Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Elm və Texnologiyalar Sarayı

Şimali Koreyanın Pxenyan bölgəsində inşa olunan Elm və Texnologiyalar Sarayı  müasir memarlığın unikal nümunələrindən biridir. Xarici görünüşü ilə elm dünyasını simvolizə edən bina nəhəng atom modeli şəklində hazırlanıb. Layihə rəhbərlərinin əsas məqsədi uşaq və gəncləri elmin müxtəlif sahələri ilə tanış etmək və onlarda texniki fənlərə maraq oyatmaqdır. Burada riyaziyyat, fizika, kimya elmlərinin müəyyən prinsiplərini aydın şəkildə izah edən müxtəlif stend və nümunələr yer alır. Həmçinin kompüter, skaner və rəqəmsal stendlər vasitəsilə bu sahə haqqında daha dərindən məlumat əldə etmək üçün informasiya terminalları da mövcuddur. Binanın tam mərkəzində 2012-ci ilin dekabrında KXDR-in süni peyki olan «Kvanqmenson-3»-ü orbitə çıxaran «Unha-3» daşıyıcı raketinin 30 metrlik real ölçülü surəti də saxlanılır.

Ümumi sahəsi 100 000 kvadratmetr olan saray dörd mərtəbədən və dörd hissədən -- fundamental elm və texnologiyalar, elmi tədqiqatlar, müasir texnologiyalar və tətbiqi elmlər kimi bölmələrdən ibarətdir. Hər mərtəbədə elektron oxu zalları və elmi-texniki sahədə əldə olunan nailiyyətlərin sərgiləndiyi muzey fəaliyyət göstərir. Binaya həmçinin əlillər üçün ayrılan xüsusi oxu zalları, telekommunikasiya otağı və elmi seminarların keçirildiyi  geniş salon daxildir.  Kompleksin fasadında yaşıl meydança, kiçik sferik binalar və otel inşa olunub. Elm və Texnologiyalar Sarayının tam qarşısında biliyi simvolizə edən nəhəng daş qələm də ucaldılıb. 

Hər kəsin diqqətini çəkən bina eyni vaxtda yüzlərlə ziyarətçini qəbul etmək imkanına malikdir.   

 

Qətər Milli Kitabxanası

Səhranın ortasına düşmüş uçan naməlum obyekti xatırladan futuristik bu bina Qətərin paytaxtı Doha şəhərində inşa olunub. Məşhur holland memarı Rem Kulhasın layihələndirdiyi Qətər Milli Kitabxanasının tikintisinə dünyanın bir çox yerindən mütəxəssislər cəlb edilib. Ədəbiyyat və elm dünyasının xəzinəsi hesab edilən kitabxana Qətər Fondunun dəstəyi ilə tikilib və 2017-ci ildə istifadəyə verilib.  

Ümumi sahəsi 45 min kvadratmetr olan yeni təhsil və mədəniyyət mərkəzində ərəb-islam sivilizasiyasına aid qiymətli mətn və əlyazmaların toplandığı milli kitabxana, kütləvi kitabxana, universitet kitabxanası və mədəni irs kolleksiyası yer alır. Almaz formalı, hündür maili tavanla örtülmüş futuristik binada oxu zalı və kitab deposu olan böyük bir amfiteatr var. Kompleksin interyeri və kitab rəfləri xüsusi işıqlandırma sistemi ilə təchiz edilib. Yer səviyyəsindən 6 metr aşağıda yerləşən oxu zallarının döşəmələri, sütunları və kitab rəflərinin dizaynında bej rəngli travertin daşından  istifadə olunub. Kitabxanada, həmçinin ən son texnoloji avadanlıqlar və avtomatik kitab çeşidləmə sistemi quraşdırılıb.

Memarlıqda bir inqilab olan Qətər Milli Kitabxanası 1 milyon kitab kolleksiyasına sahibdir. 

 

 «Fil» ev

Rusiyanın Ramenski rayonu ərazisində Novoryazanskoe şosesinin 14-cü kilometrliyindəki qeyri-adi bina hər kəsin diqqətini özünə cəlb edir. Maraqlı görünüşə malik «Fil» binasının sifarişçisi Aleksey Sorokindir. A.Sorokin “Studio Arhc Design” tikinti şirkətinə müraciət edərək, gələcək binanın formasının zooloji bir məna kəsb etməsinin istəyində olduğunu bildirir. Layihəni həyata keçirən memar Sergey Kozhuro sifarişçinin istəyini nəzərə alaraq nəhəng «Fil» ev dizayn edir və 2009-cu ildə tikintisinə başlanan bina cəmi 8 aya hazır olur. Hindu bəzək elementlərindən istifadə edən memar binanın fasadında al-əlvan  boyalarla bəzənmiş maraqlı bir layihə ortaya çıxarır.

 Ümumi sahəsi təxminən 500 metr, hündürlüyü təqribən 16 metr olan bina 4 mərtəbədən ibarət yaşayış binasıdır. «Fil»in interyerində sütunlar olmadığı üçün binada olan otaqlar günbəz şəklindədir. Filin xortumunun yuxarı hissəsində olan oval formalı pəncərələrdən düşən günəş süaları sayəsində ev daha işıqlı və geniş görünür.  Xortumun aşağısında isə evin giriş qapısı yerləşir. Yuxarı mərtəbələrə spiral şəklində pilləkənlərlə qalxmaq mümkündür.    

Dünyanın ən maraqlı binaları sırasında olan «Fil» ev Ginnesin Rekordlar Kitabına da daxil edilib.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».