Azərbaycan Respublikasının Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdədir
Siyasət

Azərbaycan Respublikasının Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdədir

Azərbaycan və Özbəkistan prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldaşevin dəvəti ilə Daşkəndə rəsmi səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti "Yangi Özbəkistan" parkına gələrək müstəqillik abidəsinin önünə əklil qoyub.

Aprelin 13-də Özbəkistan Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. Ölkəmizin nümayəndə heyətini səmimi salamlayan Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi görüşə görə həmkarına minnətdarlığını ifadə edərək tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyini xüsusi olaraq vurğulayıb.

Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə qardaş Özbəkistanın ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirərək, Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqqında həmkarını məlumatlandırıb.

Niqmatilla Yuldaşev ölkəmizi möhtəşəm Qələbə münasibətilə təbrik edərək Azərbaycanın ərazi bütövlüyünün bərpasını, bütövlükdə region üçün əhəmiyyətini vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Həmçinin 2021-ci il noyabrın 1-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurasının ilk iclası çərçivəsində qurumlar arasında imzalanmış əməkdaşlığa dair razılaşma və 2022-2023-cü illər üzrə əməkdaşlıq proqramının müddəalarından irəli gələn tədbirlərin görülməsi müzakirə olunub.

Daha sonra nümayəndə heyəti Özbəkistan Baş Prokurorluğunun Akademiyası və Tarix muzeyi ilə tanış olub.

Görüşdə ölkəmizin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev iştirak edib.

Nümayəndə heyətinin səfəri davam edir.

AZƏRTAC