Azərbaycan həm də milli-mənəvi-dini dəyərlərin prioritetliyinə əsaslanan dünyəvi ölkədir
Siyasət

Azərbaycan həm də milli-mənəvi-dini dəyərlərin prioritetliyinə əsaslanan dünyəvi ölkədir

44 günlük Vətən müharibəsində xalqımız zəngin dövlətçilik və hərb tariximizdə yeni səhifə açdı. Daha bir şanlı, qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Əsrlər boyu zamanın sərt sınaqlarından alnıaçıq çıxmış Azərbaycan ərazi bütövlüyü uğrunda Vətən savaşında düşmənə yenilmədi, torpaqlarını qarış-qarış, kənd-kənd işğaldan azad etdi. Bundan sonra bütün dünya erməni vəhşiliyinin, talanının şahidi oldu. Bir daha dünyaya məlum oldu ki, tarix boyu ermənilər azərbaycanlılara qarşı amansız olmuş, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törətmişlər. Artıq dünya ictimaiyyətinin böyük əksəriyyəti ermənilərin Azərbaycanın mədəni irsinə münasibətdə barbar davranışı, vandalizm və dözümsüzlük siyasəti yürütdüyünü qəbul edir və ermənilərin kim olduqlarını yaxşı anlayırlar.

Bu gün uzun illər işğal altında qalan yurd yerlərimizdə həyatın bərpası, müasir infrastruktur layihələri reallaşdırılır. Bərpa işləri ən yüksək səviyyədə təşkil olunur, düşmənin darmadağın etdiyi ərazilərimizdə quruculuq və əsaslı tikinti işləri həyata keçirilir. Dağılmış bütün kəndlər, şəhərlər bərpa olunur.

30 il ərzində ermənilər bizə məxsus olan tarixi abidələri, ziyarətgah və məscidləri, məzarlıqları dağıtmış, yüzlərlə mədəniyyət abidələrimizi yerlə-yeksan etmiş, Azərbaycan Respublikasına məxsus tarixi abidələrin adlarını dəyişdirib özününküləşdirmiş, işğal etdiyi ərazilərdə mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət hesab edilən əməllər törətmişlər. Humanizmdən, ədalətdən, beynəlxalq hüquqdan xəbərsiz olan mənfur düşmən barbar davranışları ilə işğal olunmuş torpaqlarımızda mədəniyyətimizi, dövlətçilik ənənələrimizi yaşadan çoxlu sayda tarixi abidələrimizi məhv etmiş, qədim tarixə malik memarlıq sənəti nümunələrimizi dağıtmışdır. İşğalçı dövlətin abidələrimizə münasibətdə həyata keçirdiyi vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olmuşdur. Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüzkar əməllərin qurbanları isə təkcə ölkə vətəndaşları deyil, həm də yaşı minillərə söykənən tarixi-mədəni abidələrimiz olmuşdur...

Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri ilə bütün dünyada tanınır. Ermənilər işğal etdikləri əzəli torpaqlarımızda bu tarixi abidələrimizi yer üzündən silərək bəşər mədəniyyətinə qarşı təcavüz etmişlər.

Məscidlərimizin, dini inanc yerlərimizin vəziyyəti, onların ermənilər tərəfindən məhv edilməsi, təhqirə məruz qalması isə yalnız Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşər mədəniyyətinə qarşı vandalizm aktıdır.

Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu torpaqları yalnız talan etməyib, işğalçılar torpaqlarımızdakı İslam mədəniyyəti abidələrini tamamilə məhv edib və ya erməniləşdirib. Üzərində müsəlman epiqrafiyası ilə yazılar olan, bu səbəbdən də erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün olmayan abidələri isə ya dağıdıb, ya da təhqir ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi-dini abidə olduğu göstərilir. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur.

1874-1875-ci illərdə İbrahim xanın qızı Gövhərağa tərəfindən Şuşada inşa etdirilmiş Aşağı və Yuxarı Gövhərağa məscidləri, sözün əsl mənasında, müsəlman Şərqinin əzəmətli və nadir incilərindən sayılırdı. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhərağa məscidinin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnib. Daxildə və xaricdə divar yazıları pozulub, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb. Məscidin yalnız divarları qalıb. Ən qədim dini ibadətgahlardan biri, Qala məscidi və ya Köhnə məscid adı ilə məşhur olan Sərdar məscidi, Novruzəli bəy məscidi, Abbas Mirzə məscidi, Hacı Cəfər məscidi kimi 63 məscidimiz yer üzündən silinib.

Öz dininə, eyni zamanda bütün dinlərə hörmətlə yanaşan, dünyəvi ölkə olmaqla bərabər, həm də milli-mənəvi dəyərlərini hər zaman qoruyan Azərbaycanda erməni kilsəsinin olması Azərbaycanı bir daha multikulturalizmin, tolerantlığın məkanı kimi tanıdır. Dünya birliyində zəngin mədəniyyətə, qədim tarixə, tolerantlıq ənənələrinə malik bir dövlət kimi böyük nüfuz qazanan ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması yönündə mühüm işlər görülür, insanların din və etiqad azadlığının sağlam əsasda inkişafı təmin edilir. Tarix boyunca başqa din və mədəniyyətlərə mənsub insanlarla bir arada yaşamaq sahəsində xeyli təcrübə əldə etmiş, tolerant, dünyəvi ölkə olan Azərbaycanın bölgələrində xristian abidələri, bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, mühafizə olunur. Tarix sübuta yetirib ki, İslam mədəniyyəti digər mədəniyyətləri düşmən qüvvə kimi yox, insani varlığı daha da zənginləşdirən bir dəyər kimi qəbul edir. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən ermənilər tarixin bütün dövrlərində sülh şəraitində yaşayıblar. İşğal altında saxladıqları ərazilərdəki müqəddəs inanc yerlərini, məscidləri dağıtmaq, heyvan saxlamaq, təhqir etmək isə yalnız heç bir tarixi keçmişi olmayan, hər zaman işğalçılıqla yaşayan, talançılıq edən, başqasının torpaqlarına göz dikərək özünə "tarixi keçmiş", "abidələr" yaratmağa çalışan məkrli düşmənə xasdır.

Yalnız Azərbaycan məscidlərini məhv etməklə kifayətlənməyən, digər xalqlara və dinlərə qarşı da dözümsüzlük nümayiş etdirən işğalçı Ermənistan Şuşadakı İoann Predteça pravoslav kilsəsini, Hadrutdakı Alban-udi məbədini qəsb edərək erməniləşdirib, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb. Hadrut rayonunun Hünərli kəndində yerləşən udi xalqına məxsus olan qədim Alban məbədini təhqir etmiş ermənilər məbədin üzərində erməni dilində saxta yazılar yazaraq bu kilsəni də erməniləşdirmək istəmişlər. Kilsənin - alban məbədinin bu vəziyyətdə olması tarixi, keçmişi, dövlətçiliyi, mifologiyası da saxta olan, XIX əsrdə İrandan Hadruta köçürülən ermənilərin bir daha saxtakarlığını göstərir.

Bu il oktyabr ayının 9-da Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümündə Xocavənd rayonunda ictimaiyyət nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev Hadrut əməliyyatının həm strateji, həm tarixi, həm mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyəti olduğunu vurğulamış, qəsəbənin tarixi hissəsinin yenidən qurulacağını qeyd etmişdir. Yerli əhali üçün inşa ediləcək, minarəsi 26 metr olacaq yeni məscidin təməlini qoyan dövlət başçısı deyib: "Hadrutda məscidin tikintisinə də start verildi. Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir. Çünki sovet vaxtında Hadrut qəsəbəsində yaşayanların əksəriyyəti ermənilər idi. Onlar, əlbəttə ki, burada məscidin inşasına imkan verməzdilər və bilirik ki, bütövlükdə sovet dövründə - ateizm dövründə məscid tikmək mümkün deyildi. Biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət göstəririk".

Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı yerləşəcək və məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq.

Artıq torpaqlarımız işğaldan azaddır. Qarabağda dağıdılmış bütün tarixi abidələrimiz, məscidlərimiz yenidən qurulacaq və bu torpaqların qədim Azərbaycan yurdu olduğu bütün dünyaya bəyan ediləcək.

İşğal altında qalmış hər bir abidəmiz tarixin canlı şahididir. İşğal etdikləri torpaqlarda bu şahidləri yerlə-yeksan edən ermənilər Azərbaycan tarixinin qədimliyini silmək, milli-mədəni irsimizi məhv etmək istəsələr də, tarix elə tarixliyində qalır. Onun yaddaşına nə ermənilərin "qədim tarixini" yazmaq, nə də Azərbaycanın minilliklərə söykənən qədim tarixini silmək mümkün deyil...

Mehparə ƏLİYEVA,

"Respublika".