Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır
Türk dünyası

Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır

Fevral ayının 6-da Türkiyədə baş vermiş əsrin fəlakəti zamanı 10 şəhərin dağılması, minlərlə insanın vəfat etməsi və yaralanması bütün dünyanı sarsıtdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli mediaya verdiyi məlumata görə, xilasetmə işlərində ümumilikdə 249 min insan iştirak etmişdir. Türkiyə Sahibkarlıq və İşgüzar Konfederasiyanın açıqladığı hesabatda zəlzələnin iqtisadi ziyanı 84,1 milyard dollar olaraq qiymətləndirilib.

Qardaş Türkiyənin kədəri bizim kədərimizdir, bu acıları qəlbimizdə hiss edirik. Bu faciə təkcə onların deyil, bizlərin də faciəsidir. Ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, biz bir millət, iki dövlət olaraq hər zaman bir-birimizin yanındayıq. Türkiyənin təbii fəlakət ilə əlaqədar dördüncü dərəcəli həyəcan elanından sonra beynəlxalq məkandan yardım təklifləri gəlməyə başladı. Azərbaycan zəlzələnin ilk saatlarından qardaş Türkiyənin imdadına çatdı. Faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan dövləti fasiləsiz olaraq yardımlar göndərməyə davam edir. Həkimlərimiz, könüllülərimiz bu gün də Türkiyədə gecə-gündüz fəaliyyət göstərirlər. Sadə vətəndaşlarımız da humanitar yardım marafonunda fəal şəkildə iştirak etmiş, bütün bölgələrimizdən yardım karvanı Türkiyəyə yola salınmışdı.

Heydər Əliyev Fondunun könüllü qrupları Türkiyədə qardaş və bacılarımızın ehtiyaclarının qarşılanması, ən qısa zamanda üzləşdikləri çətin vəziyyətdən xilas olmaları üçün canla-başla çalışırlar. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırdılar. Azərbaycanın birinci xanımının göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım təyyarələri yola düşdü. Faciədən zərərçəkmiş şəxslər üçün zəruri avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədilə ləvazimat və avadanlıqlar göndərildi.

Təbii fəlakət həm də onu göstərdi ki, Türkiyə-Azərbaycan qardaşlığı hər bir sınaqda və çətin vaxtlarda dünyaya örnək olacaq səviyyədədir. İki qardaş dövlətin haqq yolunda birlikdə yürüməsi, bu ağır günlərdə Azərbaycanın Türkiyənin yanında olması bunun təsdiqidir. Dövlətlərimiz bütün sahələrdə ən önəmli tərəfdaşlardır. Şuşa Bəyannaməsi isə müttəfiqliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olmasını təsdiqləməklə yanaşı, bütün türk dünyasına gözəl bir örnəkdir.  

                                         Nurlan ABDALOV,

“Respublika”.