İdman: daim zirvələrdə
İdman

İdman: daim zirvələrdə

Şahmatçılarımız birinci yeri tutublar

Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan uşaqlar arasında şahmat turniri keçirilib.

Dairəvi sistem üzrə keçirilən və doqquz turdan ibarət olan yarışda ölkəmizi Azərbaycan çempionu, yeniyetmələrin olimpiadasında öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Azərbaycan çempionu Şəmsi Qaraxanov və Atilla Orman təmsil ediblər.

Yekun nəticələrə görə, Azərbaycan komandası ən yüksək nəticəyə imza ataraq birinci yerə layiq görülüb.  Bundan əlavə, şəxsi hesabda Nərmin Abdinova, Atilla Orman öz taxtalarında birinci, Xaqan Əhməd, Şəmsi Qaraxanov isə ikinci yerə sahib olublar.

 

Son 6 mövsümün rekordu

Futbol üzrə Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin ilk oyunlarında 13 qol vurulub. Bu, son 6 mövsümün rekordudur.

Dörddəbir finalın ilk matçlarında daha çox qolun vurulmasına sonuncu dəfə 2016/2017-ci il mövsümündə təsadüf olunub. Həmin vaxt 4 görüşdə 14 qol vurulub. Bu qarşılaşmalar üçün mütləq rekord 2006/2007-ci il mövsümündə qeydə alınıb. Dörddəbir finalın 2007-ci ildə baş tutan ilk oyunlarında 17 qol vurulub.

Gimnastika üzrə birgə yarışlar davam edir

Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə yarışlar davam edir.

Şəkidə keçirilən birgə yarışlar çərçivəsində idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyi baş tutacaq.

Ötən illərdən fərqli olaraq birgə yarışlar ilk dəfə paytaxt Bakıda deyil, məhz bölgədə təşkil edilir. Birgə yarışlara dekabrın 11-də yekun vurulacaq.

 

Cüdoçularımız təlim-məşq toplanışında

Azərbaycan cüdoçuları Türkiyədə beynəlxalq təlim-məşq toplanışında hazırlıq keçirlər.

Antalya şəhərindəki toplanış dekabrın 20-22-də İsraildə keçiriləcək "Masters" turnirinə hazırlıq məqsədi daşıyır. Dekabrın 15-dək davam edəcək hazırlıq prosesində böyüklərdən ibarət milli komandanın 15, qadınlardan ibarət yığmanın isə 8 cüdoçusu iştirak edir.

Nərgiz İSMAYILOVA,

"Respublika".