DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İRANDA NEFT ŞİRKƏTLƏRİNİN İŞÇİLƏRİ DƏ ETİRAZLARA QOŞULDU

Hazırda İranın cənubunda yerləşən bir sıra neft şirkətlərinin işçiləri etiraz aksiyalarına qoşulublar. “Trend” agentliyinin məlumatına görə, İranın Pars Neft-Qaz Şirkəti, Cənub Neft Zonaları Milli Şirkəti və bir neçə digər neft və neft-kimya şirkətinin işçiləri mövcud iqtisadi duruma, onlara verilən və yerinə yetirilməyən vədlərə etirazlarını bildirirlər.

Eyni zamanda, qeyd edilir ki, İranın müxtəlif yerlərində pərakəndə şəkildə etiraz aksiyaları davam edir.

Son vaxtlar İranda iki nəfərin təhlükəsizlik məmurlarını öldürməsi ittihamı ilə edam olunmasından sonra, hər gün şübhəli ölüm halları qeydə alınır. Son olaraq, əslən azərbaycanlı Ayda Rüstəmi adlı həkimin öldürüldüyü açıqlanıb. Bu həkimin gizli şəkildə etiraz aksiyalarında yaralanan şəxsləri müalicə etdiyi vurğulanır.

Xatırladaq ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb.

Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və etirazlar artıq müxtəlif sahələri əhatə edir.

 

UKRAYNADAN İXRAC OLUNAN TAXILIN MİQDARI 14 MİLYON TONU ÖTÜB

“İndiyədək Ukraynadan dünya ölkələrinə ixrac olunan taxılın miqdarı 14 milyon tonu keçib”. “Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata əsasən, hazırda Ukraynadan taxılın ixracı davam edir. Belə ki, bu günə kimi taxıl yüklü 556 gəmi Ukrayna limanlarından çıxıb.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Qeyd edək ki, oktyabrın 29-da Rusiya hakimiyyəti Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “taxıl sazişi”ndən çıxdığını elan etmişdi.

Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin bərpa olunduğunu bəyan edib və Türkiyənin Rusiya ilə danışıqları nəticəsində yenidən Ukraynanın ixracı sabitləşib.

 

RUSİYA DONANMASI KALİNİNQRADA DOĞRU HƏRƏKƏTƏ BAŞLAYIB

Rusiya Müdafiə Nazirliyinin Baltik Donanması Kalininqradda  təlimə başladığını açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, 1500-dən çox hərbi qulluqçu, 10-dan çox döyüş gəmisi və hava birliyi Kalininqrad bölgəsində komanda-inzibati təlimə qatılacaq.

Məlumata əsasən, təlim çərçivəsində hərbi-dəniz taktiki qrupları bazalarını tərk edəcək. Təlim zamanı Baltik dənizindəki gəmi qrupları artilleriya və raketlərdən atəş açaraq, xəyali düşmən gəmi və təyyarələrini vuracaqlar.

Eyni zamanda, açıqlamada “Bastion” və “Bal” tipli sahil raket sistemlərindən istifadə ediləcəyi bildirilib.

Verilən xəbərə görə, hərbi təlimlərdə “Pantsir-S” hava hücumundan müdafiə sistemləri də iştirak edir.

Baltik Donanmasının Mətbuat Xidməti təlimlə bağlı açıqlamasında bildirib ki, Baltik Donanmasının hava hücumundan müdafiə bölmələri planlaşdırılan təlim zamanı alçaqdan uçan və aşağı sürətlə hərəkət edən hədəflərin tutulması tapşırıqlarını yerinə yetirir.

 

HİNDİSTANDA SAXTA SPİRTLİ İÇKİLƏRDƏN ÖLƏNLƏRİN SAYI 70 NƏFƏRİ KEÇİB

Hindistanın şərqindəki Bihar əyalətinin Çhapra şəhərində saxta spirtli içkilərdən zəhərlənmə nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “India TV News”  telekanalı məlumat yayıb.

Məlumat üçün qeyd edək ki, bundan öncə saxta spirtli içkidən ölənlərin sayının 50 nəfər olduğu bildirilirdi.

Eyni zamanda, telekanalın xəbərinə görə, təkcə son 24 saat ərzində 17 nəfər saxta spirtli içkinin qəbulu nəticəsində dünyasını dəyişib. Lakin yerli sakinlər sosial şəbəkələrdə yüzdən çox insanın öldüyü haqda məlumat veriblər.

Bununla yanaşı, faciə nəticəsində onlarca insanın vəziyyəti ağırlaşıb, bir çoxunun görmə qabiliyyəti itib. Həmçinin bildirilir ki, ölkə polisi reydlər keçirib və saxta içki satan 126 nəfəri həbs edib.

 

ABŞ RUSİYA VƏ İRAN ARASINDA ƏMƏKDAŞLIQDAN NARAHATDIR

ABŞ Rusiya və İran arasında artan əməkdaşlıqdan narahatdır və onun sonda tam hüquqlu müdafiə tərəfdaşlığına çevrilə biləcəyindən ehtiyatlanır. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns bəyan edib.

“Biz kifayət qədər narahatıq. Rusiya ilə İran arasında tarixən çox böyük inamsızlıq olub, lakin onların hazırda bir-birinə ehtiyacı var. Və indi ortaya çıxmağa başlayan məsələ, ən azı, Rusiya və İran arasında tammiqyaslı müdafiə tərəfdaşlığının ilkin mərhələsidir” - deyə Uilyam Berns vurğulayıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun sözlərinə görə, Rusiya ilə İran arasında tərəfdaşlıq artıq Ukraynadakı döyüş meydanına da təsir edir. “Bu davam edərsə, Yaxın Şərqə də daha təhlükəli təsir göstərə bilər. Ona görə də biz bunu çox ciddi qəbul edirik”, - deyə Uilyam Berns əlavə edib.

 

TÜRKİYƏYƏ EKSTRADİSİYA EDİLƏN LEVENT GÖKTAŞ DƏRHAL HƏBS EDİLİB

Bolqarıstandan Türkiyəyə ekstradisiya edilən və Nəcip Hablemitoğluna sui-qəsddə şübhəli bilinən Mustafa Levent Göktaş İstanbula gətirilərək həbs edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, şübhəli Bolqarıstanın Plovdiv Apellyasiya Məhkəməsinin qərarı ilə Türkiyəyə ekstradisiya edilib.

Məlumata əsasən, Mustafa Levent Göktaş 2002-ci il dekabrın 18-də professor Nəcip Hablemitoğlunun qətlə yetirilməsi sui-qəsdində iştirakçı olub və Türkiyə hüquq-mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilib.

Eyni zamanda, Ankara Prokurorluğunun apardığı istintaq çərçivəsində Göktaş 5 sentyabr 2022-ci ildə Bolqarıstandan tələb olunub.

Bildirilir ki, əvvəlcə Bolqarıstan Haskova Məhkəməsi Türkiyənin Levent Göktaşın ekstradisiya tələbini rədd edib, lakin bu qərara etiraz qəbul edilib və Göktaşın Türkiyəyə ekstradisiyasına qərar verilib.

Bununla yanaşı, qeyd edilir ki, dekbrın 16-da Göktaş paytaxt Sofiyadan təyyarə ilə İstanbula gətirilib.

 

AVROPA ÖLKƏSİNDƏN UKRAYNAYA 1 MİLYARD AVROLUQ HƏRBİ YARDIM

Niderlandın Ukraynaya göstərdiyi hərbi yardımın ümumi həcmi təqribən 1 milyard avroya çatıb. “Report”un xəbərinə görə, bu barədə krallığın müdafiə naziri Kaysa Ollonqren parlamentə ünvanladığı məktubda bildirib.

Müdafiə nazirinin sözlərinə görə, bilavasitə çatdırılan hərbi məhsulların alış qiyməti nəzərə alınmaqla göstərilən hərbi yardımın ümumi məbləği hazırda 987 milyon avro təşkil edir. “Verilmiş hərbi məhsulların balans dəyəri 404,5 milyon avroya bərabərdir, lakin oxşar məhsulların alınması hazırda Niderlanda 697 milyon avroya başa gələcək”, - deyə nazir vurğulayıb.

Niderland, həmçinin Ukrayna üçün Çexiyadan “T-72” tanklarının alınması üçün 120 milyon avro, digər kommersiya xarakterli hərbi məhsulların alınması üçün isə daha 45 milyon avro ayırıb. Bundan əlavə, Niderland Ukraynaya beynəlxalq fond xətti ilə 100 milyon avro, NATO vasitəsilə isə 25 milyon avro ödəyib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.