DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

Aİ UKRAYNADA VƏZIYYƏTIN ESKALASIYASINDAN NARAHATDIR

Rusiya Kremlə hücumu bəhanə edərək müharibəni genişləndirməyə çalışmamalıdır. “Report” agentliyinin xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Aİ Şurasının Brüsseldə keçirilən iclasında bəyan edib.

Aİ rəsmisi bildirib ki, ukraynalılar öz torpaqlarını müdafiə edirlər: “Onlar ancaq öz torpaqlarında döyüşürlər. Ukraynalılar Rusiya torpağına hücum etmirlər. Bunu prezident Volodimir Zelenski də bildirib”.

Eyni zamanda, Jozep Borrel qeyd edib ki, o, müharibənin genişlənməsindən narahatdır: “Buna yol vermək olmaz. Aİ-nin Ukraynaya hərbi, siyasi və iqtisadi dəstəyini davam etdirməsi ən vacib məsələdir. Müharibə üçün ən yaxşı həll və yeganə çıxış yolu Rusiyanın hücumları dayandırması və qoşunlarını Ukraynadan çıxarmasıdır”.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum həyata keçirilib. Rusiya prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

 

İRAN ABŞ-NIN NÖVBƏTİ NEFT TANKERİNİ ƏLƏ KEÇİRİB

ABŞ Hörmüz boğazında Panama bayrağı altında üzən neft tankerinin İran İnqilab Keşikçiləri tərəfindən ələ keçirildiyini açıqlayıb. Bu barədə “TRT” telekanalının verdiyi xəbərdə qeyd olunur.

Məlumata əsasən, ABŞ-ın Bəhreyndə yerləşən 5-ci Donanmasından verilən yazılı açıqlamada bildirilir ki, mayın 3-də ABŞ-ın “Niovi” adlı Panama bayraqlı neft tankeri Hörmüz boğazından keçərkən İran İnqilab Keşikçiləri Hərbi Dəniz Donanması tərəfindən ələ keçirilib.

Eyni zamanda, açıqlamaya əsasən, Dubaydan çıxan neft tankeri Hörmüz boğazına daxil olarkən İnqilab Keşikçiləri Ordusunun sürətli qayıqları tərəfindən mühasirəyə alınıb, daha sonra isə tankerin marşrutu İranın Bəndər Abbas sahillərinə dəyişdirilib.

Xatırladaq ki, İran aprelin 27-də ABŞ-ın Oman körfəzində Marşal adaları bayrağı altında üzən “Advantage Sweet” neft tankerini saxlamışdı. İran Ordusu tərəfindən verilən açıqlamada tankerin İran gəmisinə çırpılaraq qaçdığı və “beynəlxalq dəniz qaydalarını pozduğu” üçün məhkəmə qərarı ilə saxlanıldığı bildirilib.

 

İSVEÇDƏ ANTİTERROR QANUNLARI SƏRTLƏŞDİRİLİB

İsveç parlamenti terrorizmlə mübarizə üzrə mövcud qanunvericiliyi sərtləşdirən düzəlişləri qəbul edib. “Report”un verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, xüsusilə, terrorçu təşkilatların fəaliyyətində iştiraka görə, əgər müttəhim bu təşkilata dəstək və ya təbliğatda iştirak edibsə, həbs müddəti dörd ilədək artırılıb. Təşkilatın üzvü ağır cinayətdə ittiham olunarsa, müddət səkkiz ilə qədər uzadıla bilər.

Eyni zamanda, terror təşkilatının liderini indi ömürlük həbs gözləyir ki, bu da İsveçdə minimum 20-25 il həbs deməkdir.

Bununla yanaşı, indi qanun terror təşkilatlarını maliyyələşdirməyi qadağan edir. Belə bir qrupa qoşulmaq üçün xaricə səfər etmək də qanunsuz olacaq.

İyunun 1-dən qüvvəyə minəcək düzəlişlərin lehinə 268 deputat, əleyhinə 34 deputat səs verib, 47 deputat isə bitərəf qalıb.

 

İTALİYA MAFİYASINA QARŞI IRIMİQYASLI ƏMƏLİYYATLAR KEÇİRİLİB

İtaliya hüquq-mühafizə orqanlarının “Ndrangheta” mafiyasına qarşı keçirdikləri əməliyyatların gedişində 108 nəfər saxlanılıb. Bu barədə “Sputnik” informasiya agentliyi İtaliyanın “La Repubblica” qəzetinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, əməliyyatlar təkcə İtaliyada deyil, həm də Belçika, Fransa, İspaniya, Portuqaliya və Almaniyada keçirilib.

Bildirilir ki, saxlanılan şəxslər narkotik vasitələrin qanunsuz ticarətində, silah gəzdirmə və saxlamaqda, çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunurlar.

“Bild” qəzeti isə Almaniyanın Şimali Reyn - Vestfaliya, Bavariya, Reynland-Pfals və Saar federal əyalətlərində “Ndrangheta” mafiyasına qarşı keçirilən əməliyyatlarda azı 30 nəfərin saxlanıldığı və müxtəlif obyektdə axtarışlar aparıldığı barədə məlumat yayıb.

Qeyd edək ki, “Ndrangheta” Cənubi Amerikadan Avropaya kokain qaçaqmalçılığı kanallarına nəzarət edən dünyanın ən güclü cinayətkar qruplaşmalarından biri sayılır.

 

ÜST-DƏN PANDEMİYANIN FÖVQƏLADƏ FAZASININ BİTMƏSİNƏ DAİR PROQRAM

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrdə “COVID-19” pandemiyasının fövqəladə fazasının bitməsinə dair və koronavirus əleyhinə tədbirlərin yoluxucu xəstəliklərin qarşısının alınması üzrə daha geniş tədbirlərə inteqrasiya olunmasında bu ölkələrə kömək etməyə istiqamətlənən ikiillik proqram dərc edib. Bu barədə “Sputnik” informasiya agentliyi xəbər verib.

Proqramda qeyd olunub ki, 2023-cü il aprel ayından 2025-ci ilin aprelinədək olan dövr üçün nəzərdə tutulan proqramın əsas məqsədi bütün ölkələrdə COVID-19 pandemiyasının fövqəladə fazasına son qoymaqdır.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, “SARS-CoV-2”dən ölüm, yoluxma hallarının və xəstəliyin uzunmüddətli fəsadlarının azaldılması məqsədilə diaqnostika, müalicənin genişləndirilməsi əvvəlki kimi aktualdır.

Baş direktor qeyd edib ki, hazırda dünyada koronavirusla bağlı həftəlik qeydə alınan ölüm hallarının sayı pandemiya başlanandan bəri ən aşağı səviyyədədir, əksər ölkələrdə həyat öz axarına qayıdıb.

 

RUSİYA VƏ HİNDİSTAN NEFTLƏ BAĞLI RAZILIĞA GƏLƏ BİLMƏYİBLƏR

Rusiya Hindistanın ondan ucuz neft ala biləcəyi valyuta ilə bağlı razılığa gələ bilməyib. “Teleqraf.com”un verdiyi xəbərə  görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilir ki, rəsmi Moskva rupi ilə ödənişdən imtina edib. Hazırda Hindistan və Rusiya məsələnin həll səylərini dayandırıb.

Məlumata əsasən, Rusiyadan ucuz neft və kömür idxal edən hindistanlılar valyuta konvertasiyası xərclərini azaltmaq üçün rupi ilə daimi ödəniş mexanizmini saxlamağa çalışırlar. Moskva isə hesab edir ki, rupi ehtiyatının yığılması arzuolunmazdır, çünki rupi tam konvertasiya olunan valyuta deyil.

Eyni zamanda, Rusiya və Hindistan yerli valyutalarla ticarət məsələsini müzakirə etsələr də, prinsiplər rəsmiləşdirilməyib. Belə ki, Rusiya ödənişi rupi ilə deyil, Çin yuanı və ya digər valyutalarla etmək istədiyini bildirib.

Ukraynaya qarşı müharibədən sonra əksər ölkələr Rusiyadan neft tədarükünü dayandırdıqdan sonra Hindistan Çinlə rus “qara qızıl”ının əsas alıcılarına çevrilib.

 

UKRAYNADA 23 MİNDƏN ÇOX İNSAN İTKİN DÜŞÜB

Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hücumu nəticəsində 23760 vətəndaş itkin düşmüş hesab olunur. “Report” agentliyi Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə DİN rəhbərinin müavini Leonid Timçenko bildirib.

Nazir müavininin sözlərinə görə, müharibə başlayandan indiyədək itkin düşmüş şəxslərlə bağlı 101543 fakt qeydə alınıb, bundan sonra məlumatlar vahid reyestrə daxil edilib. “Daha sonra prioritet yoxlama tədbirləri həyata keçirilib. 54310 nəfər aşkar edilib”, - deyə Leonid Timçenko vurğulayıb.

Bütün lazımi tədbirlər görüldükdən sonra 31330 nəfər barəsində axtarış elan edilib, onlardan 7570 nəfəri tapılıb, qalanları isə xüsusi şəraitdə itkin düşmüş hesab olunur. Bunlara silahlı münaqişə, hərbi əməliyyatlar, müvəqqəti işğallar, təbii və ya texnogen xarakterli fövqəladə hallar daxildir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.