Azərbaycan və Rusiya Xalqlar Dostluğu Klubunun fəalları rusiyalı ekspertlərlə görüşüblər
Diaspora

Azərbaycan və Rusiya Xalqlar Dostluğu Klubunun fəalları rusiyalı ekspertlərlə görüşüblər

Cənubi Qafqaz bir ildir ki, yeni reallıqlar mühitində yaşayır və bu reallıqların regiona dayanıqlı sülh ilə bərabər, dinamik iqtisadi inkişaf gətirəcəyinə böyük inam var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər noyabrın 12-də Azərbaycan və Rusiya Xalqlar Dostluğu Klubu çərçivəsində klubun fəalları ilə Rusiya Federasiyasından gələn nümayəndələrin görüşündə səslənib.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko və Liberal-Demokrat Partiyasından (LDP) olan Dövlət Dumasının deputatı, parlamentin müdafiə və digər məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov və başqalarından ibarət nümayəndə heyətinin klub üzvləri ilə "Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətləri" mövzusunda apardıqları söhbətdə suallara geniş və əhatəli cavablar verilib.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində keçirilən görüşü Rusiyadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov açıb.

Qonaqlara ilk sual Azərbaycanda rus dilinə münasibət barədə olub. Sualı cavablandıran Aleksey Juravlyov deyib: "Mən Bakıda ilk dəfə keçən ilin fevralında oldum və demək olar, diqqətimi cəlb edən məsələ rast gəldiyim gənc və orta yaşlı insanlarla ilkin təmasda rus dilində danışması idi. Onlar o dərəcədə səlis danışırlar ki, bu, mənim üçün təəccüblü idi. Bu, həm də ona görə mənə təəccüblü gəldi ki, belə hallarla müxtəlif yerlərdə, dövlət təşkilatlarında və sosial obyektlərdə rastlaşırdıq. Bu, Azərbaycanda rus dilinə dövlət səviyyəsində yüksək münasibətin göstəricisidir".

Həmin sualı Rusiyanın Əməkdar həkimi, 2014-2019-cu illərdə Rusiya Federasiya Şurası sədrinin müavini Lyudmila Kozlova isə belə cavablandırıb: "Bakıda oxşar münasibəti hər yerdə və hər təmasımız zamanı görürük. Sevindirici hal odur ki, bu münasibət ancaq orta yaşlı və yaxud ahıl insanlarda deyil, gənc nəsildə də müşahidə edilir".

"Yeni reallıqlar şəraitində Azərbaycan-Rusiya münasibətlərini necə görürsünüz" sualına cavab verən Sergey Markov deyib ki, Rusiya bölgədə dayanıqlı sülhün bərqərar olmasında maraqlıdır. Bunun üçün rəsmi Moskva Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiya proseslərinin tezliklə başlanmasını və sona çatmasını vacib hesab edir. Politoloqun fikrincə, bu, iki dövlət arasında sülh müqaviləsinin imzalanmasını tezləşdirəcək, qarşılıqlı münasibətləri daha da intensivləşdirəcək: "Azərbaycan-Türkiyə, Azərbaycan-İran, Azərbaycan ərazisindən keçməklə Rusiya-Ermənistan arasında yolların açılmasını istəyirik və bu istiqamətdə işlər görülür".

Bundan əlavə, Rusiya ilə Azərbaycan arasında mədəniyyət, elm, neft-kimya sənayesi, energetika sahəsində əməkdaşlığın intensivləşməsinin zəruriliyini vurğulayan Sergey Markov bu sahələrdə yeni formatın işə düşməsinin zəruriliyini qeyd edib. "Dünyadakı enerji böhranı göstərir ki, Azərbaycan və Rusiya bu sahədə əməkdaşlığın yeni fazasına qədəm basmalıdır. Bir sözlə, iki ölkə arasında strateji əməkdaşlığa çağıran xeyli ortaq maraqlar var", - deyə o vurğulayıb.

Aleksey Juravlyov İkinci Dünya müharibəsindəki qələbədə Azərbaycanın böyük rolundan danışıb: "Bakı neftinin oynadığı rol heç nə ilə müqayisə oluna bilməz. Sovet Azərbaycanı, onun potensialı qazanılan qələbədə böyük amil idi. Biz Azərbaycanda İkinci Dünya müharibəsi qəhrəmanlarına, onların xatirəsinə, abidələrinə dərin hörmətin şahidi oluruq".

"Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko son illər faşizm və onun atributlarına münasibətin Ermənistanda kəskin hal aldığını qeyd edib: "Ermənistanda nasist cinayətkarların qəhrəmanlaşdırılması, onlara abidələrin qoyulması tendensiyasını müşahidə edirik. Bu baxımdan nasist cinayətkarlarından olan, sovet hərbi tribunalı tərəfindən barəsində ölüm hökmü verilən, ölüm hökmünün ləğv olunması səbəbindən güllələnməyən Qaregin Njdenin qəhrəman kimi təqdim edilməsinin şahidi olduq". Korotçenko Njdenin əsir düşən Qızıl Ordu əsgərlərinin güllələnməsində şəxsən iştirak etdiyini, sovet hökumətinin əleyhinə etnik ermənilərdən ibarət diversant dəstələr yaratdığını bildirib.

Baş redaktor Azərbaycanın işğal olunmuş ərazilərinin xaraba qoyulmasını, hər şeyin dağıldılmasını Ermənistanda faşizm meyillərinin nəticəsi kimi dəyərləndirib. "Bunlar, Ermənistanda faşizm atributlarının dirçəldilməsinə cəhdlərin, hərbi cinayətkarların qəhrəmanlaşdırılmasının nəticələridir. Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev böyük cəsarət, siyasi müdriklik və prinsipiallıq göstərərək belə hallara qarşı çıxan ilk siyasətçilərdən oldu. Biz Prezident İlham Əliyevlə həmrəyliyimizi bir daha bildirir və deyirik ki, Ermənistanda hərbi cinayətkarların qəhrəmanlaşdırılması İkinci Dünya müharibəsində həlak olan 27 milyon insanın xatirəsinə hörmətsizlikdir. Rusiya Prezidenti Vladimir Putin də bu məsələdə eyni mövqeyi nümayiş etdirib", - deyə o əlavə edib.

AZƏRTAC