AZƏRBAYCAN-ABŞ ƏLAQƏLƏRİ QARŞILIQLI FAYDALI ƏMƏKDAŞLIĞA SÖYKƏNİR
Siyasət

AZƏRBAYCAN-ABŞ ƏLAQƏLƏRİ QARŞILIQLI FAYDALI ƏMƏKDAŞLIĞA SÖYKƏNİR

Diplomatik münasibətlərin qurulmasının 30 illiyini təqdir edən dövlət başçıları gələcək tərəfdaşlığın inkişafına nikbin baxırlar

Dünyanın mühüm iqtisadi güc mərkəzi olan Amerika Birləşmiş Ştatları 1991-ci ildən sonra formalaşan birqütblü dünya nizamında Şərqi Avropa və Mərkəzi Asiyada olduğu kimi, Qafqaz regionunda da fəal xarici siyasət strategiyası həyata keçirmək üçün geniş imkanlar əldə etmiş oldu. Uzun illərdən sonra müstəqilliyə qovuşan Cənubi Qafqaz dövlətləri bölgədə yaranmış ağır iqtisadi və siyasi vəziyyətin normallaşması, mövcud problemlərin aradan qaldırılması baxımından ABŞ-la çoxtərəfli əməkdaşlığın qurulması və inkişafında maraqlı idi. Azərbaycan da dövlət müstəqilliyini bərpa etdikdən sonra ABŞ-la bir çox sahələrdə, xüsusilə iqtisadi sferada əməkdaşlığın formalaşdırılması məsələsinə xüsusi önəm verməyə başladı.

Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda ağır siyasi-iqtisadi vəziyyətlə bərabər, hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyünün həyata keçirdiyi xarici siyasət kursunun uğursuzluğu ikitərəfli münasibətlərin qurulmasına mənfi təsir göstərdi.

Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də köklü islahatların həyata keçirilməsinə başlanıldı, ciddi dəyişikliklərə nail olundu. Təsadüfi deyil ki, həmin il sentyabr ayının 28-də Azərbaycan Respublikası hökuməti ilə ABŞ hökuməti arasında kapital qoyuluşuna kömək haqqında sazişlər imzalandı. Beləliklə, Azərbaycana ABŞ-la əlaqələrdə "əlverişli ticarət rejimi" şəraiti və iki ölkə arasında açıq investisiya hüquqi rejimi yaradılması imkanları təsbit olundu.

Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursu, şəxsi nüfuzu sayəsində 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın neft strategiyasında yeni bir mərhələnin başlanğıcını qoydu. "Əsrin müqaviləsi" 1994-cü il sentyabr ayının 20-də Bakıda Gülüstan sarayında imzalandı. "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdi. Müqavilədə 8 ölkədən - Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanından 13 şirkət iştirak edirdi. Bu müqavilə daha sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı. ABŞ şirkətləri Amoko (17.01%), Yunokal (10.0489%), Ekson (8.0006%), Penzoyl (4.8175%) ümumilikdə 40 faizlik paya sahib oldu.

Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, 1994-cü ildən başlayaraq, dünyanın mühüm neft şirkətləri ilə bağlanan ikitərəfli müqavilələr Azərbaycanda mövcud enerji ehtiyatlarının hasilatı və ixracı üçün əlverişli mühit formalaşdırdı. Bundan sonra qarşıda duran əsas məsələ ölkəmizdə hasil olunan neftin dünya bazarlarına təhlükəsiz daşınmasını təmin etmək idi. Təbii olaraq, bu prosesdə neft sahəsində böyük pay sahibi olan ABŞ da olduqca maraqlı idi.

1995-ci ilin oktyabrında ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Brent Skoukroft qeyd etmişdi ki, Azərbaycan ABŞ-ın milli maraqları üçün vacibdir. 1995-1999-cu illərdə Azərbaycan dünyanın bir sıra mühüm neft şirkətləri ilə müqavilələr imzaladı. Belə ki, 1995-ci il noyabr ayının 10-da "Qarabağ" yatağının istismarı ilə bağlı dörd xarici şirkətlə 25 il müddətinə müqavilə imzalandı. ABŞ-ın Penzoyl şirkətinin payı 30% oldu. 1996-cı ilin 4 iyulunda imzalanan "Şahdəniz" layihəsində yer almayan ABŞ, həmin ilin dekabrında "Dan ulduzu" və "Əşrəfi" yataqlarının işlənilməsi ilə bağlı müqavilələrdə Amoko (30%), Yunokal (25.5%) şirkətləri ilə təmsil olundu. Vaşinqtonda ABŞ-ın Şevron, Fransanın Total və Azərbaycanın Dövlət Neft Şirkəti arasında 1997-ci ildə imzalanan "Abşeron" müqaviləsində isə Şevron 30% pay sahibi oldu.

XX əsrin 90-cı illərinin ortalarından başlayaraq, ABŞ-Azərbaycan arasında iqtisadiyyatın digər sferalarında da əməkdaşlıq genişləndi. 1996-cı ildə Amerikanın "Em Ay Si İndastris" şirkəti ilə 1 milyon 71 min dollar dəyərində müqavilə bağlandı. Bunun əsasında Mingəçevir şəhərində 100 qaçqın ailəsi üçün 10 ev tikildi. 1997-ci il aprelin 27-də isə Azərbaycan Respublikası ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında Bakıda ürək-damar xəstəliklərinin müalicəsi üzrə mərkəzin tikintisinin texniki-iqtisadi əsaslarının hazırlanması barədə müqavilələr imzalandı. Bundan başqa, Azərqızıl Dövlət Şirkəti və Amerikanın "R.V. İnvestment" servis qrupu Azərbaycan Respublikasının bir neçə perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və əldə ediləcək məhsulun pay bölgüsü haqqında ilkin razılığa imza atdılar. Sənədə əsasən bölgüdə Azərqızılın payı 51%, İnvestmentin payı isə 49% olmalı idi və layihənin xərclərini investor üzərinə götürürdü. Bağlanan bu müqavilələr, o cümlədən ABŞ tərəfindən Azərbaycana edilən maliyyə yardımları təkcə neft sferasında deyil, iqtisadiyyatın digər sahələrində də ABŞ-Azərbaycan münasibətlərinin inkişafının göstəricisi idi.

Ulu öndər Heydər Əliyevin 1997-ci il 27 iyul - 6 avqust tarixlərində ABŞ-a rəsmi səfəri də iqtisadi əlaqələrin inkişafına yeni təkan verdi. Səfər zamanı 5 mühüm sənəd - Amerika-Azərbaycan münasibətləri haqqında Birgə Bəyanat, Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında müqavilə, Birləşmiş Ştatlarla Azərbaycan arasında müdafiə və hərbi sahələrdəki gələcək münasibətlər barədə Birgə Bəyanat, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması niyyətləri haqqında bəyanat, Layihələrin təşviqinə dair Baş Saziş imzalandı. Bundan sonra isə Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan Respublikası hökuməti arasında onların gömrük idarələri arasında qarşılıqlı yardım haqqında 14 maddəlik Saziş bağlandı. Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, hələ səfər ərəfəsində Amerika-Avrasiya ticarət palatasının prezidenti Helen Toplitskaya, sədri Tomas M. Cons, Çikaqodakı mühüm ABŞ kooperasiyalarından birinin sədri və baş icraçı direktoru Robert Burt və digər bu kimi cəmiyyət və palatalardan Heydər Əliyevə qarşılıqlı əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə dəvət məktubları gəldi. Çikaqodakı mühüm ABŞ kooperasiyalarından birinin sədri və baş icraçı direktoru Robert Burt ulu öndər Heydər Əliyevə göndərdiyi 1997-ci il 9 iyun tarixli məktubunda bildirirdi ki, Azərbaycanın enerji və kənd təsərrüfatı sektorlarına Birləşmiş Ştatların güclü marağı var: "Bizim Çikaqodakı işgüzar dairələrimiz sizin ölkə üçün ticarət və sərmayə qoyuluşu siyasətini bilavasitə Sizinlə müzakirə etmək imkanımızı alqışladı". Bütün bunlar ABŞ-da artıq bu dövrdə Azərbaycana marağın artdığını göstərirdi. Bu da təbii ki, ümummilli lider Heydər Əliyevin müdrik xarici siyasətinin, Azərbaycan dövlətinin diplomatiyasının böyük uğuru idi. Amerikalı politoloq Zbiqnev Bzejinski Heydər Əliyevin ABŞ-a rəsmi səfərini Amerikanın Qafqazda yeritdiyi regional siyasətdə yeni mərhələnin başlandığını sübut edən tarixi bir hadisə hesab etmişdir. Onun fikrinə görə, belə bir səfərin baş tutması üçün dördillik diplomatik səy göstərilib və gərgin iş aparılıb.

ABŞ-Azərbaycan münasibətlərində mühüm rol oynayan layihələrdən biri də "İpək yolu" layihəsidir. Bu layihə ilə bağlı olaraq ABŞ prezidenti Bill Klinton 1999-cu ilin 17 aprelində senator Sem Braunbekə yazdığı xüsusi məktubda qısaca olaraq bildirdi ki, Birləşmiş Ştatların məqsədi Qafqazın və Mərkəzi Asiyanın yeni müstəqil dövlətlərinə kömək etməkdir: "Bu gənc ölkələr sabitliyə, demokratiyaya və tərəqqiyə can atdıqlarını bəyan edirlər. Biz onlarla birlikdə olsaq, onların bu səylərinə öz töhfəmizi verə bilərik. Birləşmiş Ştatlar Qafqazda və Mərkəzi Asiyada fəal və tarazlaşdırılmış rol oynamaqda davam edərək, Dağlıq Qarabağda sülhə nail olmağı dəstəkləməlidir".

Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin müdrik strategiyası sayəsində 1993-2003-cü illərdə Azərbaycan-ABŞ münasibətlərinin qarşılıqlı fayda və maraqlar üzərində qurulması təmin edilmişdir. Bu gün ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu mühüm strateji xətt uğurla davam etdirilir.

2003-cü ildən başlayaraq, indiyə qədər dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan inanılmaz inkişaf yolu qət etməklə dünyanın dayanıqlı və dinamik surətdə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. 30 il ərzində işğal altında qalmış torpaqlarımız məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və sərkərdəlik məharəti sayəsində azad olundu. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallığı ABŞ da daxil olmaqla bütün böyük qüvvələr tədricən qəbul etmək məcburiyyətində qaldılar. Biz bunu ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə göndərdiyi təbrik məktubunda da görə bilərik.

Azərbaycan öz tarixi Zəfəri ilə münaqişəyə son qoyub və Minsk qrupu formatının üstündən birdəfəlik xətt çəkib. Cozef Baydenin göndərdiyi məktuba diqqət yetirsək, mətndə münaqişə, Dağlıq Qarabağ və ya Minsk qrupuna işarə edəcək bir cümlə və ya söz yoxdur. Bu, ABŞ-ın Azərbaycan dövlətinin mövqeyini dəstəkləməsinin əyani göstəricisidir. Belə ki, ABŞ regional proseslərə öz yanaşmasını da təqdim edə bilərdi. Lakin təbrik məktubunun mətninə diqqət yetirdikdə biz regional proseslərə yeni yanaşmanın olmadığını görürük. Əksinə, məktub ABŞ-ın Azərbaycanın irəli sürdüyü formatı tam olaraq dəstəklədiyinə işarə edir. ABŞ əməkdaşlıq və sülhə sadiqliyi təsdiqləyir, Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəyini bildirir, ortaq təhlükəsizlik problemlərinin həllindən və regional barışığı təşviqdən bəhs edir. Bununla yanaşı, Birləşmiş Ştatlar Prezidenti iqtisadi əməkdaşlıq üçün yeni imkanların araşdırılması məqsədilə ölkəmizlə birgə işləyəcəyini qeyd edir.

Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı beş bənddən ibarət təklif göndərib. Xatırladaq ki, Azərbaycan tərəfindən irəli sürülən sülh təklifi dövlətlərin bir-birilərinin suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyinin qarşılıqlı surətdə tanınmasını, ərazi iddialarından əl çəkməyi, təhlükəsizliyə hədə törətməkdən imtina etməyi, sərhədlərin delimitasiya və demarkasiyası daxil olmaqla diplomatik münasibətlərin qurulmasını və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı özündə ehtiva edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin cavab məktubunun daha əhatəli və genişhəcmli olduğunu qeyd etməliyik. Burada Azərbaycanın regional proseslərlə bağlı mövqeyinin ifadə olunması xüsusi məna kəsb edir. Dövlətimizin başçısı tərəfindən göndərilən məktub Azərbaycan və ABŞ arasında mövcud əlaqələrin sadalanmasından başlayır. Bu kiçik ekskurs regional proseslərə ölkəmizin baxış bucağını özündə ehtiva edən ikinci hissə üçün müəyyən giriş rolunu oynayır. Azərbaycan Prezidenti ABŞ-a dövlətimizin nə qədər vacib aktor olmasını xatırlatmaqla yanaşı, bizimlə və bizim yaratdığımız geosiyasi reallıqla hesablaşmağın zəruri olduğunu izah edir. Yeni geosiyasi reallıq isə ilk növbədə bundan ibarətdir ki, ölkəmiz 1993-2020-ci illər ərzində icra edilməmiş vəziyyətdə qalan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra edib. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında Ermənistan ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu ifadə edən Azərbaycan sülhün tərəfdarı olduğunu bir daha təsdiqləyir. Bu formatın və şərtlərin ifadə edilməsindən sonra dövlətimizin başçısı gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümid etdiyini bildirir.

Dövlətimizin başçısı, həmçinin ABŞ şirkətlərini postmünaqişə dövründə bərpa və yenidənqurma işlərinə dəvət edir. Belə hesab edirik ki, burada Azərbaycan Prezidenti ABŞ-ın regionda mövcudluğunu, iqtisadi layihələrdə iştirakını nəzərdə tutur. Həmçinin o da bəyan edilir ki, ABŞ ölkəmizdə iqtisadi cəhətdən mövcudluğunu, qarşılıqlı faydalı layihələrdə iştirakını təmin etmək istəyirsə, Azərbaycan öz qapılarını həmişə ABŞ investisiyaları üçün açıq saxlayacaq.

Birləşmiş Ştatların prezidenti Cozef Bayden dövlət başçımızı və xalqımızı Müstəqillik Günü münasibətilə təbrik məktubunda qeyd edir ki, ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində iki ölkənin əməkdaşlığı tarixin mühüm anında öz bəhrəsini verir. ABŞ prezidenti Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində oynadığı önəmli rolu qeyd edir. Hazırda Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bəslənən ümidlərin reallaşa biləcək bir zaman olduğunu vurğulayan C.Bayden ABŞ-ın bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və ölkənin iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazır olduğunu vurğulayır. Azərbaycanın müstəqilliyinə və suverenliyinə öz dəstəyini bir daha təsdiq edən Birləşmiş Ştatların dövlət başçısı qarşıdan gələn illər və onilliklərdə iki ölkə arasında münasibətləri daha da genişləndirmək arzusunda olduğunu qeyd edir.

Göründüyü kimi, ABŞ Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əldə etdiyi böyük nailiyyətlərə böyük önəm verir. Diqqətçəkən məqam da məhz bundan ibarətdir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət təkcə ölkəmizin inkişafı və çiçəklənməsinə deyil, Azərbaycanla tərəfdaşlıq edən bütün dövlətlərə də böyük faydalar vəd edir.

Məlum olduğu kimi, Azərbaycan ilk gündən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bu gün də həmin möqveyə sadiqdir. Bu, dövlətimizin prinsipiallığının, beynəlxalq hüquq və normalara hörmətin əlamətidir. Təəssüf ki, belə birmənalı mövqe 44 günlük Vətən müharibəsində heç də bütün dövlətlər tərəfindən sərgilənmədi. Deməli, bu istiqamətdə də, Azərbaycan etibarlı tərəf kimi böyük güclərin hörmətinə və etibarına layiqdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti hər zaman humanizm və insansevərlik prinsiplərini üstün tutur. Təsadüfi deyil ki, ölkəmizin Ukraynaya göndərdiyi humanitar yardımlar və Azərbaycanın terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr də ABŞ tərəfindən yüksək dəyərləndirilir. C.Bayden sözügedən məktubda bunu xüsusilə qeyd edir.

Beləliklə, ABŞ Azərbaycanla münasibətlərin inkişaf etdirilməsidə maraqlıdır, dövlətimizin irəli sürdüyü Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılması və gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir. Bu isə o deməkdir ki, Vaşinqtonda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun alternativsiz olduğunu yaxşı anlayır, Azərbaycanın nəinki regionda, ümumilikdə Avropada oynadığı rolu düzgün qiymətləndirirlər.

Emin QASIMOV,

"Respublika".