MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Türkmənistan" Televiziya və Radio Verilişləri Mərkəzi

Türkmənistanın paytaxtı Aşqabadda, Kopetdağ yamacında inşa olunan əzəmətli qüllə "Türkmənistan" Televiziya və Radio Verilişləri Mərkəzinin binasıdır. Paytaxtın hər yerindən görünən və şəhərə xüsusi gözəllik verən teleqüllənin Rabitə Nazirliyinin sifarişi ilə 2008-ci ildə tikintisinə başlanılıb və 2011-ci il oktyabrın 17-də Türkmənistanın müstəqilliyinin 20-ci ildönümündə açılış mərasimi baş tutub. 

Memarlıq xüsusiyyətlərinə görə seçilən və ölkənin ən hündür binalarından biri olan teleqüllənin ümumi sahəsi 60 min kvadratmetrdən çoxdur. "Türkmənistan" Televiziya və Radio Verilişləri Mərkəzinin hündürlüyü 211 metrdir və dəniz səviyyəsindən təxminən 1020 metr hündürlükdə yerləşir. Otuz bir mərtəbədən ibarət binanın ilk beş mərtəbəsi trapesiya formasındadır, altıncı və yeddinci mərtəbəsində isə nəhəng ulduz inşa olunub. 38 metrlik antena ilə taclanan teleqüllədə onlarla studiya, yüz laboratoriya və redaktə otaqları var.

Xəzər hövzəsi ölkələrinin ən hündür binalarının siyahısında yer alan teleqüllənin orta hissəsində yerləşən nəhəng səkkizguşəli "Oğuzxan ulduzu" dünyanın ən böyük memarlıq elementi kimi qeydə alınıb və qüllə Ginnesin Rekordlar kitabına daxil olub. 2012-ci ilin sentyabrında isə "Türkmənistan" Televiziya və Radio Verilişləri Mərkəzinin binası "İctimai binaların arxitekturası" nominasiyası üzrə Avropa Beynəlxalq Mülkiyyət Mükafatına layiq görülüb. 

Uilmet Bəhai Evi

Dünyanın ikinci və ən "qocaman" Bəhai İbadət Evi Amerikanın İllinoys ştatının Uilmet şəhərində Çikaqo ətrafında yerləşir. Məbədin ilk daşı 1912-ci il mayın 1-də Bəhailərin bütün ardıcıllarının başçısı Əbdül-Bəha tərəfindən qoyulub. Məhz Əbdül-Bəha İbadət Evini Çikaqonun özündə deyil, Miçiqan gölünün sahilində sakit şəhərətrafı ərazidə tikmək qərarına gəlib. 1978-ci ildə ABŞ-ın milli tarixi yerlər reyestrinə daxil olan məbədin binasını müsabiqədə qalib gələn kanadalı memar Lui Burjua layihələndirib.

Hündürlüyü 42 metr olan kompleksin bütün Bəhai İbadət Evləri kimi doqquz giriş qapısı və doqquz fasadı var. Binanın günbəzinin diametri 22 metrdir. Sementə əlavə olunan iki növ kvars kristallar sayəsində beton plitələrlə üzlənmiş məbədin divarları uzun illərdir ki, rəngini dəyişməyərək ağ qalır. İbadət evinin interyerini bəzəyən nəfis daşların üzərində altıguşəli ulduzlar, xaçlar, ayparalar, Buddist ikonaları və s. kimi dünya dinlərinin simvolları yer alır. Bütün giriş qapılarının üzərində isə Həzrət Bəhaullahın kəlamları həkk olunub.

Məbədin salonu 1200 nəfəri qəbul edə bilir. Hər il dünyanın müxtəlif yerlərindən 250 minə qədər ziyarətçi möhtəşəm məbədi görmək və ibadət etmək üçün Uilmetə gəlir.

 

"Qoyun və qoç" binaları

Y eni Zelandiyanın kiçik Tirau şəhərində iki qeyri-adi bina inşa olunub. Dünyada ən çox yun istehsalı məhz bu ölkədə olduğu üçün şəhər rəhbərliyi nəhəng "Qoyun və qoç" binalarını tikdirmək qərarına gəlib. 1994-cü ildə inşa olunan nəhəng qoyun formalı binaların ideyası yerli memar Stiven Klothierə məxsusdur.

Tirau şəhərində işaat işlərində büzməli dəmir təbəqələrindən istifadəyə daha çox yer verildiyi üçün "Qoyun və qoç" kompleksinin tikintisində də məhz bu materialdan istifadə olunub. Dəmir təbəqələrin bu quruluşu sayəsində konstruksiyalar sanki yundan toxunmuş kimi görünür. Hər iki binanın yan tərəfində giriş qapısı var.  Freskalarla bəzədilmiş kompleksin divarlarında rəssam Fred Lakman tərəfindən çəkilmiş rəsmlər əks olunub. Binada kənd təsərrüfatı məlumat mərkəzi və yun mağazası fəaliyyət göstərir.

800 nəfərdən az əhalisi olan qəsəbədən keçən magistral yolun kənarında ucalan bu iki nəhəng bina qısa zamanda böyük populyarlıq qazanıb və ölkəyə gələn turistlərin sayının artmasına səbəb olub.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".