Region

"Ağ qızıl" üz ağardır

Yaxşı bir el məsəli var, deyiblər ki, torpağa əyiləni, torpaq ucaldar. Dəfələrlə sınaqdan çıxan bu atalar sözündəki hikmət, adi həqiqət torpaq məhəbbətindən qaynaqlanır. Zəhmət çəkənin üzüağ, başıuca olar. Tarlada izi olmayanın, süfrədə üzü olmaz. Torpaqla, halal zəhmətlə bağlı yüzlərlə qanadlı fikirlər, zərbi-məsəllər, atalar sözləri var. Bu da onu göstərir ki, Azərbaycanda əkinçilik mədəniyyəti, əkinçilik ənənələrinin tarixi çox qədimdir. Əməyi ilə ucalanlar, şan-şöhrət qazananlar cəmiyyətdə layiqli yer tutublar.

Vaxtilə Ağcabədi rayonunda adlı-sanlı əmək adamları çox olub, onlar zəhmətləri ilə doğma rayona şöhrət gətiriblər. Torpaq üzərində mülkiyyət hüququ dəyişəndən sonra, xüsusi mülkiyyətçilər, fermerlər nəsli yetişdi və onlar ata-babaların yolunu uğurla davam etdirirlər. Onlardan biri də gənc təsərrüfatçı Şahmalı Hacıyevdir. Onun valideynləri, yaxın qohumları keçmiş sovet dönəmində kolxozda işləyiblər, torpaqla, zəhmətlə nəfəs alıblar. Ailənin mayası halallıqdan yoğrulub. Məhz buna görə, o, valideynlərinin əmək ənənəsinə sadiq qalıb, onların yolunu davam etdirir.

Şahmalı rayonunun Köyük kəndində doğulub, zəhmətkeş ailədə böyüyüb, zəhmətin nə olduğunu uşaq yaşlarından hiss edib. Şahmalı 2016-cı ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Vətən qarşısında hərbi xidməti uğurla başa vurub. 2017-ci ildən Ağcabədi Rayon İcra Hakimiyyəti Şahsevən-Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində işləyir.

Yuxarıda qeyd etdiyimiz kimi, Şahmalı hələ uşaq yaşlarından torpağı tanıyıb, onun bərəkətini hiss edib. Ona görə də ailələrinə məxsus olan 9 hektar pay torpağında bu il pambıq əkib. Sahələrə yüksək aqrotexniki qulluq göstərilib, bol məhsulun təməli qoyulub. Suvarmada yaranan çətinliklərə baxmayaraq, tarlalarda bol məhsul yetişib.

Gənc təsərrüfatçı deyir ki, ötən il də əkib-becərdiyi pambıq sahəsindən pis nəticə əldə olunmayıb. 3 hektar pambıq sahəsindən 10,5 tondan çox "ağ qızıl" əldə edilib. Ötən təsərrüfat ilində qazanılan təcrübədən yararlanan Şahmalının qənaətinə görə, bu il tarlalardan bol məhsul gözləyir. Artıq pambıq yığımına hazırlıq başa çatıb, əlverişli hava şəraiti keçsə, hər hektardan 45 sentner məhsul əldə olunacaq.

Qeyd edək ki, pambıqçılıq Ağcabədi rayonunda güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Vaxtilə rayonda yüz min tondan çox "ağ qızıl" istehsal edilib. Pambıqçılığın inkişafı fermerlərin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına son dərəcə müsbət təsir edir. Son illər dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirlərinin gücləndirilməsi bu sahəni fermerlər üçün daha da cəlbedici edib. Bu sahəyə marağın artması nəticəsində pambıq istehsalının həcmi və orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir. Bu ildən fermerlər, xüsusi mülkiyyətçilər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Üstəgəl, pambığın alış qiyməti də artırılıb, ona görə də zəhmət çəkənlərin əli boşda qalmayacaq. Hər hektara çəkilən xərci çıxandan sonra fermerlər xeyli gəlir əldə edəcəklər. Gənc təsərrüfatçı Şahmalı Hacıyev də deyir ki, becərdikləri "ağ qızıl" ona həm gəlir, həm də yaxşı güzəran gətirəcək.

Salman ALIOĞLU,

"Respublika".