DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NATO-nun BAŞ KATİBİ: RUSİYANIN NÜVƏ SİLAHINDAN İSTİFADƏ EHTİMALI AZDIR

“Kremlin nüvə ritorikası məsuliyyətsiz və təhlükəlidir”. “Report” agentliyinin məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Welt” nəşrinə müsahibəsində bəyan edib.

Baş katib bildirib ki, Rusiyanın nüvə silahından istifadə ehtimalı azdır. O deyib: “Rusiya bilməlidir ki, nüvə müharibəsində qalib gəlmək mümkün deyil. Deməli, bu savaşı başlatmaq da olmaz”.

Bununla yanaşı, Stoltenberq qeyd edib ki, NATO rəsmi Moskvanın hərəkətlərini diqqətlə izləməkdə davam edir. Onun sözlərinə görə, hazırda Rusiya nüvə qüvvələrində heç bir dəyişiklik yoxdur.

Eyni zamanda, baş katib əlavə edib ki, NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq. O, həmçinin alyansın bu ölkəyə əsgər və təyyarələr göndərmədiyini diqqətə çatıdıb.

 

TÜRKİYƏ BİR NEÇƏ PUA-SINI ARD-ARDA HAVAYA QALDIRDI

Türkiyənin  Egey və Aralıq dənizi sahillərində yanvarın 24-də ard-arda 4 pilotsuz uçuş aparatı müşahidə edilib və uçuşlar radarlara düşüb. “Teleqraf.com” xəbər verir ki, türk PUA-ları Suriyada da intensiv uçuşlar həyata keçirib.

Məlumata əsasən, Afina ilə gərginlik dövründə və Yunanıstan Sahil Mühafizəsinin qaçqınlara qarşı kobud davranışının müzakirələrə səbəb oluduğu günlərdə bu uçuşların baş verməsi diqqət çəkib.

Türkiyəli hərbi ekspert Turan Oğuz son gəlişmələri şərh edərkən bildirib ki, Türkiyə 300-ə yaxın PUA donanmasına sahibdir. Ekspertin sözlərinə görə, adi günlərdə orta hesabla 15-20 dron eyni vaxtda havaya qaldırılır, lakin son baş verənlərdə bir fərqlilik müşahidə olunur.

Turan Oğuz PUA-ların modulları söndürüldüyü üçün radarda görünmədiyini, lakin dünən bilərəkdən görünmək istənilmiş ola biləcəyini qeyd edib. “Adətən modullar PUA-lar Suriyada vurulmasın deyə açılırdı, Yunanıstan yaxınlığında isə bağlı saxlanılırdı. Ola bilsin ki, mesaj vermək üçün modulları açıblar və Yunanıstandan görünməsini istəyiblər”, - deyə hərbi ekspert əlavə edib.

 

BMT: İSVEÇ VƏ NİDERLANDDA QURANIN TƏHQİR EDİLMƏSİ MƏSULİYYƏTSİZLİKDİR

BMT İsveç və Niderlandda Quranın təhqir edilməsini məsuliyyətsiz davranış adlandırıb. “Report” agentliyinin “Haber Global”a istinadən verdiyi xəbərə görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının  sözçüsü Ravina Şamdasani İsveç və Niderlandda Quranın yandırılması və cırılmasını hörmətsizlik və məsuliyyətsiz davranış kimi qiymətləndirib.

Eyni zamanda, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos isə İsveçin paytaxtı Stokholmda İslamın müqəddəs kitabı Quranın bir nüsxəsinin yandırılmasını “alçaq hərəkət” adlandırıb və qətiyyətlə pisləyib.

“Qurani-Kərimin yandırılması müsəlmanlara qarşı nifrətin ifadəsidir, bunu söz və ifadə azadlığı ilə qarışdırmaq olmaz”, - deyə Moratinos qeyd edib.

Bununla yanaşı, ali nümayəndə dünyanın müxtəlif yerlərində dini icmaların üzvlərinə qarşı ayrı-seçkilik, dözümsüzlük və zorakılıq hallarının, o cümlədən islamofobiyanın ümumi artımından dərin narahatlığını ifadə edib. O, həmçinin sülhsevər cəmiyyətlərin qurulması və dəstəklənməsi üçün qarşılıqlı hörmətin vacibliyini vurğulayıb.

 

BERLİN HAVA LİMANINDA BÜTÜN REYSLƏR TƏXİRƏ SALINIB

Berlin hava limanı həmkarlar ittifaqının tətili səbəbindən yanvarın 25-nə təyin olunmuş bütün reysləri təxirə salıb. “Trend”in “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə xəbər hava limanının saytında dərc olunub.

 Açıqlamaya əsasən, 300-ə yaxın reys təxirə salınıb və bu qərar 35 mindən çox sərnişini əhatə edir.

Bununla yanaşı, həmkarlar ittifaqı sərnişinləri yerüstü nəqliyyat xidmətləri və uçuş təhlükəsizliyinin təmin edilməsi xidmətlərinin əməkdaşlarının tətilinə qoşulmağa çağırıb.

“Ver.di” həmkarlar ittifaqı müqaviləsi bir il müddətinə bağlanan əməkdaşların məvaciblərinin 500 avro qaldırılmasını tələb edir. İşəgötürən isə hazırki əməkhaqqını saxlamaqla daha uzunmüddətli müqavilə bağlamağı təklif edir.

 

UKRAYNA HƏRBÇİLƏRİNİN SOLEDARDAN ÇIXDIĞI RƏSMƏN TƏSDİQLƏNİB

Ukraynanın Müdafiə Qüvvələri Donetsk vilayətinin Soledar şəhərini tərk edərək əvvəldən hazırlanmış mövqelərdə möhkəmləniblər. “Report”un “UNIAN” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşun Qrupunun nümayəndəsi Sergey Çerevatı məlumat yayıb.

Dövlət rəsmisi belə bir addımın ukraynalı hərbçilərin həyatını xilas etmək məqsədilə atıldığını bəyan edib.

Eyni zamanda, Sergey Çerevatının sözlərinə görə, ukraynalı hərbçilər qarşıya qoyulmuş tapşırığı yerinə yetirib, düşmənin Donetsk istiqamətində cəbhəni yarmasına imkan verməyiblər.

Bununla yanaşı, o əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə Rusiya qüvvələrini gücdən salmağa nail olub.

 

ƏFQANISTANDA SOYUQDAN DONARAQ ÖLƏNLƏRİN SAYI ARTIB

Əfqanıstanda son iki həftə ərzində davam edən anomal soyuq hava səbəbindən donaraq ölənlərin sayı 157 nəfərə çatıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bildirilir ki, ölkədə havanın temperaturu gecə saatlarında paytaxt Kabildə mənfi 10, bəzi bölgələrdə isə mənfi 30 dərəcəyə enib. Temperaturun kəskin şəkildə aşağı düşməsi nəticəsində ölənlərin sayı bir həftə ərzində iki dəfə artıb.

“Taliban” hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Şafiullah Rəhimi ölkə daxilində 157 nəfərin donaraq həyatını itirdiyini bildirərək, ən çox itkinin Qor, Bədəxşan, Paktika və Paktiya əyalətlərində qeydə alındığını vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, əlverişsiz hava şəraiti səbəbindən 75 mindən çox iribuynuzlu heyvan tələf olub.

Əfqanıstan Meteorologiya İnstitutu bu qış havanın temperaturunun ötən il ilə müqayisədə iki dəfə soyuq olduğunu və ən şiddətli soyuğun Qor vilayətində qeydə alındığını vurğulayıb.

 

MARSA UÇUŞLAR ÜÇÜN NÜVƏ RAKET MÜHƏRRİKİNİN SINAQLARI PLANLAŞDIRILIR

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və ABŞ Müdafiənin Perspektiv Tədqiqat Layihələri Agentliyinin (DARPA) birgə əməkdaşlığı çərçivəsində 2027-ci ilə qədər Marsa uçuşlar üçün nüvə raket mühərrikini sınaqdan keçirməyi planlaşdırır. “Trend”in məlumatına görə, bu barədə NASA-nın rəhbəri Bill Nelson açıqlama ilə çıxış edib.

Bill Nelson qeyd edib ki, NASA ABŞ-a qabaqcıl nüvə raket mühərrikini hazırlamaq və nümayiş etdirmək üçün uzunmüddətli tərəfdaşı DARPA ilə əməkdaşlıq edəcək.

Eyni zamanda, NASA rəhbərinin sözlərinə görə, bu mühərrik ABŞ-a gələcək pilotlu missiyaların imkanlarını genişləndirməyə imkan verəcək inqilabi texnologiyadır.

“Məqsədimiz 2027-ci ildə nüvə raket mühərrikinin uğurlu nümunəsini yaratmaq və nümayiş etdirməkdir”, - deyə Bill Nelson əlavə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.