Azərbaycan düşmənə kapitulyasiya aktını imzalatmaqla regionda yeni reallığı gerçəkləşdirdi
Siyasət

Azərbaycan düşmənə kapitulyasiya aktını imzalatmaqla regionda yeni reallığı gerçəkləşdirdi

27 sentyabr 2020-ci il...Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. 30 ilə yaxın müddətdə ərazi bütövlüyümüzə xor baxan, torpaqlarımızı işgal edən mənfur düşmənə cavab atəşi açıldı. Vətən uğrunda Vətən müharibəsi başlandı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində şanlı ordumuzun rəşadəti, şücaəti sayəsində oktyabr ayının 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı rayonu, noyabr ayının 8-də Şuşa şəhəri işğaldan azad edildi.

Noyabrın 8-də Azərbaycan Ordusu Qarabağın gözü olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

 10 noyabr 2020-ci il... Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat 2020-ci ilin sentyabrında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinə Azərbaycanın qalibiyyəti ilə son qoydu. Münaqişənin həlli istiqamətində son nöqtə olan bəyanat xalqımızın şanlı qələbəsi oldu. Ərazi bütövlüyümüz bərpa edildi. Ermənistanın təcavüzkar siyasəti nəticəsində zəbt olunmuş əzəli Azərbaycan torpaqları işğaldan azad olundu. Ermənistan kapitulyasiya aktı imzalayaraq rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması, dekabr ayının 1-dək Ermənistan silahlı qüvvələrinin Qarabağın ətrafında Ermənistanın nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin olunması elan edildi. Ermənistanın hərbi kapitulyasiyası olan bu bəyanat uzun illər davam edən işğala son qoymaqla bərabər, həm də sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqi oldu.

Tarixin bütün dönəmlərində müharibələr baş verib. Təbii ki, hər bir müharibənin də haqlı və haqsız tərəfləri olub. İşğalçı, özgə torpağına göz dikənlər isə ədalətin mühakiməsindən hər zaman məğlub çıxıb. Gec və ya tez. Vaxtilə bütün dünyanı özünə tabe etmək niyyətində olan Hitler Almaniyası da "dənizdən-dənizə böyük Ermənistan" iddiasında olan işğalçı Ermənistan kimi məğlubiyyətə uğramış və mənfur qonşularımız kimi kapitulyasiya aktı imzalamağa məcbur olmuşdu.

30 ilə yaxın torpaqlarımızın 20 faizdən çox hissəsini işğal edən Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabr ayının 1-də Laçın rayonu işğaldan azad edildi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsi ilə sonlandı. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Fədakarlıq, igidlik, qəhrəmanlıq və şücaətlə qazanılmış böyük Qələbənin nəticəsi olaraq imzalanmış üçtərəfli Bəyanat təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasət nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaratdı.

Üçtərəfli Bəyanata Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə oldu. Bəyanatın 9-cu maddəsində nəzərdə tutulur: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir".

Beləliklə, imzalanan bəyanata əsasən 1990-cı illərdə münaqişə başlayandan sonra blokada vəziyyətində olan Naxçıvan blokadadan azad olundu. Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaq. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması isə bölgədə böyük strateji əhəmiyyətə malikdir.

Belə ki, Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri olan, Naxçıvandan Azərbaycana birbaşa uzanan, 1921-ci ildə sovet Rusiyasının Ermənistana hədiyyə etdiyi, bir zamanlar türkdilli ölkələri parçalayan, bölən Zəngəzur dəhlizi indi coğrafi baxımdan iki yerə bölünən türk dünyası arasında quru əlaqəsi yaratmaqla bərabər, bu gün elə həmin ölkələri birləşdirən bir yol olacaq. Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Ədalətin bərpası olan Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış körpü olacaq. Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında Prezident İlham Əliyev demişdir: "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır".

Naxçıvan - Qars dəmir yolunun tikintisi ilk növbədə, nəqliyyat sisteminin şaxələndirilməsini və mövcud kommunikasiya infrastrukturunun əhəmiyyətini daha da artırır. Hava və quru əlaqəsi yalnız İran və ya Türkiyə vasitəsilə mümkün olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir və avtomobil yollarının tezliklə bərpa edilərək istifadəyə verilməsi, eyni zamanda Naxçıvanı Azərbaycan və Türkiyə ilə də birləşdirəcək. Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə, Çin, Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq. Nəticədə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq.

Naxçıvan - Qars dəmir yolunun tikintisi hər iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə, bərpa olunmasına, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinə imkan verəcək ki, bununla da Naxçıvan regional nəqliyyat sisteminin əsas subyektinə çevriləcək. Belə ki, Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrinin daha da genişlənməsi, Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də regionun təhlükəsizliyini və sabitliyini artırır. Bütün bunlar da hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına da zəmin yaradır.

Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti Naxçıvan Muxtar Respublikasının ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm tranzit mərkəzinə çevirərək onu Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə də birləşdirəcək.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir. Yeni Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyətə malikdir. Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan MR ilə birləşdirmək baxımından çox böyük əhəmiyyət kəsb edir. Başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilən avtomobil yolunun uzunluğu 124 kilometrdir. Ölkə başçısının tapşırığına əsasən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağın inkişaf planına əsasən 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Zəngəzur dəhlizi həm türk dünyası, həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq bu dəhlizdən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".