DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN İSVEÇİ TERRORLA MÜBARİZƏDƏ LAZIMİ DƏSTƏK VERMƏYƏ ÇAĞIRIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin baş naziri Ulf Kristersson arasında telefon danışığı baş tutub. Bu barədə “Report” agentliyi “Haber Global” telekanalına istinadən xəbər verib.

Bildirilir ki, Ərdoğan danışıqlar zamanı İsveçin terrorla mübarizədə Türkiyəyə lazımi dəstəyi verməsinin vacib olduğunu vurğulayıb.

Eyni zamanda, danışıqlar zamanı bir çox məsələlər, xüsusən İsveçin NATO-ya üzvlüyünün təsdiqi ilə bağlı müzakirələr aparılıb.

Türkiyə lideri və İsveç hökumətinin başçısı həmçinin terrorla mübarizəni, iki ölkə arasındakı münasibətləri, regional, qlobal problemləri müzakirə ediblər.

Ərdoğan İsveçin NATO-ya üzvlüyündən sonra müttəfiqlik ruhuna uyğun olaraq üçtərəfli memorandumdan irəli gələn öhdəliklərini yerinə yetirəcəyinə inandığını bildirib.

Türkiyə prezidenti həmçinin iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlıq mexanizmini işə salmasının vacibliyini diqqətə çatdırıb.

MOLDOVANIN Aİ-YƏ ÜZVLÜYÜ DAHA TEZ BAŞ VERƏ BİLƏR

Moldova Avropa İttifaqına (Aİ) üzv olmaq üzrə danışıqları təyin olunan 2030-cu ildən tez başa çatdıra bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Moldovanın hakim “Fəaliyyət və Həmrəylik” Partiyasının sədri İqor Qrosu bəyan edib.

“Bu il referendum keçirmək, bu mübahisəyə son qoymaq və danışıqlar prosesinə tam sürətlə başlamaq çox vacibdir. Diqqəti 2030-cu ilə yönəltməyə ehtiyac yoxdur. Bunun üçün əlimizdən gələni etməyə imkanlarımız və məsuliyyətimiz var. Avropa İttifaqına qoşulma anı daha da yaxınlaşır”, - deyə partiya sədri vurğulayıb.

Eyni zamanda, İqor Qrosun fikrincə, Moldova yaranan imkanlar pəncərəsindən yararlanmalıdır. O, hesab edir ki, Moldova və Ukrayna ilə bağlı danışıqlar prosesi əvvəllər istifadə olunan şablona uyğun deyil.

Məlumat üçün qeyd edək ki, Moldova hökuməti bundan öncə ilin sonunadək Müstəqil Dövlətlər Birliyindən çıxacağını açıqlamışdı.

TÜRKİYƏLİ KOSMONAVTIN DÖNÜŞÜ TƏXİRƏ SALINIB

Türkiyənin ilk astronavtı Alper Gezeravcının da yer aldığı “Dragon” kosmik gəmisinin Yer kürəsinə qayıdışı Florida sahilindəki əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. “Trend”  agentliyinin xəbərinə görə, bu barədə “SpaceX” şirkəti özünün sosial media hesabında Ax-3 komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) yola salınmasının təxirə salındığı barədə açıqlama verib.

Məlumata əsasən, “Dragon” və Ax-3 ekipajının Florida sahillərindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-dən əvvəl BKS-i tərk etməyəcəkləri bildirilib.

Bəyanatda o da bildirilib ki, komandalar BKS-dən yoladüşmə planları ilə bağlı hava şəraitini izləməyə davam edəcəklər.

Xatırladaq ki, yanvarın 19-u tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı  Ax-3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin ilk pilotlu kosmos missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib. İlk türk astronavtı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.

“VAQNER” QRUPLAŞMASININ YENİ LİDERİ DƏ YOXA ÇIXIB

Yevgeni Priqojinin ölümündən sonra “Vaqner” qruplaşmasına komandanlıq edən Anton Yelizarov Rusiyada yoxa çıxıb. Bu barədə “Teleqraf.com”un verdiyi xəbərdə qeyd olunur.

Məlumata əsasən, Anton Yelizarov bu yaxınlarda əlaqəni kəsib. Mənbənin iddiasına görə, o, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Lakin məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Anton Yelizarov “Vaqner”dən ayrılaraq rəhbərlik etdiyi qüvvə ilə birlikdə Rusiya Müdafiə Nazirliyinin himayəsinə keçən Andrey Troşevlə müqayisədə daha sərfəli görünürdü. Sonradan Yelizarov “Rosqvardiya”ya yaxınlaşdı ki, bu da onun “Vaqner”in müstəqilliyini saxlamaq istəyən çevrələrdəki nüfuzunu sarsıtdı.

Xatırladaq ki, Yevgeni Priqojin ötən il avqustun 23-də Rusiyanın Tver vilayətində öldürülüb. Priqojin və “Vaqner”in rəhbər şəxslərini daşıyan təyyarə vilayət üzərində vurulub.

AĞ EV İRAQ VƏ SURİYAYA ZƏRBƏLƏRİN ENDİRİLMƏSİNİ TƏSDİQLƏYİB

Ağ Ev İraq və Suriyada SEPAH və onlarla əlaqəli qrupların obyektlərinə zərbələrin endirilməsini təsdiqləyib. “Trend” agentliyinin xəbərinə görə, bu barədə ABŞ prezidenti Cozef Baydenin bəyanatında bildirilir.

Bununla yanaşı, Bayden ABŞ-ın Yaxın Şərqdə və ya hər hansı başqa yerdə münaqişəyə can atmadığını vurğulayıb.

“ABŞ Yaxın Şərqdə və ya hər hansı başqa yerdə münaqişəyə can atmır. Lakin bizə zərər vermək niyyətində olanlar bilsin ki, siz amerikalıya zərər versəniz, biz sizə cavab verəcəyik”, - deyə Bayden əlavə edib.

Xatırladaq ki, Baydenin bəyanatından bir qədər əvvəl ABŞ Mərkəzi Komandanlığı  İraq və Suriyada iranyönlü qruplara zərbələrin endirilməsini təsdiqləyib.

“ABŞ İraq və Suriyada 85-dən çox hədəfi vurub və 125-dən çox dəqiq idarə olunan hərbi sursatdan istifadə edib”, - deyə Mərkəzi Komandanlığı saytında dərc olunan məlumatda qeyd edilir.

YUNANISTAN PAYTAXTINDA NAZİRLİYİN QARŞISINDA PARTLAYIŞ TÖRƏDİLİB

Yunanıstanın paytaxtı Afina şəhərində Əmək və Sosial Müdafiə Nazirliyinin qarşısında partlayış törədilib. “Report” agentliyinin ölkənin “ERT” dövlət televiziyasına istinadən verdiyi xəbərə görə, nəticədə ərazidə dağıntılar yaranıb.

Bildirilir ki, nazirlik qarşısında partlayış törədiləcəyi ilə bağlı polisə öncədən məlumat daxil olub. Bundan sonra ərazidən insanlar təxliyə edilib, yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Törədilən partlayış Yunanıstanın Əmək və Sosial Müdafiə Nazirliyinə xəbərdarlıq sayılır.

Xəbər verilir ki, partlayışın məsuliyyətini “İnqilabçı Sinfi Özünümüdafiə” kimi gündəmə gələn bir təşkilat öz üzərinə götürüb.

Məlumata əsasən, Yunanıstan parlamenti ölkədə gündəlik iş vaxtının 13 saata qədər artırılması ilə bağlı qanun layihəsini qəbul edib. Buna qarşı etiraz aksiyaları və tətillər keçirilib.

Qeyd edilir ki, iş rejiminin belə tənzimlənməsi gündəlik iş vaxtının 13 saata, həftəliyin isə 78 saata çatdırılmasına yol açıb. Yeni qanuna əsasən, bayram və bazar günləri işləmək də məqbul sayılır.

KAKAONUN QİYMƏTİ SON 46 İLDƏ ƏN YÜKSƏK HƏDDƏ ÇATIB

Kakao paxlasının qiymətləri artaraq ticarət nəticələrinə əsasən, 46 ildən çox müddət ərzində yeni yüksək səviyyəyə çata bilər. “TASS” agentliyinin verdiyi xəbərə görə, ABŞ-ın “ICE” birjasında kakao paxlasının mart fyuçersləri 1 faiz artaraq bir ton üçün 5009 dollara çatıb.

Məlumata görə, cümə axşamı günü müqavilə qiyməti bir ton üçün 4956 dollar olub, “Dow Jones” indeksinə görə, bazar 20 iyul 1977-ci ildən bəri bağlanan ən yüksək göstəricidir.

Yanvar ayında kakao paxlası 15 faiz bahalaşıb ki, bu da 2020-ci ilin noyabrından bəri ən əhəmiyyətli artımdır.

Eyni zamanda, araşdırmalara görə, kakao paxlası məhsulu əvvəlki kənd təsərrüfatı ilinin səviyyəsindən geri qalır.

İxracatçıların hesablamaları göstərir ki, dünyanın ən böyük əmtəə istehsalçısı olan Fil Dişi Sahili limanlarına kakao paxlası daşımaları bir ilin eyni dövrü ilə müqayisədə 35 faiz az olmuşdur.

Ekspertlərin fikrincə, bu o deməkdir ki, kakao paxlası bazarı üçüncü il ardıcıl olaraq defisitlə üzləşəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.