Azərbaycan-Türkiyə müttəfiqliyi
Siyasət

Azərbaycan-Türkiyə müttəfiqliyi

Bu, bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib

"Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.

Ölkə başçısı qeyd edib ki, ötən il Şuşada Azərbaycanla Türkiyə artıq əldə olunan nəticələri rəsmiləşdirib.  Müttəfiqlik Bəyannaməsinə imza ataraq müttəfiq olub. Bu, reallığın rəsmiləşdirilməsi idi, çünki uzun illər ərzində Azərbaycan və Türkiyə müttəfiq kimi addımlar atırdı. Biz əməkdaşlığın, tərəfdaşlığın və qardaşlığın bu səviyyəsini yüksək dəyərləndiririk. Tamamilə əminəm ki, əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Çünki Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Bu meyar hamı tərəfindən nəzərə alınmalıdır. Çünki iki ölkə olaraq biz öz potensialımızı birləşdiririk və bir yerdə biz daha güclüyük.

Bu dostluğun tarixi əhəmiyyətini 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında: "Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır" ifadəsi ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri artıq reallıqdır.

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızın 44 gün davam edən İkinci Qarabağ müharibəsində azad edilməsində siyasi, mənəvi, hərbi dəstəyini əsirgəməyən qardaş ölkə ilə Azərbaycanın birlik və həmrəyliyi əsrlərə söykənən tariximizin, soykökümüzün əbədiyyət rəmzidir. Dünyanın tanınmış KİV-lərinə müsahibələrində Türkiyənin ölkəmizə mənəvi dəstəyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dostluq döyüş əməliyyatlarının aparıldığı günlərdə bir daha təsdiqləndi. Ermənistan üzərində Zəfərimiz hər iki xalq tərəfindən təntənə ilə qeyd edildi.

44 günlük Vətən müharibəsindən sonra da iki ölkənin əlaqələri genişlənir. İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində əməkdaşlıq edir, tək ordu kimi fəaliyyət göstərir. Ərazilərin minalardan təmizlənməsi istiqamətində birgə iş aparılır. Bütün bunlar qürurvericidir. Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycanla Türkiyənin birgə fəaliyyəti üçüncü tərəfə qarşı deyil. Əksinə, bu, Cənubi Qafqazın təhlükəsizliyi üçündür.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bir ildə ikinci hava limanının açılışı oldu. Bu, qalib dövlətin iqtisadi gücünün, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür. Qarabağın "hava qapısı" hesab olunan Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının təntənəsi, strateji tərəfdaşlığımızın növbəti təsdiqi oldu. İki nəhəng siyasətçi və müdrik dövlət xadimi Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bölgədə söz, nüfuz sahibidirlər və biz birlikdə güclüyük. Bu, həm də regionda sülhün bərqərar olmasını istəməyən geosiyasi qüvvələrə, eyni zamanda revanş çağırışlar səsləndirənlərə verilmiş siyasi mesajdır. Qubadlının azad olunmasının ildönümü ilə əlaqədar ictimaiyyətlə görüşdə ölkə başçısı belə bir ifadə işlətdi ki, müharibə qurtarsa da, bəzi qüvvələr bizi yenidən döyüşə sürükləmək istəyirlər. Ancaq bilsinlər ki, biz hər zaman hazırıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə verdiyi bəyanatda bildirib ki, "kim Azərbaycana qarşı təcavüz etmək fikrinə düşsə, qarşısında Türkiyəni görəcək".

Hər iki dövlət başçısının səsləndirdiyi bəyanatlar hələ də bölgənin təhlükəsizliyinə təhdidlərin olduğunun sübutudur. Bir qədər əvvəl sərhədlərimizin yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirənlərin, erməni ordusunu yenidən silahlandırmaq istəyənlərin, Zəngəzur dəhlizinin açılmasına maneçilik törədənlərin timsalında bunu gördük. Türkiyə kimi güclü orduya, hərbi-sənaye kompleksinə malik müttəfiqin hər zaman yanımızda olması ölkəmizə yönəlik güclərin balanslaşdırılmasına imkan verir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, infrastruktur və iqtisadi layihələrin icrasında Türkiyə şirkətlərinin yaxından iştirakı əməkdaşlığımızı daha geniş spektrdə stimullaşdırır. Bu gün təməli qoyulan Zəngəzur dəhlizi vasitəsilə hər iki ölkə arasında, eyni zamanda region dövlətləri, bütövlükdə Şərq-Qərb ölkələri arasında iqtisadi-ticari əlaqələr intensivləşməkdədir. Müasir dünyada Azərbaycan-Türkiyə münasibətləri hər kəsə nümunədir. Bu da dövlət başçılarımızın apardığı uzaqgörən, müdrik siyasət, təmsil etdikləri ölkələrin maraqlarını beynəlxalq müstəvidə peşəkarcasına müdafiə etmələrinin təzahürüdür. Nəticələr isə göz qabağındadır. Hər iki qardaş ölkənin gücü dünya miqyasında etiraf olunur.

Son günlərin ən çox müzakirə olunan mövzularından biri də "Qardaş yumruğu" adı altında keçirilən Azərbaycan-Türkiyə birgə taktiki təlimləridir. Bakıda, eyni zamanda İranla sərhəddə yerləşən Astara, Cəbrayıl, İmişli rayonlarında keçirilən təlimlərdə çay üzərindən panton körpülərin atılması, düşmən hücumundan müdafiə və hücum məşqləri icra edildi və kifayət qədər uğurlu oldu. "Bu təlimlərin adı "Qardaş yumruğu"dur. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!". Bunu "Qardaş yumruğu" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev telefon zəngi ilə şəxsi heyəti təbrik edərkən bildirib. Şuşa Bəyannaməsi və digər hərbi sazişlərə uyğun olaraq keçirilən bu qardaşlıq və həmrəylik təlimləri İrana və Azərbaycanı təhdid edən digər ölkələrə bir mesajdır. Bu, eyni zamanda Qarabağdakı Rusiya sülhməramlılarına və onların arxasında gizlənən erməni separatçı və terrorçu dəstələrinə ciddi xəbərdarlıqdır. Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini NATO-nun dəstəkləməsi faktı da mövcuddur. Çünki dünya mətbuatındakı informasiyalara görə, ABŞ bu təlimlərə dəstək verməklə İranın son günlər Azərbaycana qarşı təhdidlərinə qarşı çıxdığını göstərir.

"Azərbaycanın istiqlaliyyətinə önəm veririk və bölgədə sülhün olması üçün çalışırıq". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Qeyd edib ki, Can Azərbaycan 30 il işğal altında qalan öz torpaqlarını, Qarabağı 44 gün davam edən Vətən müharibəsi ilə Ermənistandan təmizləyib. Biz də "iki dövlət, tək millət" anlayışı ilə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycan türkünün yanında olacağıq. Zəngəzur dəhlizinin açılması daxil, bütün haqlı savaşlarında yanında olmağa da davam edəcəyik".

Mustafa KAMAL,

"Respublika".