İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Azərbaycan Qran-Prisinin başlanma vaxtı açıqlandı

2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinin proqramı açıqlanıb. Aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək yarışda ilk dəfə sprint yürüş təşkil olunacaq.

Proqrama əsasən, aprelin 28-də saat 13:30-da birinci sərbəst yürüş, 17:00-da isə təsnifat mərhələsi start götürəcək. Ertəsi gün ikinci sərbəst yürüş də 13:30-da başlayacaq. Pilotlar sprint yürüşündə mübarizəyə 17:30-da qoşulacaqlar. Azərbaycan Qran-Prisi isə aprelin 30-da 15:00-da start götürəcək.

 

Millimiz 4 medal qazanıb

Qazaxıstanın paytaxtı Astanada qazax güləşi üzrə U-17, U-20 və böyüklər arasında dünya birinciliyi və çempionatı keçirilib.

Azərbaycan təmsilçilərindən Nəsimi Unbayev (böyüklər arasında, 55 kq) gümüş, Nicat İsmayılov (U-17, 60 kq), Ataxan Babayev (U-20, 60 kq) və Nihad İskəndərov (U-20, 100 kq) isə bürünc medal qazanıblar.

 

Xizəkçimiz İtaliyada birinci olub

İtaliyanın Santa Caterina Valfurva xizək mərkəzində 3 yaş kateqoriyası üzrə 11 ölkədən 106 iştirakçının qatıldığı dağ xizəyi turniri keçirilib. Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən İlya Kostov beynəlxalq turnirdə birinci yeri tutub. İdmançımız "downhill" növü üzrə yarışlarda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Gimnastımız "GymGala"da iştirak edəcək

Tamblinq üzrə Azərbaycan yığma komandasının üzvü, Avropa çempionu Mixail Malkin "GymGala" şousuna dəvət alıb. Tədbir dekabrın 17-18-də Belçikanın Antverpen şəhərində keçiriləcək. Hər il olduğu kimi, bu il də şouya müxtəlif gimnastika növləri üzrə dünya, Avropa mükafatçıları, həmçinin Olimpiya ulduzları qatılacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".