MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Üzən muzey" binası

Kosmik gəmini xatırladan unikal muzey binası Rio-de-Janeyro limanında estakada üzərində inşa olunub. 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya Oyunlarına hazırlıq çərçivəsində "dirçəliş layihəsi" əsasında hazırlanan binanın dizayneri məşhur ispan memarı və mühəndisi Santyaqo Kalatravadır.

Muzeyin ümumi sahəsi 15.000 kvadratmetrdir. Ərazinin memarlıq üslubuna uyğunlaşması və tarixi binaların görkəminə zərər verməməsi üçün memar "Üzən muzey" binasının  hündürlüyünü estakadadan 18 metr yuxarı qaldırmışdır. Həmçinin, S.Kalatrava şəhərlə körfəzi birləşdirən bu binanı sahilə perpendikulyar şəkildə layihələndirmişdir. Şəhər meydanına doğru 75, körfəzin sularına doğru isə 45 metr uzanan nəhəng konsollar üzərində tikilən bina günəş panelləri ilə təchiz edilmişdir. Burada günəş enerjisi ilə yanaşı, körfəzdən gələn su da binanın daxilindəki temperaturun tənzimlənməsi üçün istifadə olunur.

Binanın aşağı mərtəbəsində inzibati ofislər, geniş auditoriya, muzey mağazası, restoran, foye, arxiv, anbar və çatdırılma xidməti fəaliyyət göstərir. Yuxarıda isə 5000 kvadratmetr sahəni əhatə edən sərgi salonları yerləşir. Burada həm də aktual sosial problemlərə həsr olunmuş sərgilər keçirilir.

 

"Tianji" otelinin binası

2001 -ci ilin əvvəlində Çinin Pekin və Tianji şəhərləri arasında Hebey əyalətinin Lanqfanq şəhərində çox maraqlı bir otel binası inşa olunub. "İmperator oteli" və yaxud "Göylərin oğlu" adı ilə məşhur olan "Tianji" oteli tikinti işləri bitdikdən dərhal sonra  dünyanın ən böyük heykəl binası kimi Ginnesin  Rekordlar Kitabına daxil edilib. Üç binadan ibarət otel Çin folklorunun qəhrəmanları - "Şou" - uzunömürlülük, "Fu" - xoşbəxtlik,  "Lu" - firavanlıq tanrılarının heykəllərini simvolizə edir.

10 mərtəbədən ibarət hündürlüyü 41,6 metr olan binanın bütün otaqları fərqli şəkildə dizayn edilib. Tanrı "Şou"nun (birinci bina) əlində tutduğu şaftalı formasında dizayn edilən kürənin içərisinə iki lüks otaq yerləşdirilib. Binanın pəncərələri heykəllərin kimonolarının (milli çin geyimi) yan hissəsinə inşa edilib. Otelin giriş qapısı isə tanrı "Şou"nun sağ ayağının aşağı hissəsinə əlavə edilib. Binanın ərazisində geniş park və hovuz mövcuddur.

 

"Fırlanan göydələn"

B raziliyanın Kuritiba şəhərinin Parat ştatında qeyri-adi "Fırlanan göydələn" inşa olunub. 2014-cü ildə istifadəyə verilən binanın memarı Bruno de Franko, mühəndisi isə Alan Holzmanndır.

Dünyada analoqu olmayan bu binanın 11 mərtəbəsi bir-birindən asılı olmayaraq 360 dərəcə fırlana bilir. Ümumi sahəsi 268 kvadratmetr olan "ağıllı" binanın hər  mərtəbəsində olan mənzil yalnız bir ailə üçün nəzərdə tutulub. Göydələnin  eyvanlarının isə hər birinin ümumi sahəsi 30 kvadratmetrdir. "Fırlanan göydələn"in pəncərələri 3 millimetr qalınlığında ikiqat güzgülü şüşələrdən hazırlanıb. Bina sakinləri yaşadıqları mənzili istənilən istiqamətə  fırlatmaq üçün səs  və işarə texnologiyasından istifadə edirlər.

Monolit dəmir-beton konstruksiyanın üzərinə quraşdırılan metal platforma motor, dişli çarxlar və diyircəkli zəncirlər sayəsində fırlanır (enerji sərfiyyatı 370 kVt/saat). Tikilidə  fırlanan platforma sistemi isə "Spin Building"  şirkəti tərəfindən patentləşdirilib.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".