DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDEN NAQASAKİYƏ SƏFƏR EDƏN İLK ABŞ PREZİDENTİ OLA BİLƏR

Yaponiya və ABŞ hökumətləri prezident Cozef Baydenin 1945-ci ildə Amerikanın atom bombası zərbəsinə məruz qaldığı Naqasaki şəhərinə səfərini təşkil etməyi nəzərdən keçirir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Yaponiya hökumətindəki mənbələrə istinadən “Yomiuri” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu hadisə baş verərsə, Cozef Bayden Naqasakiyə səfər edən ilk Amerika lideri olacaq. Hazırda tərəflər bu səfərlə bağlı danışıqlar aparır və yekun qərar hərtərəfli qiymətləndirilmədən sonra veriləcək.

Yaponiyanın baş naziri Fumio Kisida ABŞ prezidentini səfər razılaşdırılarsa Naqasakiyə qədər müşayiət etmək niyyətindədir. Ola bilsin Baydenin ziyarət edəcəyi yerlərdən biri nüvə bombası nəticəsində dağıdılan və sonra yenidən tikilən Urakami Katolik Kilsəsi olsun.

Qeyd edək ki, 2016-cı ildə Barak Obama Xirosimaya səfər edən ilk ABŞ prezidenti olub. Orada xüsusilə, nüvə zərbəsindən sağ çıxan şəhər sakinləri ilə görüşüb.

 

TÜRKİYƏ YERLİ HHM SİSTEMLƏRİNİN İSTEHSALINA BAŞLAYACAQ

Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin dekabrın 20-də Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasından sonra yerli silahların kütləvi istehsalının yaradılması ilə bağlı bir sıra qərarlar qəbul edilib.

“Trend” agentliyinin məlumatına görə, icraiyyə komitəsinin qərarına əsasən, ölkədə Türkiyənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə töhfə verəcək “Siper”, “Hisar” və “Sungur” sistemlərinin seriyalı istehsalına başlanacaq.

Eyni zamanda, müdafiə sənayesi icraiyyə komitəsi “Tayfun”, “Atmaca”, “TRLG-230”, “Karaok”, “Gökdoğan” və “Bozdoğan” raketlərinin, həmçinin “Akya” torpedalarının və digər döyüş sursatlarının kütləvi istehsalına başlamaq barədə qərar qəbul edib.

Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsi həmçinin pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi prosesini, eləcə də bu yaxınlarda ilk sınaq uçuşunu həyata keçirən “Kızılelma” pilotsuz hərbi təyyarəsinin layihəsini müzakirə edib.

Verilən xəbərə görə, Türkiyə Prezident Administrasiyasında təxminən bir saat yarım davam edən icraiyyə komitəsinin iclasının iştirakçıları ümumilikdə 25 müdafiə layihəsini müzakirə ediblər.

 

İRANDA MÖVCUD REJİMƏ QARŞI MÜBARİZƏ GETDİKCƏ GÜCLƏNİR

İranın Buşehr, Həştgerd, Rəşt, İlam, Tehran, Məşhəd və bir sıra digər şəhərlərində etiraz aksiyaları davam edir. “Report” agentliyinin xəbərinə görə, Tehran əyalətinin Savalan qəsəbəsində etirazçılar Mohsen Şekarinin intiqamını almaq məqsədilə “Bəsic” qüvvələrinə məxsus bazaya od vurublar.

Məlumata əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üç həftə öncə 32 yaşlı Suruş Purəhmədini Kərəc şəhərində oğurlayıb. Keçən həftə o, ağır işgəncələrə məruz qalıb, huşsuz halda yolun kənarında tapılıb. Həmin şəxs ötən gecə xəstəxanada dünyasını dəyişib.

Eyni zamanda, Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində yanğınsöndürənlər şəhər bələdiyyəsinin önünə toplaşaraq təhlükəli iş şəraitinə və hüquqlarının pozulmasına etiraz olaraq aksiya keçiriblər.

Kirmanşah əyalətinin eyniadlı şəhərində insanlar mövcud rejiminə qarşı etiraz aksiyası keçirmək üçün küçələrə axışıblar.

Bununla yanaşı, Rəzəvi Xorasan əyalətinin Taybad şəhərində gənc etirazçılar mollalarının yetişdirildiyi elmi-dini mərkəzlərə bir neçə “molotov kokteyli” ataraq yandırıblar.

 

ABŞ-DA DÖVLƏT IŞÇILƏRINƏ “TİKTOK”DAN İSTİFADƏ QADAĞASI

ABŞ qanunvericiləri gələn ildən “TikTok” tətbiqinin dövlət işçilərinin iş cihazlarında istifadəsini qadağan etmək niyyətindədirlər. “Trend” agentliyinin məlumatına görə, bununla bağlı müddəanın 2023-cü il ABŞ Hökumətinin Maliyyələşdirmə Qanunu layihəsinə salınması planlaşdırılır.

Məlumata əsasən, qadağa bu həftə səsə qoyulacaq qanun layihəsinə daxil ediləcək. Tədbirlər yalnız ABŞ federal idarələrinin əməkdaşlarına şamil olunacaq.

Bildirilir ki, ABŞ-ın bir çox federal orqanları, o cümlədən Ağ Ev, Pentaqon, Daxili Təhlükəsizlik Departamenti və Dövlət Departamenti artıq “TikTok”un dövlətə məxsus cihazlarda istifadəsini qadağan edib. Hazırda ABŞ-ın 50 ştatından 19-da yerli hökumət işçi kompüterlərin bu sosial şəbəkəyə girişini ən azı qismən bloklayıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, ABŞ kəşfiyyatı “TikTok”un ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığına əmindir. Onun fikrincə, Çin hökuməti “TikTok”un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı materialın yerləşdirilməsinə nəzarət etmək imkanına malikdir.

 

YUNANISTAN NATO TƏLİMİNƏ MANE OLMAĞA CƏHD GÖSTƏRİB

Türkiyə Hərbi Hava Qüvvələri Yunanıstanın NATO təyyarələrinin uçuşuna mane olmasının qarşısını alıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Verilən xəbərə əsasən, Yunanıstan ötən gün NATO “NEXUS ACE Ege” missiyası çərçivəsində Alyansın bir “E3-A AWACS” təyyarəsinin uçuşuna mane olmağa cəhd göstərib.

Bildirilib ki, Egey dənizinin beynəlxalq hava məkanında uçarkən, Yunanıstana məxsus 5 fərqli hava bazasından havaya qalxan “F-16”lar radar kilidləri qoyaraq Türkiyə təyyarələrini sıxışdırıb. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 14 “F-16” qırıcısı, 1 “HİK”, 1 “KC-135” hava tankeri və 1 “CASA” axtarış-xilasetmə təyyarəsi vasitəsilə maneni aradan qaldıraraq Yunanıstan tərəfinə cavab verib.

Yunanıstan təyyarələrinin NATO missiyasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Türkiyə təyyarələri missiyanın uğurla başa çatması üçün uçuşlarını davam etdirib.

 

YENI KRALIN TƏSVİRİ OLAN ƏSKİNASLAR HAZIRLANIB

Böyük Britaniyanın Mərkəzi Bankı Kral Çarlzın təsviri olan yeni əskinasların dizaynını ictimaiyyətə təqdim edib. “Trend”in verdiyi xəbərə görə, 5, 10, 20 və 50 funt-sterlinq əskinaslarda yeganə dəyişiklik kralın şəkli olacaq. Hazırkı əskinaslarda sentyabr ayında vəfat edən kraliça II Elizabetin fotosu əks olunub.

Yeni əskinasların üz tərəfində və təhlükəsizlik üçün şəffaf saxlanılan pəncərə hissəsində kral Çarlzın portreti yer alacaq.

Yeni əskinaslar 2024-cü ilin ortalarından dövriyyəyə buraxıldıqdan sonra hazırkı əskinaslar da qüvvədə qalacaq.

Kraliça II Elizabet 1960-cı ildən bəri Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılan əskinaslarda şəkli görünən ilk və yeganə monarx idi. Şotlandiya və Şimali İrlandiya bankları tərəfindən buraxılan əskinaslarda monarxın şəkli yoxdur.

 

EVA KAYLİ HƏBSİNDƏN ƏVVƏL İZAHATVERMƏYƏ ÇAĞIRILIB

Avropa Parlamentinin (AP) Sosialistlər və Demokratların Mütərəqqi Alyansı fraksiyasının sədri İraçe Qarsiya parlamentin keçmiş sədr müavini Eva Kaylini həbsindən əvvəl izahat verməyə çağırıb. “Report”un xəbərinə görə, bu barədə Brüsselin “EURActiv” portalı məlumat yayıb.

Fraksiyadakı mənbə bildirib ki, İ.Qarsiya E.Kaylidən Avropa İttifaqı (Aİ) və Qətər arasında viza rejiminin liberallaşdırılması üzrə parlament komitəsinin iclasında iştirakı ilə bağlı izahat istəyib.

Belə ki, AP-nin keçmiş sədr müavini bu komitənin üzvü olmasa da, iclasın yekunlarına əsasən komitədən olan deputatlara aid olmayan əlavə səslər aşkarlanıb. Bununla bağlı hətta Avropa Palamentinin deputatlarından biri Qarsiyaya Kaylinin bu addımı ilə bağlı şikayət göndərib.

Daha sonra Eva Kayli Sosialistlərin və Demokratların Mütərəqqi Alyansına daxil olan PASOK-un sıralarından xaric edilib.

Xatırladaq ki, Avropa Parlamentinin sabiq sədr müavini Eva Kayli və daha üç nəfər Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.