Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır
İdman

Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır

"Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə bildirib.

Dövlət başçısı mərasimdə qeyd etmişdir ki, işğaldan azad olunmuş ərazilərimizdə ötən il artıq bir neçə idman yarışı keçirilib və bu tədbirlərin daha geniş miqyas alması üçün işlər görülür. Belə ki, Şuşada beynəlxalq şahmat, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilməklə yenidən qurulacaq, bununla yanaşı, böyük Olimpiya İdman Kompleksi yaradılacaqdır. Ötən il isə Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli də qoyulmuşdur.

Prezident İlham Əliyev idmançılarla hər dəfə görüşündə gənclərimizin ölkəmizi beynəlxalq idman arenalarında ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı zirvələrə qaldırdıqlarını vurğulayır. Mübaliğəsiz demək olar ki, Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik, öz ölkəsinə sadiq, Vətənini canından da artıq sevən gənc nəslin yetişməsi dövlət başçımızın böyük səyləri nəticəsində həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində mümkün olub.

Hər bir ölkədə gənclər dövlətin əsas kapitalı, iqtisadi, intellektual və mədəni inkişafının mənbəyidir. Bu səbəblə gənclərin fiziki cəhətdən sağlam, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər şəxslər kimi yetişməsi dövlətin prioritetləri arasında öz yerini almışdır. Sağlam əqidəli gəncliyin formalaşması üçün sağlam bədən əsas şərtlərdən biridir. Azərbaycan gənclərə göstərilən qayğıya, onlar üçün həyata keçirilən tədbirlərə, ümumiyyətlə, gənclər siyasətinə görə dünya ölkələri arasında seçilir.

Beləliklə, bu gün ölkəmizdə idmana xüsusi diqqət və qayğı mövcuddur. Bu idman infrastrukturunun müasirləşməsi istiqamətində atılan addımlarda, idmançıların uğurlarının ölkə başçısı səviyyəsində daim qeyd olunmasında müşahidə edilir.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın idman ölkəsinə çevrilib. Dövlət başçısının idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.

Olimpiya və dünya miqyaslı yarışların əhəmiyyətinin tələb olunan səviyyədə təbliği, respublikamızın paytaxtında və regionlarda bir-birinin ardınca tikilib istifadəyə verilən müasir 50-ə yaxın Olimpiya İdman kompleksləri, onların maddi-texniki bazasının gücləndirilməsi və digər tədbirlər nəticəsində ölkəmiz bu gün həmçinin mötəbər beynəlxalq, eləcə də dünya səviyyəli yarışların keçirildiyi məkana çevrilmişdir. Məhz göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan idmançıları dünyanın ən mötəbər yarışlarında bir-birinin ardınca parlaq qələbələr əldə edirlər.

Dünyanın idman mərkəzlərindən biri kimi tanınan ölkəmizdə Azərbaycan idmançıları "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Ötən il Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları da idman tariximizə qızıl hərflərlə yazıldı. İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil etdilər. Bu, hamımız üçün böyük qürurverici hadisə idi. İdmançılarımız müzəffər xalqın, qalib ölkənin nümayəndələri kimi bu oyunlarda iştirak edirdi. Bu yarışda idmançılarımız 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görüldülər.

Hazırda Azərbaycan idmanı indi əsl yüksəliş dövrünü yaşayır. Ölkəmizdə mükəmməl idman infrastrukturunun yaradılması istiqamətində işlər də davamlı xarakter alıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib.

Müşfiq MİRZƏ,

"Respublika".