GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

RUQİYYƏ SƏFƏRİ

1979-cu ildə Təbrizdə anadan olub. İbtidai və orta məktəbi həmin şəhərdə bitirən Ruqiyyə ana dilində təhsil almaq məqsədilə Bakıya gəlib və BDU-nun filologiya fakültəsinə daxil olub. 2008-ci ildə Universitetin bakalavr pilləsini uğurla bitirərək "Türkologiya" ixtisası üzrə magistraturaya qəbul olunub. "2011-ci ildə Cənubun çağdaş şairləri" mövzusunda elmi işini uğurla müdafiə edərək magistr diplomu alıb. Təbrizə qayıtdıqdan sonra müxtəlif mətbuat orqanlarında jurnalist və tərcüməçi kimi fəaliyyət göstərib.

Hələ orta məktəb illərindən ədəbiyyata, şeirə bağlılığı illərdən sonra onun yaradıcılığına öz təsirini göstərib. Onun yazdığı hekayə və şeirlər İranda, Azərbaycanda və ABD-də müxtəlif qəzet, dərgi və ədəbi antalogiyalarda çap olunub.

 

İşıq haqqı,

Kitab haqqı,

Qələm haqqı,

Vətən haqqı bircə canla ödənər!

 

Canımı ovcuma alıram

Və Təbriz bazarını tükan-tükan gəzirəm.

İnanıram

Bir gün burdan qucaq-qucaq bağımsızlıq alacağam vətənimə!

 

İBRAHİM SAVALAN

Tanınmış şair, yazar və ictimai-siyasi fəaldır. İbrahim Savalan 1979-cu il iyulun 27-də Meşkinin Mirkəndi kəndində doğulub. İ.Savalan ilk və orta məktəbi öz bölgələrində oxuduqdan sonra Urmu universitetinin mexanika mühəndisliyi fakültəsində ali təhsil alıb. Tələbəlik illərində bir çox ədəbi və mədəni proqramlar təşkil edib.

İbrahım Savalan, Azərbaycan türkcəsi və sosiologiya üzrə müəllim, Urmuda Şəhriyar adına ədəbiyyat dərnəyinin qurucularından biri olub. Azərtorpaq qeyri-hökumət təşkilatını yaradan İbrahim "Ulduz" və "Bulud" dərgilərinin təsisçisi olub, "Baxış" və "Oyanış" dərgilərinin isə redaksiya heyətinin üzvü kimi də fəaliyyət göstərib. Bir çox yazıları Güney Azərbaycanın fərqli dərgilərində çap edilib.

O, milli savaşın ən öndə gedən fəallarından biri olaraq dəfələrlə İran İslam Respublikasının əmniyyət orqanları tərəfindən yaxalanıb, bir neçə dəfə yalançı hakimlərin qurduğu saxta məhkəmələrin qərarı ilə məhkum olunub. Hazırda Təbriz məhkəməsi şairə ana dilini şəhərbəşəhər, kəndbəkənd gəzib evlərdə öyrətdiyi üçün bir il həbs cəzası verib. Xiyov və Ərdəbil şəhər məhkəmələrinin qərarı isə hələ qüvvəyə minməyib.

Ardıcıl həbs olmalar zamanı əsərləri icra məmurları tərəfindən müsadirə edilib. O üzdən əsərləri kitab şəklində çap edilməyib.

İbrahim Savalan milli fəal olaraq Güney Azərbaycanın bütün şəhərlərində sosiologiya, mifologiya və dil dərsləri verir.

 

Qızım, mən sənə

nə mahnı öyrədəcəyəm,

Nə yad dildə surud,

nə də Quran…

Get, hər nəyə inanırsan, inan…

 

Mənim sənə payım,

kiçicik bağça və neçə güldan,

Toxum ək, su səp.

Hər gün günəş durmadan oyan!

Sərçə səsinə, sarmaşıq həvəsinə,

Mən sənə nə salam öyrədəcəyəm,

nə sağollaşma…

Yalnız çiçək becərmək öyrədəcəyəm,

çiçək becərmək…

 

Atam

bu daşın altındadır.

atası o daşın altında,

hamısı

qara torpaq ürəyində…

mənim vətənim,

yazı dəftərim,

o da

qurumaqda olan Urmu gölündən qalxan

bulud kürəyində…

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.