“Vətənə, xalqa həsr edilən ömür”
Sosial həyat

“Vətənə, xalqa həsr edilən ömür”

Dekabrın 11-də YAP Yasamal Rayon Təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Vətənə, xalqa həsr edilən ömür" adlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov iştirak ediblər. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmələr İnstitutunun baş direktoru Əli Abbasov, Milli Məclisin deputatları - Elnur Allahverdiyev, Tahir Rzayev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, ərazi partiya təşkilatının sədr, sədr müavinləri və rayonun fəal gəncləri də tədbirə qatılıblar.

YAP Yasamal Rayon Təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirin rəsmi hissəsinin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Heydər Əliyevin anım gününə həsr olunmuş "Vətənə, xalqa həsr edilən ömür" adlı videoçarx nümayiş etdirilib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ulu öndərin ən çətin məqamlarda dövlətimiz və xalqımızla bağlı verdiyi düzgün qərarlardan danışıb: "Ulu öndər Heydər Əliyev həyatı boyu hansı vəzifədə olmasından asılı olmayaraq yalnız ürəyi Azərbaycanla döyünüb. Heydər Əliyevin siyasi irsi əsl dövlət idarəçiliyi məktəbinə çevrilib və biz bu gün bundan faydalanırıq. Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız ulu öndərin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və  Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində azadlığa qovuşub". 

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov ümummilli liderlə bağlı xatirələrini bölüşüb və Heydər Əliyevin milli dövlətçilik ideyalarına verdiyi dəyərlərdən danışıb,  əldə edilən uğurların məhz ulu öndərin sayəsində həyata keçdiyini vurğulayıb. Ümummilli liderimizin siyasi kursunun  Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirildiyini qeyd edib.  

Elm və Təhsil Nazirliyi İdarəetmələr İnstitutunun baş direktoru Əli Abbasov çıxışında  bildirib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən ulu öndər Heydər Əliyevin müqəddəs arzusu xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olub. Milli dövlətçilik ideyalarını hər şeydən üstün tutan ümummilli lider öz parlaq zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yollarını müəyyən edib.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. Tədbirə bədii hissənin təqdim olunması ilə yekun vurulub.

"Respublika".