Arıçılığın inkişafına qayğı
Region

Arıçılığın inkişafına qayğı

Ö zünü görməyib, işi ilə tanışlığım olmasa da, hiss eşitmişdim ki, istehsal etdiyi balla ürəklərə can verən, min bir dərdə məlhəm olan, ağızları şirinləşdirib, insanların sağlamlığına xeyirxah işi ilə dəstək duran adamla edilən söhbətin özü də bal kimi şirin alınacaq, mənə də, özünə də ləzzət verəcək. Bəli, Zaqatala Arıçılar Assosiasiyasının rəhbəri Mövliddin Qurbanəliyevlə söhbət çox səmimi və şirin alındı.

- Söhbətimə həmişə indi verəcəyim çox qısa məlumatla başlayıram, dedi arıçı Mövliddin.

- Babam da, atam da, bir sözlə, bütövlükdə soykökümüz arıçılığa meyilli olub. Sovetlər birliyi vaxtında mən özüm arıçılıq sovxozunda çalışmışam. Ömrünü, gününü bu maraqlı, eyni zamanda çox xeyirli, dəyərli təsərrüfata bağlayanlardan həmişə bir fikri daha çox eşitmişəm: Min bir dərdin dərmanı sayılan balı istehsal edib ərsəyə gətirən arılar olmasa, anamız təbiətin loğmanlığından, onun ecazkarlığından, füsunkarlığından danışmağa dəyməz. Axı, təbiəti gözəlləşdirən, yaşıl libasa bürüyən, çiçəklərin al-əlvan donuna yaraşıq gətirən ən vacib məsələlərdən birini, tozlanmanı arılar kimi heç kəs və heç nə apara bilməz. Təbiət üçün arı çox vacibdir. Aqillərin çox gözəl bir deyimi var ki, arılar və arıçılıq olmasa, dörd ildən sonra təbiət sanki sönər, passivləşər, kasıblaşar və məhv olar.

Əvvəllər ictimai təsərrüfatda çalışıb. Lakin sonralar tədricən öz şəxsi təsərrüfatını yaratmağa başlayıb. Rayonda bəlkə də ilk arıçılıq təsərrüfatı yaradan da, bu sahə üzrə ilk fermer də elə Mövliddinin özü olub. İlk illər arı ailələri az olub. Amma ailə üzvlərinin, xüsusən də övladları Tural və Cəlalın yaxından köməkliyi, ən əsası da nəsildən-nəslə ötürülən arıçılığa marağın sayəsində arı ailələri artırılıb 150-yə və nəhayət, 450-yə çatdırılıb.

Assosiasiya rəhbəri qeyd etdi ki, indi Zaqatalada arı ailələrinin sayı otuz bir mindən xeyli çoxdur. Bu təsərrüfat sahəsi dövlətin artıq tam diqqət mərkəzindədir. Verilən subsidiya bu sahəyə münasibətdə böyük dönüş yaradıb. Ən əsası arıçılıq təsərrüfatlarının sayı artıb, istehsal olunan bal çoxalıb. Respublika Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə keçirilən sərgi yarmarkalarında iştirakımız zamanı bunu aydın görürük. Artıq insanlar bu məhsulun həm maddi, həm də sağlamlıq cəhətdən nə qədər böyük əhəmiyyətə malik olduğunu yaxşı bilirlər. Arıçı Mövliddin bu fikrini bir faktla əsaslandırdı ki, arı təkcə bal yox, eyni zamanda 14 növ məhsul hazırlayır. Onların hər biri həm qiymətinə görə, həm də tibbi baxımdan insan sağlamlığında da çox önəmli yer tutur. Ən qiymətlisi arı südüdür. Təcrübəli arıçı Mövliddin Qurbanəliyevlə bal kimi şirin söhbətimizdən öyrəndiyim bir yaxşı faktı da xatırlatmaq yerinə düşər. O, bildirdi ki, arı həddindən çox həssas, qayğıkeş, eyni zamanda təəssübkeş olduğu kimi, incəliyi, nəvazişi də bax bir o qədər sevir. İncəlik isə daha çox qadınlara xas olan keyfiyyətdir. Bax, buna görə də artıq qadınların da bu təsərrüfata meyili çoxalıb.

Başqa sözlə, indi Zaqatalada 30-dan çox qadın arıçılıqla məşğuldur. Onlar arı ailələrini bir yerdən başqa yerə köçürərkən bir az çətinlik çəkirlər və bu zaman kişi qüvvəsi köməklərinə çatır:

- Bəli, arıçılıqda mühüm məsələlərdən biri də arı ailələrinin mövsümə uyğun məkanının dəyişdirilməsidir. Bizim tərəflər payızda və yazın əvvəllərində bir qədər soyuq, rütubətli olduğundan arı ailələrini aran zonaya köçürürük.

İlin lazım olan fəslində arı ailələrində gənəyə qarşı dərmanlama aparılmasının vacibliyindən də danışdı. Bir sözlə, təcrübəli arıçı, eyni zamanda rayonda arıçılar assosiasiyasının rəhbəri kimi məsləhət xarakterli şirin söhbətlərini bir-birinə calaq vurdu. Vaxtaşırı rayondakı arıçılıq təsərrüfatlarına baş çəkdiyini, onlara imkan daxilində lazımi kömək göstərdiyini bildirdi. Daha bir vacib məsələdən - arı məhsulu olan balın satışından danışarkən dedi:

- Artıq alıcı problemi yoxdur. Hər il Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən sərgi-yarmarkalar, həmçinin MDB ölkələrində digər xarici dövlətlərdə, o cümlədən Amerikada, İngiltərədə, Almaniyada, Türkiyədə müxtəlif tədbirlərdə iştirakımız sayəsində balın satışının ərazisini xeyli genişləndirməyə nail oluruq.

Həmsöhbətim bir məsələni də xüsusi vurğuladı ki, artıq respublikamızda xeyli müəssisələr arı məhsullarının qablaşdırılıb satışa çıxarılmasını, xüsusilə də xarici bazara göndərilməsini təşkil edirlər. Assosiasiyamız respublikanın müvafiq qurumu vasitəsilə bu cür müəssisələrlə əlaqə yaradılmasını diqqət mərkəzində saxlayır. Artıq 2017-ci ildən xarici bazarlara çıxardıqları məhsullara yaxşı münasibət olduğunu da dedi.

Söhbətimizin sonuna yaxın arıçı Mövliddinə: “Arıçılığa aid çox məsələdən danışdınız, amma təcrübəli arıçı kimi ailənizin büdcəsinin formalaşmasında, daha doğrusu, çəkdiyiniz gərgin əməyin bəhrəsi olaraq nə qədər bal əldə edib, nə qədər gəlir götürməyiniz barədə bir kəlmə də demədiniz", deyəndə belə cavab aldım.

- Nə qədər əziyyətli olsa da o qədər də xeyirlidir. Mövsüm dövründə 4-5 ton məhsul olur, əldə olunan gəlirin 30 faizini arının özünə xərcləyirik. Yerdə qalanına görə də heç bir giley-güzarım ola bilməz.

Bax, beləcə arıçı Mövliddin Qurbanəliyevlə bir neçə saatlıq söhbətimiz bal kimi çox şirin alındı və xoş arzularla onunla xudahafizləşib ayrıldım.

Rasim AMANOV,

"Respublika".