edəcək və vətəndaşlara serb nömrələrini Kosovonun qeydiyyat nişanları ilə əvəz etmək tapşırılacaq. Bu keçid dövrü 2023-cü il aprelin 21-dək davam edəcək, bundan sonra Kosovo polisi Serbiya nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq.

 

EMMANUEL MAKRON TƏHQİQATA CƏLB EDILIR

Fransada 2017-ci il seçkilərində ölkə prezidenti Emmanuel Makronun seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı araşdırma başlanılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, ilkin istintaqı ölkənin Maliyyə Prokurorluğu aparır. İstintaq üç müstəntiqə, o cümlədən 2017-ci ildə keçmiş baş nazir Fransua Fiyona qarşı ittihamlar irəli sürən Serj Turnerə həvalə edilib.

Məlumata əsasən, təhqiqat özəl konsaltinq şirkətləri tərəfindən çirkli pulların yuyulması və korporativ verginin ödənilməməsi ilə bağlı olub. Məlum olub ki, “McKinsey” şirkətinin Fransa ofisi son on ildə vergi ödəməyib və bu borc artaraq 1 milyard avroya çatıb. Məhz bu ilin mayında “McKinsey”in qərargahında aparılan axtarışdan sonra prokurorlar  maliyyə işinə “favoritizm” və “kampaniyanın qanunsuz maliyyələşdirilməsi” şübhələrini əlavə etmək qərarına gəliblər. İndi onlar Amerika firmasının hökumət müqavilələrinin verilməsində imtiyazlı mövqeyə malik olub-olmadığını araşdırmalıdırlar.

“Le Monde” qəzetinin yazdığına görə, bu firmanın məsləhətçiləri 2017-ci il prezident seçkiləri zamanı Emmanuel Makronun kampaniyası üzərində çalışıblar və iddialara görə, hətta prezident partiyası və nazirliklərdə müəyyən vəzifələr tutublar.

 

AEBA: “ZAPOROJYE” AES XARİCİ ENERJİ TƏCHİZATINA ÇIXIŞDAN MƏHRUM OLUB

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye AES-nin növbəti dəfə xarici enerjiyə çıxışını itirdiyini və hazırda reaktorları soyutmaq və nüvə təhlükəsizliyini qorumaq üzrə digər mühüm vəzifələri yerinə yetirmək üçün fövqəladə dizel-generatorları işə saldığını bildirib. “Report”un verdiyi xəbərə görə, bu barədə agentliyin saytında dərc olunmuş bəyanatda qeyd olunub.

Sənəddə bildirilir ki, AES-də olan AEBA ekspertlərindən ibarət qrup stansiyanın noyabrın 23-də saat 15:30-da xarici enerji təchizatından məhrum olduğunu açıqlayıb. “İlkin olaraq stansiyadakı 20 dizel generatorunun hamısı avtomatik qoşulub. İndi onlardan səkkizi obyekti ehtiyat elektrik enerjisi ilə təmin edir, qalan 12 generator isə gözləmə rejiminə keçirilib”, - deyə təşkilatın açıqlamasında vurğulanır. Eyni zamanda, məlumata əsasən, qəza dizel-generatorları stansiyanı ən azı on gün təmin edə biləcəklər.

Bununla yanaşı, qurum nümayəndələri altı reaktorun təhlükədə olmadığını bildiriblər: “Stansiyanı və yaxınlıqdakı Enerqodar şəhərini istiliklə təmin etmək üçün isti dayanma vəziyyətində olan iki reaktor soyumağa hazırlanacaq. Qalan dörd reaktor soyuq dayandırma rejimində qalır”.

 

MƏRKƏZİ AFRİKADA “BRICS” QRUPUNUN REGİONAL QƏRARGAHI AÇILACAQ

Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə yaxın zamanda “BRICS” qrupunun regional qərargahı açılacaq. “Trend”agentliyinin verdiyi xəbərə görə, bu barədə “BRICS”in Mərkəzi və Qərbi Afrikadakı nümayəndəsi Hua Don Melloya istinadən "Ndeke Luka" radiostansiyası məlumat yayıb.

“Banqid bütün Mərkəzi Afrika üçün “BRICS”in paytaxtı olmalıdır. Vəzifə Mərkəzi Afrika Respublikası və region ölkələrinin “BRICS”lə arasında investisiya və əməkdaşlıq proqramını hazırlamaqdır”, - deyə nümayəndə bildirib. Birliyin rəsmisi vurğulayıb ki, bu proqramın əsas müddəaları “BRICS” qrupu ilə sonrakı koordinasiya üçün Mərkəzi Afrika Respublikası hökuməti tərəfindən mümkün qədər tez hazırlanacaq. “Hesab edirik ki, energetika proqramın əsas elementinə çevrilməlidir. Onsuz nə sənaye, nə də xidmət sektoru mövcud ola bilməz”, - deyə nümayəndə əlavə edib.

 

PENTAQONDAN TÜRKİYƏNİN KEÇİRDİYİ ƏMƏLİYYATLA BAĞLI NÖVBƏTİ BƏYANAT

Pentaqondan Türkiyənin PKK/YPG terror təşkilatına qarşı keçirdiyi “Pəncə-Qılınc” əməliyyatı ilə bağlı növbəti bəyanat verilib. “Teleqraf.com”un xəbərinə görə, bu haqda ABŞ Hərbi Hava Qüvvələri komandanı Pat Rayder açıqlama verib.

ABŞ rəsmisinin sözlərinə görə, bu əməliyyatlar nəticəsində Türkiyə və Suriyada mülki vətəndaşların həlak olmasını pisləyir və başsağlığı veririk: “Biz mülki infrastrukturun qəsdən hədəfə alınması ilə bağlı xəbərlərdən narahatıq”.

Bununla yanaşı, bəyanatda ABŞ-ın Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını anladığı və atəşkəsin təşkili üçün Türkiyə və yerli tərəfdaşlarla danışıqları davam etdirəcəyi vurğulanıb.

Eyni zamanda, “Röyters” agentliyi bu bəyanatın ABŞ-ın Türkiyənin Suriyadakı əməliyyatına bu günə qədər verdiyi ən sərt reaksiya olduğunu bildirib.

Qeyd edilir ki, Suriyanın şimalında ABŞ-ın PKK/YPG-nin bağlı olduğu Suriya Demokratik Qüvvələrinə dəstək verən 900-ə yaxın əsgəri var.

 

ÇİNDƏ KORONAVİRUSA REKORD SAYDA YOLUXMA FAKTI QEYDƏ ALINIB

Çində koronavirusa yoluxma hallarının sayının artması ilə bağlı tarixi rekord qeydə alınıb. “Trend” agentliyi Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Milli Komitəsinə istinadən xəbər verir ki, son sutka ərzində ölkədə 31656 yoluxma halı müəyyən edilib.

Bundan əvvəl Çində yoluxma hallarının maksimum artımı aprelin 14-də qeydə alınıb - 29411 hal. Həmçinin departamentin rəsmi açıqlamasından belə çıxır ki, son sutka ərzində qeydə alınan virusa yoluxanların 87 faizi simptomsuz daşıyıcılardır.

Məlumata əsasən, noyabrın 23-də Çində daha bir nəfər “COVID-19”dan dünyasını dəyişib və bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5232 nəfərə çatıb.

Qeyd edək ki, son günlər Çində koronavirusun yayılması nəzərəçarpacaq dərəcədə sürətlənib. Nəticədə bir çox şəhərlərdə sərt karantin qaydaları tətbiq olunmağa başlayıb.

 

TÜRKİYƏDƏ BEŞİNCİ NƏSİL YERLI HƏRBİ TƏYYARƏNİN HAZIRLANMASI DAVAM EDİR

Türkiyə beşinci nəsil yerli hərbi təyyarənin yaradılması layihəsinin icrasını davam etdirir. “Trend”in verdiyi xəbərə görə, təyyarənin prototipinin yaradılması üzərində iş Türk Havacılık və Uzay Sanayinin (TUSAŞ) mütəxəssisləri tərəfindən Türkiyə Müdafiə Sənayesi İdarəsi ilə koordinasiya əsasında aparılır.

Məlumata əsasən, layihənin növbəti mərhələsi çərçivəsində 18 mart 2023-cü il tarixində anqardan çıxarılması planlaşdırılan prototip təyyarənin gövdəsi və qanadlarının quraşdırılmasına başlanılıb.

Eyni zamanda, bildirilir ki, yerli hərbi təyyarənin prototipi beynəlxalq standartlara tam uyğun olacaq. Təyyarənin prototipinin yaradılması zamanı 6500-ə yaxın ehtiyat hissəsi istifadə olunacaq.

Bununla yanaşı, qeyd edək ki, layihənin sonrakı mərhələləri 2029-cu ilə qədər həyata keçiriləcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.