Anda sədaqət nümunəsi
Sosial həyat

Anda sədaqət nümunəsi

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək öz adlarını xalqımızın qəhrəmanlıq tarixinə yazdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər.

Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edən, Şuşa döyüşlərində qəhrəmancasına şəhid olan Babək Bəxtiyar oğlu Allahverdiyev tarixi sevərək böyüdü, elə tarix yazaraq da şəhid oldu. Babək Allahverdiyev 1979-cu il mayın 30-da Naxçıvan şəhərində anadan olub. Uşaqlıqdan "hərbçi olacağam" deyən Babək uşaqlıq arzusuna da çatıb, xidmət andına da. Daim kikboksinq və karate idman növləri ilə məşğul olan Babək, əvvəl Naxçıvanski adına hərbi məktəbi, daha sonra Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə başa vurub. Müharibə başlayan gündən Şuşanı azad edib qayıdacağam deyərək Vətənin müdafiəsinə qalxıb. Kəşfiyyat bölük komandiri kimi Şuşaya ilk yol açanlardan biri olub. Elə noyabrın 4-ü Şuşa uğrunda gedən döyüşlərdə də şəhidlik zirvəsinə ucalıb. Şəhid baş leytenant Babək Allahverdiyev 2020-ci il noyabr ayının 6-da İkinci Fəxri xiyabanda dəfn olunub.

Ölümündən sonra Babək Allahverdiyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunması görə" medalları ilə təltif edilib.

Bəli, bu gün öz qanı, canı bahasına Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Babək cəsurluğu ilə düşmənə meydan oxuyaraq şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir.

Vətən bölünməz - şəhidlər ölməz! İllər keçəcək, gələcək nəsillər şəhidlərimizi minnətdarlıq hissi ilə yad edəcəklər. Heç kim unudulmur, heç kim yaddan çıxmır.

Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir.

Müşfiq CƏFƏROV,

"Respublika".