MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və 
Güneydən səslər

MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və  "İRAN TÜRKLƏRİNİN ƏSKİ TARİXİ"

XX yüzillikdə xalqımızın maarifı, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor, yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtağı Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "İran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyyətini və dilini saxtalaşdıran fars şovinizminə qarşı çıxaraq sübut edir ki, farsların ilk dəfə yurd salıb yaşadıqları ərazilərdə türklər onlardan 3500 il əvvəl məskunlaşmışdır. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyyətini şübhə altında saxlayan saxta alimlərə ciddi cavab vermiş olur.

Mövzunun aktuallığını nəzərə alaraq kitabı tədqiqatçı Hüseyn Şərqidərəcəyin çevirməsində cüzi ixtisarla oxucularımıza təqdim edirik.

(əvvəli 1, 2, 3, 4, 5, 7, 8, 9 və 10 fevral tarixli saylarımızda)

ALBAN ƏHƏMƏNİLƏR DÖVRÜNDƏ

Keçmiş fəsillərdən bilirik ki, eradan əvvəl 7-ci yüzillikdə Sakalar şimaldan Zaqafqaziyaya gələrək Şimali Azərbaycanda hökumət qurmuşlar. Özünəxas xüsusiyyətlərə malik olan bu hökumət əhəmənilər dövrünün əvvəlindən Tomrisin Kirə divan tutmasına qədər davam etmişdir. Bəs, əhəmənilərin təqribən 220 illik hakimiyyətləri dövründə Albaniyanın ictimai-siyasi quruluşu və vəziyyəti necə olmuşdur?

Bu 2 əsrlik fasilədə Albaniyanın ümumi, ictimai və daxili vəziyyətindən dəqiq məlumat yoxdur. Lakin həm bu dövrdən əvvəl, həm də sonrakı illərdən, İsgəndər zamanı Atropat dövründən əldə olan məlumat əsasında həmin dövrdə Albanın ümumi vəziyyəti barədə müəyyən fikirlər söyləmək olar.

Göstərilmişdir ki, eradan əvvəl 331-ci ildə Dəclənin şərqində yerləşən Gəməl (Cəməl) adlı məntəqədə İsgəndərlə Dara arasında baş vermiş həlledici Gəməl müharibəsində Atropatenin satrapı Atropat da iştirak etmişdir. Herodotun verdiyi məlumatdan bilirik ki, Atropaten və Alban əhəmənilərin 10-15-ci satraplıqlarına daxil imişlər.

Bu da məlumdur ki, Atropatenin satrapı olmuş Atropatın komandanlığı altında Gəməl müharibəsində iştirak etmiş böyük ordu sıralarında bugünkü həm Şimali, həm də Cənubi Azərbaycanda yaşamış müxtəlif ellər, tayfalar və qəbilələrin döyüşçüləri iştirak etmişlər. Cənubdan lullubilər, quttilər, kaspilər, Arazın cənubundakı sakalar (isquzlar), mannalar və onların müxtəlif kiçik el-obaları, Şimali Azərbaycandan kadusilər, massagetlər, albanlar, sarmatlar, səksənlər, amazonlar Midiya orduları sırasında İsgəndərə qarşı döyüşmüşlər. Bu döyüşdə kadusilər sol qanad, midiyalilar isə ordunun sağ qanadını təşkil etmişdir.

Tarixçi Gutşmidtin yazdığına görə, bu döyüşdə sakalardan 10 min nəfər atlı iştirak etmişdir. Şübhəsiz bu sakalar həm Arazın şimalında, həm də cənubunda yaşayan sakalardan olmuşlar. Bu tarixi faktlar əhəmənilər dövrü alban ictimai-siyasi durumunu açıb göstərməyə imkan verir.

Əhəməni şahları Yunanıstana və Misirə qədər ordu yeridib qanlar tökərək xalqlar və dövlətləri özlərinə tabe etmişlər. Lakin onların Kirdən sonra Albaniyaya - bugünkü Şimali Azərbaycana ordu yeritmələri barədə tarix heç nə göstərmir. Ehtimal edilir ki, əhəməni şahlarını Albanla əlaqəsi olan Kirin taleyi düşündürmüşdür. Buna görə də, onlar Atropateni özlərinə tabe etməklə kifayətlənmiş, Alban ərazisi və ellərini Atropaten vasitəsilə imperatorluqlarına bağlamış, onun vasitəsi ilə bu elləri bir növ idarə etmiş və onlardan yeri gəldikdə və lazım olduqda istifadə etmişlər. Herodotun göstərdiyinə əsasən əhəməni imperatorluğunun ətrafında və ondan uzaqda yerləşmiş xalqlar və əraziləri əhəməni dövləti və mərkəzinə birbaşa deyil, uzaq ərazi ilə mərkəz arasında yerləşən xalq, ölkə və tabe dövlətlər vasitəsilə idarə etmişlər. Demək, əhəmənilər mərkəzə uzaq olan alban xalqlarını mərkəzə tabe olan və mərkəzlə alban arasında yerləşən Atropaten vasitəsilə guya idarə etmiş və imperatorluqlarına bağışlamışlar.

Bu idarəetmə və bağlı olmaq heç də fəth olunmuş ölkə və məğlub olmuş xalqın idarə olunması və bağlılığı deyildi. Albanlar nə əhəmənilər hökumətini rəsmən tanıyar, nə onlara vergi verər, nə onların əmrinə itaət edər, nə də əhəmənilərin Albaniyada məmur və hakimləri olardılar. Alban ərazisində yaşayan ellər əski zamanlardan türk elləri arasında olar, el qayda-qanunları əsasında el başçılığı, ağsaqqallıq, soy birləşmələri böyüyü, xan, elxan və s. əsasda bir-birinə hörmət edər, sözünə baxar, buyruqlarını yerinə yetirər, hətta canlarından keçərdilər.

Atropat Cənubi Azərbaycanda - Atropatendə həm dini, həm də el böyüklüyü cəhətdən rəhbər idi. Alban elləri, soyları və soybirləşmələri Atropatenə hörmət edər, onun sözünə baxar, onun məsləhəti ilə davranardılar.

 Atropatla alban elləri arasında el qayda-qanunları əsasında olmuş bu ilgi həm də ictimai-siyasi məzmun daşımışdır. Çox ehtimal ki, əhəmənilər hakimiyyəti dövrü Atropaten satrapı ilə alban elləri arasında mövcud və bərqərar olmuşdur.

Şimali Azərbaycan elləri əhəmənilərin sonuna qədər öz müstəqilliyini və hakimiyyətlərini qorumuş, Cənubi Azərbaycan rəhbərləri ilə sıx əlaqədə olmuşlar. Hətta, əhəməni şahlarının İsgəndərə qarşı döyüşlərində Arazın şimalında yaşamış müxtəlif türk elləri, döyüşçüləri Atropatın rəhbərliyi altında olan ordu sıralarında İsgəndərə qarşı döyüşmüşlər.

Arazın şimalında yaşayıb hakimiyyət qurmuş xalqlar İsgəndərin yerini tutub səksən ilə yaxın İran ərazilərində hakimiyyətə gəlmiş, sələvkilər dövrü öz milli hakimiyyətlərini əvvəllər olduğu kimi saxlamışlar. Həmçinin eradan əvvəl 250-ci ildə dövlət yaratmış türk əşkanilər zamanına qədər və əşkanilərin bir neçə əsr hakimiyyətləri illərində də daxili müstəqilliklərini saxlamışlar.

ALBAN DÖVLƏTİ VƏ VAHİD ALBAN XALQININ FORMALAŞMASININ İLK ADDIMLARI

Albanlar və ya alanlar yuxarıda göstərdiyimiz Şimali Azərbaycanın müəyyən yerlərində yaşayarkən Miladi I-V əsrlərdə hakimiyyət qurmuş və şahlar sülaləsinə malik olmuşlar. Bu dövrün əvvəllərində alban şahlığının baş kəndi Qəbələ şəhəri olmuşdur. Miladi V əsrə qədər albanların şahlıq sülaləsinin adı Ərşəklər (Arşaklar) olmuş və Sasanilər Ərşəklər sülaləsinə son qoyandan sonra burada da hakimiyyətin başında mərzbanlar dayanmışdır. VI əsrdə xəzərlərin şimaldan şiddətli axınları, qarət və basqınları nəticəsində mərzbanlar albanların mərkəzini Qəbələ şəhərindən bugünkü Bərdə şəhərinə köçürmüşlər. Qəbələ albanların həm baş kəndi, həm də dini mərkəzi idi. Burada xristian olan albanların dini rəhbərləri və mərkəzləri yerləşirdi.

Tarixdə ilk alban dövləti başçılarından bəzilərinin adı məlumdur. Onlardan "ris = uruz. Kosis və Zoberi göstərmək olar. Miladi I əsrin ortalarından isə Albaniyada Arşakilər (ərşəklər) sülaləsi hakim olmuş və müxtəlif alban elləri vahid bir mərkəz ətrafında birləşmişlər. Yəni kökləri bir olmuş, dinləri vahid bir din başqa sözlə desək, vahid bir Azərbaycan milləti şəklinə düşməyə doğru addımlamışlar.

(davamı növbəti saylarımızda)